---Videolara baxin---
18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir
Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik
minalanmış sahəni keçib, Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər
vəzabitini gözlənilməz birinci həmlədə məhv edib!
Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar
rayonunun Əliabad kəndində anadan olub. 2005-ci ildə şəhid M. Piriyev
adına Əliabad kənd orta məktəbində orta təhsilini başa vuran İbrahimov
həmin il həqiqi hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini Daxili
Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə
keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa
vurub.
Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında
yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Daha sonra
öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə
başlayıb. 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində
gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik
minalanmış sahəni keçib, Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər
və zabitini gözlənilməz birinci həmlədə məhv edib. Sonra isə düşmənin
öz silahlarını özünə qarşı istifadə edərək, 5 saat onlarla təkbətək
döyüşüb. Düşməni ağır itkilərə məruz qoyan Mübariz İbrahimov səhər
saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub.
Mübariz İbrahimov valideynlərinə yazdığı son məktubunda bu addımı
könüllü atdığını vurğulayıb: "Canım, atam və anam. Məndən sarı
darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin.
Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm.
Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin
üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o
mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu
sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən
sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin".
Azərbaycan Prezidenti Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim
oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra)
verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan
Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub
saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.
Prezidentin başqa bir sərəncamı əsasında Nazirlər Kabineti Biləsuvar
rayonunun orta məktəblərindən birinə və Biləsuvar rayonundakı küçələrdən
birinə Mübariz İbrahimovun adı verilməsini təmin edilib.
Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ
münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə
bəyanatına uyğun olaraq, eyni zamanda, Əsir və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq
təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqların nəticəsində,
Azərbaycanın Tərtər rayonu istiqamətində Ermənistan hərbçilərinin
hücumunu dəf edərkən 2010-cu il iyunun 18-dən 19-na keçən gecə şəhid
olmuş Mübariz İbrahimovun cənazəsi 6 noyabr 2010-cu il tarixdə qarşı
tərəfdən alınıb. Proses Əsir və itkin düşmüş, girov götürülmüş
vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi
əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi
ilə həyata keçirilib. Bir gün sonra, noyabrın 7-də şəhid qəhrəman İkinci
Fəxri xiyabanda dəfn olunub. (deyerler)