Zeynəb (ə) adı məhz onun fədakarlığı hesabına həmişə gözəl, müqəddəs və əbədidir!
Onlar hər növ eyib və nöqsandan uzaq olan beş müqəddəs nurlar, vəhy
xanədanı və vilayət ailəsidirlər – Peyğəmbər (s), Əli (ə), Fatimə (ə),
Həsən (ə), və Hüseyn (ə). Belə bir ailədə bir qız uşağı dünyaya gəldi.
Əzəmətli vilayət bağçasına mənsub olan bu çiçək, sonralar özünün Allah
yolunda sədaqət və vəfası, şücaət və fədakarlığı, iman və təqvası, iffət
və səbri, dözüm və mübarizəsi ilə bütün Allah yolçuları və xüsusilə,
özünün Əhli-beyt (ə) davamçısı hesab edən qadınlar üçün ülgü və nümunə
olacaqdı. Zeynəb (ə) atanın zinəti deməkdir. Allah tərəfindən belə
adlanan bu qız öz vəzifəsini yerinə yetirməklə tarixin zinəti və
ailəsinin fəxri oldu. Odur ki, Zeynəb (ə) adı məhz onun fədakarlığı
hesabına həmişə gözəl, müqəddəs və əbədidir.
Həzrət
Zeynəb (ə) beş ilə qədər Peyğəmbərlə (s) bir zamanda yaşamışdır. Bu
müddət onun Peyğəmbər (s) səhabələrindən hesab olunmasına kifayətdir və
bu da bu barədə yazılmış kitablarda qeyd olunmuşdur. Bu beş il fürsət
idi ki, Həzrət Zeynəb (ə) Peyğəmbərin (s) mübarək vücudundan səbr və
dözüm hədisini yazsın.
Zeynəb (ə), onu gözləyən qəmli
macəraları uşaq vaxtında yuxuda görüb babası Peyğəmbərə (s) söyləyir.
Peyğəmbər (s) onu gözləyən bu hadisələri təbir edir ki, Əlinin (ə)
yetişdirməsi və Zəhranın (ə) qucağında böyümüş olan bu qız özünü həmin
hadisələrlə görüşə hazır etsin. Bu yuxunu tarixdə belə oxuyuruq:
Peyğəmbərin (s) vəfatı yaxınlaşırdı. Bir gün Zeynəb (ə) onun yanına
gəlib uşaqlara məxsus şirin dillə dedi: «Ey Peyğəmbər (s), bu gecə
yuxuda gördüm ki, şiddətli bir külək əsib bütün dünyanı zülmətə qərq
etdi. Mən küləyin şiddətindən o tərəf-bu tərəfə düşürdüm. Axırda məcbur
qalıb böyük bir ağacdan yapışdım. Amma külək onu da yerindən qopardı.
Mən ikinci dəfə onun bir budağından tutdum, amma o da davam gətirmədi.
Üçüncü dəfə onun başqa bir budağından yapışdım, lakin külək onu da
sındırdı. Sonra bir-birinə yapışmış iki budağa üz tutdum ki, birdən
onlar da sındı və mən yuxudan ayıldım.» Peyğəmbər (s) Zeynəbin (ə)
yuxusunu eşidəndən sonra ağlayıb buyurdu: «Sənin ilk yapışdığın ağac
babandır ki, tezliklə dünyadan gedəcək. Sonrakı iki budaq da ata və
anandır ki, onlar da dünyadan gedəcəklər. Bir-birinə yapışmış iki budaq
isə qardaşların Həsən (ə) və Hüseyndir (ə) ki, onların müsibətində dünya
zülmətə qərq olacaqdır.» Çox keçmədi ki, Zeynəbin (ə) yuxusu çin çıxdı
və istəkli babasının vəfatı ilə o, ilk pənahını əldən verdi. Bu, onun
lətif və riqqətli qəlbini incidən ilk müsibət və sanki bir başlanğıc
idi. Həzrəti Fatimə (s) atasından bir müddət sonra dünyasını dəyişdi.
Buna əsasən, Zeynəb (ə) Zəhra (ə) kimi bir ananın məhəbbətindən yalnız
bir neçə il bəhrələndi. Zeynəb (ə) bütün bu vaxt ərzində anasının
yanında olmuşdur. O, babasının müsibətli vəfat səhnələrini, anasının
qəm-qüssələrini və düşmənlərin Əhli-beyt (ə) haqqında olan cinayətlərini
görürdü. Bu mənfi hallar onun kiçik qəlbini incidir, o isə səbr edib
dözür və sanki daha böyük müsibətlərə hazırlaşırdı.
İllər
ötür, hər bir dəyəri diqqətində tutan Zeynəb (ə) izdivac ərəfəsində də
vəzifəsini unutmur və ailə qurmaq üçün imam Hüseynlə (ə) birgə olmağı
şərt kəsir. Əli (ə) qızına elçi göndərən və Əhli-beyt (ə) dostlarından
olan Əbdüllah ibni Cəfər sözsüz ki, bu şərti qəbul edir və nəhayət
Zeynəbi-Kübranın (ə) əri olmaq şərəfinə nail olur. Əbdüllah Cəfərin
övladlarındandır. Cəfər isə Əbu Talibin oğlu, Əlinin (ə) qardaşı, Mutə
döyüşünün fədaisi və İslamın böyük şəhidlərindəndir.
Həzrət
Əlinin (ə) şəhadətində Zeynəbin (ə) təqribən 35 yaşı var idi. O,
şübhəsiz atasının həyat tərzindən, əxlaqi və siyasi görüşlərindən
bəhrələnmişdi. Onun atası ilə bağlı çoxlu xatirələri var idi. Bu acı və
şirin xatirələr onun bir şəxsiyyət kimi formalaşmasında öz dərin
təsirini buraxmışdı. Hicrətin 40-cı ili Ramazan ayının 19-cu gecəsi
müdhiş bir səda Kufə şəhərinin bütün fəzasının bürüdü: «Ədalət və düzlük
imamı Əli (ə) ibadət mehrabında qətlə yetirilmişdir.» Kufə şiələri
nigaran halda özlərini imama çatdırıb halını bilmək istəyirdilər. Zeynəb
(ə) isə, o həzrətin başqa övladları kimi atasının yanında idi. Əlinin
(ə) şəhadəti və onun kimi bir atadan ayrılmaq Zeynəbə (ə) çox ağırdır.
O, babası Peyğəmbərin (s) ölümü və anası Fatimənin (ə) şəhadətindən
sonra atasına daha çox bağlanmışdı. Belə bir atanın sayəsi onun qəlbinə
sükunət və sərinlik gətirirdi. Amma, indi o, bu ocaqdan da məhrum olub
öz dərdləri üstünə bir dərd də əlavə etməliydi.
İmam Həsənin
(ə) imamət dövründə xalqın vəziyyətini təsəvvür etmək üçün Əlinin (ə)
Kufə əhli barəsində fikirlərinə diqqət etmək kifayətdir. Çünki, ondan
qabaq bu xalqın rəhbər və hakimi o Həzrət (ə) olmuşdur. Bu xalq Əlinin
(ə) təbiri ilə desək ağıl və şüur cəhətdən uşaq kimi, vəfasızlıqda elə
bir səviyyədədirlər ki, həzrət özü «kaş onları görməyəydim» deyə arzu
edir. Zeynəb (ə) qardaşı Müctəbanın (ə) imaməti dövründə də atasının
məzlumiyyəti günlərində olduğu kimi xalqın vəfasızlığı, düşmənlərin
hiyləsi, Müaviyənin dəqiq və geniş təbliğatı və nəhayət qardaşının
məzlumiyyət və tənhalığından başqa bir şey görmədi. O, öz zaman mühitini
yaxşı tanıyır və bilirdi ki, zalım əleyhinə qiyam etmək məsum imam
ünvanında kamil insan və saleh bir bəndənin rəhbərliyi ilə yanaşı,
vəfalı və müti bir xalqa da möhtacdır. Zeynəb (ə) bu müddətdə özünü
qardaşı imam Həsənin (ə) bütün dərdlərinə şərik bilir, zəhərlənərkən
necə ciyər qanı içdiyinin şahidi olur, onun məzlumanə şəhadətini,
cənazəsinin oxlanaraq təhqir olunmasını öz gözü ilə görürdü. Nə qəmli
yaşlar axdı gözündən və nə dağlar çəkildi onun dağlı qəlbinə!!!
Həzrət Zeynəb (ə) həyatının ən mühüm və əzəmətli dövrü imam Hüseynin
(ə) dövrünə, eşq və şəhadət karvanı ilə yoldaşlıq etdiyi zamana təsadüf
edir. Həzrət Zeynəbin (ə) təvəllüddən imam Hüseynin (ə) hərəkatına
qədərki həyatının tarixdə qeyd olunmasına baxmayaraq, bu dövrə aid olan
bəzi nöqtələr qaranlıq qalmışdır. Lakin onun həyatının son illəri, yəni
imam Hüseynlə (ə) birgə mübarizədən sonrakı dövr aydın surətdə qeyd
olunmuş, özünə məxsus əzəmət və cəlalı ilə nəzərə çarpmışdır.
Zeynəb (ə) Mədinədən Kərbəlaya qədər imam Hüseynin (ə) yanında olmuşdur.
O, bu səfəri öz izdivacından qabaq duymuş və öz nikahında imam Hüseynlə
(ə) birgə olmağı şərt etmişdi. İndi isə, bu şərtdən istifadə etməyin
vaxtı çatmışdı.
Yaşı 50-ni ötmüş, oğul-uşaq, ailə sahibi olmuş
bir qadın üçün belə bir qəm karvanını müşayiət etmək, ruhi və cismi
çətinliklər, ağır təhlükələrlə rastlaşmaq nə qədər çətin olsa da,
zamanın imamına və Hüseyn (ə) kimi əziz qardaşına olan sonsuz eşq və
dərin məhəbbət bütün bunları həzrəti Zeynəbə (ə) olduqca asan etmişdi.
O, bilirdi ki, Hüseyn (ə) Allahın höccəti, Peyğəmbər (s) canişini, onun
və zamanın bütün insanlarının imamıdır. Zeynəb (ə) karvan
böyüklərindəndir və onun idarə olunmasında mühüm məsuliyyəti var. O,
bütün hərəkət və qəmli səhnələrdə özünəməxsus vüqar və əzəməti ilə
iştirak edir.
İmamın karvanı Mədinədən çıxandan 5 ay sonra –
61-ci ilin Məhərrəm ayının ikisində Kərbəlaya daxil oldu. Zeynəb (ə)
Kərbəlaya daxil olur. O, bilir ki, bura onun qardaşı ilə olacağı son
mənzildir. Elə o səbəbdən də, imamın şəhadətinə qədər ondan bir an da
ayrılmır. Aşura gecəsi son gecədir ki, İmamın (ə) mübarək vücudu
Əhli-beyt (ə) xeymələrinə nur saçır. O gecə hamı öz ilahi vəzifəsi ilə
məşğul idi. Bir hərəkat rəhbəri kimi, imam Hüseynin (ə) məsuliyyəti
hamıdan ağırdır. Ondan sonra isə, həzrət Zeynəb (ə) İmamın (ə) vəfalı
bacısı bu ağır və məsuliyyətli vəzifəni öhdəsinə götürmüşdür. Tarix
göstərir ki, Zeynəb (ə) zəmanə imamının göstəriş və tövsiyələrinə sözsüz
əməl edirdi. İmamın (ə) məsləhətləri onun lətif və möhkəm ruhunda elə
ciddi təsir buraxdı ki, nəinki təkcə heç bir müsibət qarşısında sarsılıb
şikayət etmədi, hətta dağ kimi, dağdan da möhkəm müqavimətlə mübarizəni
davam etdirdi. Baxmayaraq ki, onun dağlı sinəsinə oturan hər təzə dərd,
müsibətlərinə əlavə olan hər yeni müsibət güc və taqətini əlindən
alırdı, lakin Zeynəb (ə) var qüvvəsi ilə çalışırdı ki, bu müsibətlər onu
əldən salmasın, bu saysız-hesabsız dərd-bəlalar onu mühüm vəzifəsinin
icrasından saxlamasın. Hüseyn (ə) şəhadətə çatdı.
İndi imamət,
qardaşının yadigarı imam Səccad (ə)-a çatmışdır. Hüseyn (ə) hərəminin
qadın və uşaqlarının başçısı olan Zeynəb (ə), heyrətamiz tədbir və
müdriyyətlə bütün səhnələrdə hazırdır. Həzrət Səccad (ə) onun imamıdır.
Zeynəb, o İmamın (ə) icazəsi olmadan bir iş görmür. İndi onun
məsuliyyəti əvvəlkindən daha ağırdır. O, həm də İmamın (ə) canını
qoruyur və onun üçün bundan mühüm bir iş yoxdur. Tarixə əsasən,
Zeynəbi-Kubra (ə) ən azı üç yerdə imam Səccad (ə)-ın canını xilas etmək
üçün çalışıb, canfəşanlıq etmişdir.
Xanım Zeynəbin (ə) Yezidin
sarayında və İmam Səccadın (ə) Şam məscidindəki təsirli və ifşa edici
çıxışları Müaviyənin Əhli-beyt (ə) əleyhinə olan 40 illik zəhərli
təbliğatına son qoydu. Bəni Üməyyənin cinayət və azğınlıqları ifşa
edildi.Onların çirkinlikləri aşkar olundu. Şam camaatı özlərinə gəlib,
uzun illər islam və Peyğəmbərin (s) canişini adı ilə onlara hakimlik
edən Müaviyə və Yezidin qan içənbir vəzifəpərəst olduqlarını başa
düşdülər. Bu səbəbdən Yezid Əhli-beytin (ə) Şamda qalmağını özünə və
hökumətinə məsləhət görməyib, karvanı ilk fürsətdə Mədinəyə göndərməyi
qərara aldı. Karvanı onunla birgə Mədinəyə göndərmək üçün, Peyğəmbər (s)
səhabələrindən olan Nöman ibni Bəşiri yanına çağırdı. Nöman səfər
boyunca Allahın Peyğəmbərinin (s) xanədanı ilə mehriban davranır və
imkan qədərincə onların istəklərini yerinə yetirirdi. Mədinəyə daxil
olduqdan sonra əzəmətli Zeynəb (ə) günəşinin şüası bir ildən artıq davam
gətirmədi. Həmin Hüseynsiz (ə) bir illik həyat Zeynəb (ə) üçün çətin
oldu. Həmin Zeynəb (ə) ki, uşaqlığından cavanlığa və cavanlıqdan imam
Hüseynin (ə) şəhadətinə qədər olan ömrünü onunla idi və ona məhəbbət
bəsləyirdi. Əgər xanım Zeynəbin (ə) uca məqamlı səbr və təslimi
olmasaydı, kifayət idi ki, imam Hüseyndən (ə) sonra Kərbəla və Aşura
xatirələrinin hər birini xatırlayıb təzələməklə can tapşırıb, dünya
yaşayışı ilə vidalaşaydı.
islamazeri.az
|