İslamda, qadın ailənin əsasıdır. Ailənin ideal yaşayış tərzinə
çatması üçün xanımın rolu danılmazdır. Həzrət Ayətullah Behcətin xüsusi
şagirdlərindən olan Höccətül-İslam Təhriri ilə müsahibəmiz məhz bu
barədədir. - Cənab Təhriri, söhbətimizin əvvəlində xahiş edirik İslamda, qadının məqamı barədə məlumat verin.
Qurani-kərimin qadınlara xüsusi bir baxışı var və həqiqi kamillik əldə
etmək üçün onunla kişi arasında heç bir fərq qoymayıb. Bu da əsl İslam
və Əhli-beyt (ə) maarifidir. Həmçinin uca Allah da, Peyğəmbərimizə (s)
həzrət Zəhranı (s) verməklə, ona xüsusi lütf göstərmişdir. İslam
dini, qadına şəxsiyyət verərək insanın nəslini qız tərəfindən olmadığı
əqidədə olan cahilliyi rədd edir. Ola bilsin Peyğəmbərin (s) nəslinin
həzrət Zəhra (s) vasitəsilə davamının sirri bunda olsun. Başqa bir
məsələ də budur ki, Allah bütün insanları uca bir məqsədə çatmaq üçün
yaradıb. Bütün insanlar da o hədəfə çatmaqda bərabərdirlər və kişi ilə
qadın bu mənada eynidir. Başqa məxluqlarda olduğu kimi, insanın da cüt
olması və kişinin qadınla cinsi cəhətdən ayrılığı yalnız nəslin davamı
və artması üçündür. Allah kişiyə verdiyi ağılı eyni miqdarda qadına da
verib, amma xüsusiyyət və vəzifə nöqteyi-nəzərndən qadın, ülfətin
şiddətindən və hissiyyatların çoxluğundan faydalanır. Bu da onun üçün
nəinki nöqsan deyil, əksinə qadının kamillik yolunda istifadə etdiyi ən
yaxşı vasitələrdən biridir. Allahın qadın üçün qoyduğu zahiri
məhdudiyyətlər, yalnız onun kamilliyinə istiqamətlənib və onun bu
xüsusiyyətlərə uyğun vəzifələri də vardır. Bir qrup qadın
Peyğəmbərdən (s) soruşur ki, nə üçün kişilər cihadın fəzilətindən
faydalanırlar, amma qadınlar bundan məhrumdurlar? Həzrət (s) suala gorə
bu qadını tərifləyir və buyurur: "Bunun əvəzində başqa vəzifələr vardır,
əgər qadınlar onu yaxşı yerinə yetirsələr, həmin cihadın fəzilətinə
nail olarlar. Onlardan biri ərinə xidmət göstərməkdir. - Müsəlman bir qadının ailəyə və İslam cəmiyyətinə qarşı vəzifəsi nədir?
Qadın ailədə bir özüldür və ailənin fikri ixtilaflarının tənzim
olunması onun öhdəsindədir. Baxmayaraq ki, evin daxili vəzifələri bir
növ ona vacib deyil, amma ailə başçısının vəzifələri bu kiçik cəmiyyətin
idarəsidir və əgər düzgün yerinə yetirilməsə bu sistem dağılar.
Əgər deyilibsə "kişilər qadınlar üzərində ixtiyar sahibidirlər”, bu,
ailənin vahid mərkəzdən idarə olunmasından ötrüdür. Bu, kişinin zülm
etməsi mənasında deyil, əksinə, kişinin vəzifəsidir ki, düzgün
müdiriyyəti olsun və öz başçılığında şəriətin qoyduğu hədlərdən kənara
çıxmasın. Həmçinin qadının ehtiyaclarını təmin etmək də, onun
öhdəsindədir və bu elə yerinə yetirilməlidir ki, qadın həqarət hiss
etməsin. İslam dini, dünya həyatını və maddi yaşayış tərzini ideal
səviyyəyə çatdırmaq üçün bir müqəddimə qoyub. Əgər kişi qadına zülm
edərsə və ya qadın kişiyə nisbətən mehribansızlıq göstərərsə, hər ikisi
həqiqi kamilliyə çatmaqdan məhrum olarlar. - Qadın özünün və cəmiyyətin pak həyatına və mənəvi kamalına çatmaq üçün hansı üsullardan istifadə etməlidir?
Pak həyata çatmaq tədricidir. Müqəddəs İslam şəriəti hamının pak
həyat yolunda olmasından ötrü onlar üçün vacibləri və haramları təyin
etmişdir. Hər bir qadının pak həyat tərzinə çatmasından ötrü ilk növbədə
gərək bu göstərişlərə əməl etsin və ikinci mərhələdə özünü ən yaxşı
əxlaqla zinətləndirsin. - Hal-hazırda çoxlu işlər qadınlar tərəfindən görülür sizcə dində qadınların məşğuliyyəti barədə xüsusi bir göstəriş varmı?
İslam mədəniyyətində qadının evdən bayırda işləməsi xüsusi hallardan
başqa çox da geniş yayılmamışdır. Qadının evdən çöldə işləməsi qərbdən
gələn bir mədəniyyətdir və dinə diqqətsizlik nəticəsində inkişaf
etmişdir. İslam ailəni cəmiyyətin əsası bilir ki, onun nizam-intizama
düşməsi çox vaxt qadının evdə olmasıyla həyata keçir. Həmçinin İslam
dini ev daxilində qadının fəaliyyətinə və onun evdarlıq məsuliyyətinə
böyük dəyər verir. Amma qadın bekar olduğu zaman və evdən bayırda
məşğuliyyət axtardıqda ona qiymət və dəyər verilmir. Ümumiyyətlə qadın
məşğuliyyəti məsələsi, onun bekar olduğunu bildiyimiz zaman ortaya
çıxır. Qadının ən mühüm vəzifəsi düzgün övlad tərbiyə etmək və onun
yaxşı həyat yoldaşlığıdır ki, cihaddan üstün sayılıbdır. İmam Xomeyni
buyurub ki, kişi qadının ətəyindən meraca gedir. Yəni ailə üzvlərinin
səadəti, evdə qadının düzgün əməl etməsindədir. Qadının ən böyük işi
saleh övlad böyütmək, cəmiyyətə və İslama fayda verməkdir. - Məsumların buyurduqlarını hansı hallarda bugünkü cəmiyyətimizdə qadın məsələləri barəsində işlədə bilərik?
Gərək proqramlarda çox dəqiq olaq və İslamın əsl fikirlərini gundəlik
həyatımızla uyğunlaşdıraq. Bizim səyimiz, məsumların buyurduqlarını
gündəlik məsələlərimizdə düzgün icra etməyimiz olmalıdır. Əlbəttə, bu
işin alimanə olmasına ehtiyac vardır və kiçik məsələ deyil. Əziz
rəhbərimiz bu işin zəruriliyini dəfələrlə vurğulayıb və indi elmi
hövzələrin vəzifələridir ki, ciddi bir işə daxil olaraq geniş şəkildə
bu günün məsələlərinə aid alimanə bir nəzər versinlər. Allahın və dinin
göstərişlərində səhvə düşməməkdən ötrü, hövzəçilər səthi məsələləri
deyil, günümüzün dərin məsələlərini araşdırmalıdırlar. - Bizə vaxt ayırdığınız üçün minnətdarlığımızı bildiririk. Mən də sizə təşəkkür edirəm və inşallah İslama xidmət yolunda müvəffəq olasınız. Hazırladı: Rəsul Mahmudov
|