Bu gün Şərqdə ilk demokratik
respublikanın qurulmasından 94 il ötür. Azərbaycan Xalq Cümhuriyyətinin
(AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin
binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli
Şurası tərəfindən bəyan edilib.
Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:
1.
Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi,
Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil
bir dövlətdir;
2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir;
3.
Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu
millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir;
4.
Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən,
silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan
bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir;
5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır;
6.
Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın
seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti
Hökumət durur.
M. Ə. Rəsulzadə Azərbaycanın müstəqilliyinə dair
Batumda Osmanlı İmperiyası ilə danışıqlar apardığından, İstiqlal
Bəyannaməsinin elan olunduğu iclasa Azərbaycan Milli Şurasının sədr
müavini Həsən bəy Ağayev sədrlik edib. Mustafa Mahmudovun katib olduğu
iclasa Fətəli Xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli,
Mirhidayət Seyidov, Heybətqulu Məmmədbəyov, Nəriman bəy Nərimanbəyli
(bolşevik Nəriman Nərimanov deyil - red.), Mehdi bəy Hacınski, Ələsgər
bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultanməcid Qənizadə, Əkbər Ağa
Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat
bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin
bəy Köçərli, Cəmo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy
Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və
Hacı Molla Səlim Axundzadə qatılıblar.
AXC elan olunarkən ərazisi
99908,86 km² olub, 13983,1 km² ərazi isə mübahisəli kimi qəbul olunaraq
Ermənistanla aparılacaq gələcək danışıqlar prosesində həlli nəzərdə
tutulub.
Azərbaycan Milli Şurasının həmin iclasında bitərəf
Fətəli Xan Xoyskinin rəhbərliyi ilə AXC-nin ilk müvəqqəti hökumətinin
tərkibini də təsdiqlənib. İlk hökumətin tərkibi belə idi:
Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri və daxili işlər naziri Xosrov Paşa bəy Sultanov - hərbi nazir Məmmədhəsən Hacınski - xarici işlər naziri Nəsib bəy Yusifbəylı - maliyyə naziri və xalq maarif naziri Xəlil bəy Xasməmmədov - ədliyyə naziri Məmmədyusif Cəfərov - ticarət və sənaye naziri Əkbər Ağa Şeyxülislamov - əkinçilik naziri və əmək naziri Xudadat bəy Məlik-Aslanov - yollar naziri və poçt-teleqraf naziri Camo bəy Hacınski - dövlət nəzarətçisi.
AXC
elan olunarkən Bakı Stepan Şaumyanın başçılığı altında bolşevik-daşnak
birləşmələrinin nəzarəti altında olduğundan, Azərbaycan hökuməti
müvəqqəti olaraq Gəncə şəhərində fəaliyyət göstərib. 1918-ci il
sentyabrın 15-də ağır döyüşlərdən sonra AXC milli ordusunun və Nuru
Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun hissələri Bakını
bolşevik-daşnak və ingilis hərbi dəstələrindən azad edib. Bundan sonra
Azərbaycan hökuməti Bakıya köçüb.
1918-ci il dekabrın 7-də saat
13:00-da Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında (hazırda
AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina)
Azərbaycan parlamentinin təntənəli açılışı olub. Parlamentin açılışında
Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə geniş təbrik nitqi
söyləyib.
"Müsavat” fraksiyasının təklifi ilə Əlimərdan bəy
Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini
seçilib. Ə.Topçubaşov Paris sülh konfransında olduğundan parlamentə H.
Ağayev rəhbərlik edib. Parlamentin ilk iclasındaca F.X.Xoyski
hökumətinin istefası qəbul edilib və yeni hökumətin təşkil olunması
qərara alınıb. Yeni hökumətin təşkili yenidən F.X.Xoyskiyə tapşırılıb.
AXC-nin
mövcud olduğu dövrdə parlamentin ümumilikdə 155 iclası keçirilib. Bunun
10-u Azərbaycan Milli Şurasının (27 may - 19 noyabr 1918-ci il), 145-i
isə Azərbaycan parlamentinin fəaliyyət göstərdiyi dövrə (7 dekabr
1918-ci il - 27 aprel 1920-ci il) aiddir.
Parlamentin
müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan 230-a yaxını
qəbul olunub. Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq
olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak
edib. Parlamentdə 11 komissiya olub.
AXC qısa ömründə böyük
nailiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və
qadın-kişi bərabərliyini təmin edən cümhuriyyət, milli ordu quruculuğu,
milli valyutanın buraxılması, milli bankın yaradılması, demokratikləşmə,
azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən
Azərbaycan istiqlalının rəsmən tanınması, Azərbaycanın bütövlüyünün
təmin olunması, iqtisadi islahatların aparılması və digər sahələrdə
böyük işlər görüb. Təəssüf ki, cəmi 23 ay yaşayan AXC 1920-ci il aprelin
28-də bolşevik işğalı nəticəsində devrilib.
Qeyd edək ki, AXC-nin müstəqilliyi ilk olaraq 1918-ci il iyunun 4-də Osmanlı İmperiyası tərəfindən rəsmən tanınıb. APA
Bütün hüquqlar qorunur.
Veb-saytın materiallarından istifadə zamanı "Dəyərlər" AİN-ə istinad (www.deyerler.org) zəruridir
|