(Tebyan saytına istinadən)
İslami ayə və hədislərdə dostluq mövzusuna çox işarə edilmişdir.
Onların bir hissəsi insanın bu dünyadakı dostluğunun Qiyamətə
təsirindən bəhs edir. Bu hədislərdə deyilir: "İnsan hər nəyi sevirsə və
ona mehr göstərirsə, onunla məhşur olar. İstər ən sevimli və ya ən
müqəddəs xilqət olsun, yəni Əhli-beyt (ə) olsun, istərsə də dəyərsiz
daş-qaş olsun”.
İmam Əli (ə) buyurur: "Hər kim bizi sevərsə, Qiyamətdə bizimlə
olacaqdır. Əgər kimsə daşı sevərsə, şübhəsiz Allah onu həmin şeylə
məhşur edər”.
İnsanın sevdikləri ilə Qiyamət günü məhşur olmasının səbəbi odur ki,
insan sevdiyi şeyi öz hədəfi qərar verir. Bu hədəf nəticəsində insanın
ruhu ona çevrilir. Təbiidir ki, pak insanlara bəslənilən məhəbbət
insanın bütün varlığına təsir qoyur. İslam tarixində də bu mövzunun
nümunələrinə rast gəlmək olur. "Bir gün Peyğəmbərin (s) nökəri Suban o
Həzrətə (s) deyir: Ey Rəsulallah! Anam və atam sənə fəda olsun. Qiyamət
nə vaxt olacaqdır?” Peyğəmbər (s) buyurur: "Həmin gün üçün və səndən
sual edilən gün üçün nə hazırlığın vardır?” Deyir: "Ya Rəsulallah! Çox
sayda əməlim yoxdur. Ancaq Allahı və onun Peyğəmbərini (s) sevirəm”.
Həzrət (s) buyurur: "Sənin Allahın Rəsulu ilə dostluğun hansı
həddədir?” Deyir: "Səni haqq olaraq məbus edən Allaha and olsun ki,
sənin məhəbbətin mənim qəlbimdə o həddədir ki, əgər məni qılıncla
tikə-tikə etsələr, qayçı ilə xırda-xırda doğrasalar, odda yandırsalar,
dəyirman daşının altında əzsələr - mənim üçün daha asandır. Nəinki sizə
və ya Əhli-beytdən (ə) birinə və ya tərəfdaşlarınıza qarşı qəlbimdə
kin bəsləyəm. Sizdən sonra mənim yanımda Allahın ən sevimli bəndəsi o
kəsdir ki, sizinlə dostluqda başqalarından qabağa düşər. Həmçinin mənim
yanımda ən nifrət etdiyim kəs o kəsdir ki, sizi və ya sizin
tərəfdaşlarınızdan birini düşmən hesab edər. Bu mənim sizə olan
dostluğumun həddidir. Əgər məndən qəbul olunarsa, şübhəsiz
əməlisalehlərdən olaram. Əgər Allah bundan qeyri bir əməli istəyirsə,
elə bir əməli tanımıram ki, ona etiqad bəsləyəm”.
Həzrət Peyğəmbər (s) buyurur: "Sənə müjdə olsun! Şübhəsiz ki,
Qiyamət günü hər bir insan o kəslə bir yerdə olar ki, onu sevir. Ey
Suban! Əgər yerlə göy arası sənin günahınla dolu olarsa, bu dostluq
nəticəsində onlar məhv olar. Günəşin nur saçdığı saf daşın üzərində
nurun məhv olmasından da tez bir zamanda məhv olar”.
Şübhəsiz ki, bu hədis əməlsiz dostluğu nəzərdə tutmur. Çünki Quran
dəfələrlə behiştə girmək meyarının iman və saleh əməl olduğunu
vurğulayır. Subanın əməlsiz dostluq dedikdə məqsədi Allah dərgahında
layiqli bir əməlin olmaması idi.
Bir gün Peyğəmbər (s) Subanla qarşılaşır və görür ki, rəngi
qaçmışdır. Çox arıq və zəif olmuşdur. Ondan soruşur: "Suban! Niyə
rəngin dəyişib və bu qədər zəif olmusan?” Deyir: "Ey Allahın Rəsulu!
Heç bir dərdim və narahatlığım yoxdur. Ancaq o zaman ki, sizi
xatırlayıram, ruhumda bir tufan əmələ gəlir. Daxilimdə qaynayan bir
dalğa hiss edirəm. Gücüm əldən gedir. Təzəlikdə bir fikir məni narahat
edir. Mən fikirləşirəm ki, axirətdə səndən ayrı olacağam. Əgər belə
olarsa, mən sizdən ayrılmağıma nə edərəm? Fərz edək ki, behiştə də
getdim, mənim məqamım sizin məqamınızdan daha alçaq və aşağıdır. Əgər
behiştə getməsəm ki, məlumdur. Sizi heç bir zaman görməyəcəyəm. Bu
fikir mənə çox əziyyət verir”. Elə bu zaman bu ayə nazil olur:
"Allaha və Onun Peyğəmbərinə itaət edənlər (dünya və axirətdə) Allahın
nemət verdiyi kəslərlə – peyğəmbərlər, doğruçular, şəhidlər, əməllərə
şahid olanlar və saleh insanlarla – birlikdədirlər. Onlar gözəl
dostlardır”. ("Nisa” 69).
Sonra Peyğəmbər (s) buyurur: "Allaha and olsun ki, mən - canından,
ata-anasından, ailə və övladlarından və bütün insanlardan onun üçün
sevimli olmayınca, heç bir bəndə iman gətirməz”.
Əlbəttə Peyğəmbərə (s) bu sevgini təkcə Suban bəsləmirdi. İslam
tarixində çox sayda insanlar olmuşdur ki, Peyğəmbərə (s) bənzəməyə
çalışmışdılar. Onun kimi geyinmiş və onun geyindiyi paltarın rəngində
geyinmiş, ibadətdə və hətta yemək yeməkdə belə ona bənzəməyə
çalışmışdılar.
Ona görə də o kəslər ki, qəlblərində Peyğəmbərlə (s) olmağı arzu
edirlər, dilləri ilə bunu Allahdan istəyirlər, bilməlidirlər ki, bunun
tək yolu - o Həzrətlə (s) və onun pak Əhli-beyti (ə) ilə birlikdə
olmaqda və onu ardınca getməkdədir. Məhəbbət vadisindəki bu tellər əgər
möhkəmdirsə, həm bu dünyada və həm də axirətdə onlarla bir yerdə olar.
Əgər kimsə bu cür müqəddəs dostluq yerinə qəlbini dəyərsiz şeylərə
veribdirsə, Qiyamət günü çox təssüflənəcəkdir. Bir daha fayda verməyəcək
peşmançılıqla deyəcəkdir: «Vay olsun mənə! Kaş (mənim azmağıma səbəb
olan) filankəsi (özümə) dost tutmayaydım». ("Furqan” 28).
Hazırladı: Məşhədi Xanım,
/Deyerler.org/