Günah
müxalifət mənasınadır. İslam dinində Allah-təalanın əmrinə zidd olan
əməllərə günah deyilir. Günah kiçik də olsa belə, Allahın fərmanı ilə
zidd olduğu üçün böyük sayılır. İslam Peyğəmbəri Həzrət Məhəmməd
(səlləllahu ələyhi və alihi və səlləm) Əbuzərə buyurur:
«Etdiyin günahın kiçik olmasına baxma; əksinə, kimin fərmanından boyun qaçırdığına bax.»
Quranda,
eləcə də Peyğəmbərimiz (s) və İmamlarımızın kəlamlarında müxtəlif
ibarələrlə günaha işarə olunub ki, onlardan hər biri günahın
ziyanlarının müəyyən bir cəhətini açıqlayır, onun neçə növ olmasını
bildirir. Quranda günah mənasında işlənən kəlmələr aşağıdakılardır:
«Zənb» - lüğətdə «ardıcıllıq» mənasınadır.
Dünya
və axirət əzabları insanın günaha mürtəkib olmasından sonra həmin
günahların ardınca göndərildiyinə görə günaha «zənb» deyilir. Bu kəlmə
Quranda 35 dəfə təkrar olunub.
2. «Məsiyət» -
Allahın əmrindən boyun qaçırmaq, üsyankarlıq etmək mənasınadır. Günah
insanın Allah-təalanın müəyyən etdiyi bəndəçilik həddindən çıxdığını
bildirir. Bu ifadə Quranda 33 dəfə gəlmişdir.
3. «İsm»
- süstlük etmək, geridə qalmaq və məhrum olmaq mənasında işlənir. Bu
kəlmənin günah mənasında işlənməsi onu göstərir ki, günahkar heç vaxt
özünü bacarıqlı hesab etməsin, əksinə o, geridə qalan bir şəxsdir. "İsm”
kəlməsi də Quranda 48 dəfə təkrar olunub.
4. «Səyyiə»
- Bu söz insana qəm-qüssə gətirən pis əməllərə deyilir. Ərəb dilində
"səyyiə” sözü xoşbəxtlik mənasını verən "həsənə” sözünün antonimidir. Bu
ifadə də Quranda 165 dəfə təkrar olunub. Qeyd etmək lazımdır ki, səyyiə
kökündən olub, pis mənasını daşıyan «suu» sözü də Quranda 44 dəfə
gəlmişdir.
5. «Cürm» - əslində meyvənin ağacdan ayrılmasına deyilir. Habelə, alçaq mənasını da daşıyır. Cərimə və cəraim sözləri də bu kökdən
ayrılmışdır. İnsanı öz hədəfindən, həqiqətdən, səadətdən və bir sözlə təkamüldən saxlayan əməllərə «cürm» deyilir.
6. «Haram»
- Qadağan olunmaq mənasını verir. Məsələn: Haram sözündən alınmış və
hacılara məxsus geyim növü olan «ehram» paltarı (insanın həcc və ümrə
əməllərini yerinə yetirən zaman geydiyi «ehram» paltarı) ona bir sıra
işləri qadağan edir. Eləcə də İslamda müharibənin qadağan olunduğu
aylara haram aylar deyilir. (Məsələn: Məhərrəm ayında müharibə etmək,
dinimizdə haram və qadağan işlərdən biridir. Allahın evinin özünəməxsus
ehtiramı olduğu üçün ona Məscidül-haram adı verilmişdir. Elə buna görə
də kafirlərin onun içinə daxil olması qadağandır. Bu ifadə Quranda 75
dəfə təkrar olunub.
7. «Xətiiə» -
Adətən, insanın ixtiyarsız halda mürtəkib olduğu günahlara deyilir.
Lakin bəzi vaxtlar, o cümlədən «Bəqərə» surəsinin 81-ci və "Əlhaqqə»
surəsinin 137-ci ayəsində olduğu kimi, bu kəlmə böyük günahlar mənasında
işlənmişdir. Əslində isə "xətiiə” sözü günah nəticəsində insanın
ruhunda yaranan elə vəziyyətdir ki, bu vəziyyət onu nicat yolundan
saxlayır, hidayət nurunu onun qəlbindən silir. Bu kəlməyə də Quranda 22
dəfə rast gəlirik.
8. «Fisq» -
əslində xurma dənəsinin qabıqdan çıxmasına deyilir. Bu kəlmənin günah
mənasında işlənməsi insanın günah edərkən Allaha bəndəçilik və itaətdən
xaric olmasına işarədir. Günahkar insan öz əməli ilə Allahın əmrini
pozur və Onun hörmətinə xələl gətirir. Bu kəlmə ilə Quranda 53 dəfə
günaha işarə olunmuşdur.
9. «Fəsad»-
İnsanın həyatda normal vəziyyətdən çıxmasına deyilir ki, insanın fitri
istedadlarının hədərə getməsi və məhv olması ilə nəticələnir. Fəsad sözü
Quranda 50 dəfə gəlmişdir.
10. «Fücur»-
İnsanın abır, həya və mənəviyyat pərdələrinin parçalanmasına deyilir
ki, bunun da nəticəsi rüsvayçılıqdan başqa bir şey deyildir. Bu söz
Quranda 6 dəfə təkrar olunub.
11. «Münkər» -
İnkar sözündən olub uyğunlaşmayan mənasını verir. İnsanda olan sağlam
ağıl və fitrətin pis işlərlə uyğun gəlməməsinə görə günaha münkər
deyilir. Adətən, bu söz «nəhy əz münkər» (başqalarını pis işlərdən
çəkindirmək) ünvanında işlənir. Quranda bu kəlmə ilə 16 dəfə rastlaşmaq
olar.
12. «Fahişə» - Pisliyində
heç kəs şübhə etməyən nalayiq sözlərə və pis əmələrə deyilir. Bəzi
vaxtlarda isə həddindən artıq pis və nifrət yaradan əməllər haqqında da
işlənir. Bu söz Quranda 24 dəfə təkrar olunub.
13. «Şərr»-
Adətən, insanların nifrət etdiyi və xoşlamadığı işlərə şərr deyilir.
Bunun əksi müqabilində xeyir sözüdür ki, bu da camaatın əksəriyyətinin
bəyənib əməl etdiyi işlərə deyilir. Həmçinin, insanların daxili hissləri
və fitri duyğuları ilə zidd olan günaha şərr deyilir. Bu kəlmə çox vaxt
insanın başına gələn bəlalar haqqında da işlənir. Lakin bəzi yerlərdə
günaha şərr deyilir. O cümlədən Qurani-kərimin «Zilzal» surəsinin 8-ci
ayəsində «şərrən» ifadəsi günah məqsədini bildirmək üçün işlədilmişdir.
14. «Ləməm» -
Günaha yaxınlaşmaq mənasınadır. Eləcə də «az» mənasını da daşıyır. Bu
səbəbdən də kiçik günahlara «ləməm» deyilir. Bu kəlmə Quranda təkcə bir
yerdə («Nəcm» surəsinin 32-ci ayəsində) gəlmişdir.
15. «Vizr»-
Ağırlıq mənasınadır. Vəzir hökumətin ağır işlərini öhdəsinə götürən
şəxsə deyilir. Günahkar insan öz günahları ilə, ağır bir yükü öz üzərinə
götürür. (Məlumdur ki, bəzi insanlar bunu öz təcrübələrində müşahidə
ediblər.) Lakin o, bu həqiqətdən qafildir! «Vizr» sözü Quranda 26 dəfə
gəlmişdir. Quranın bəzi ayələrində yenə də ağırlıq mənasını verən «siql»
sözü də günah mənasında işlənib. "Ənkəbut» surəsinin 13-cü ayəsi bu
nümunədən biridir.
16. «Hins» -
əslində batil və qəbahətli sayılan işlərə meyilli olmaq mənasını verir.
Lakin söz verdikdən sonra əməl etməməyə də "hins” deyilir. İnsanın dinə,
öz sözünə əməl etməməsi, əhdinə vəfasız çıxması böyük günahlardan
sayılır. Bu kəlmə Quranda iki dəfə gəlmişdir.
Saydığımız bu 16
ifadənin hər biri günahın zərərli təsirlərindən yalnız müəyyən bir
hissəsini açıqlayır və insanları bu işlərdən uzaqlaşmağa çağırır.