(I hissə)
QIZLARIMIZ ŞEYTANIN GƏLİNİNİN GƏLİNİ OLUR: BU NƏ DEMƏKDİR?..
"ALLAHIN MÜƏYYƏN ETDİYİ HÜDUDLARI AŞAN KİMSƏ ÖZÜNƏ ZÜLM ETMİŞ OLAR...”
(QURANİ-KƏRİM, ƏT-TALAQ, 1)
... Müasir Avropa üslubunda - boynu, sinəsi, çiyinləri, kürəyi
qurşağa qədər açıq Azərbaycan(?!) gəlini ortalıqda rəqs edir. Yüzlərlə
yad insan nəzəri, o cümlədən sərxoş, nəşəli, şəhvətli kişi baxışları bu
bakirə(!) qızın gözlərində, yanaqlarında, dodaqlarında, buxağında,
boynunda, sinəsində, çiyinlərində, qoltuğunda, kürəyində gəzir... Bəlkə
də bəy xaricdə işləyirmiş, vətənə gələn kimi ata-anası zorla
evləndirirlər, gələcək xanımını birinci dəfədir ki, yaxından görür.
Ancaq yüzlərlə yad kişi ondan əvvəl gəlinin yarıçılpaq bədəninin zərif
yerləri ilə tanış olur... Üç-dörd gün sonra toyda iştirak etmiş bir
tanışı istehza ilə bəyə desə ki, sənin arvadını yaxşı tanıyıram, filan
yerində xalı var, bu, ona necə təsir edər? Düşüncəli insan, kişi üçün
bundan betər şərəfsizlik, biabırçlıq nə ola bilər?..
Bu günkü toylarımızın Allaha zidliyi, antimilliliyi, haramlığı
bununla bitmir... Sərxoş tamada ağzı sulana-sulana şəhvətli baxışlarla
ətrafdakı qız –gəlinləri süzüb dili topuq çala-çala deyir:”Qaldırın
badələri bəyimizlə gəlinimizin sağlığına! Allah xoşbəxt eləsin!”
Sığallı, tumarlı, saçı boyalı müasir Azərbaycan(?!) bəyi və
yarıçılpaq gəlin – gələcək Azərbaycan anası(?!) badələri toqquşdurub
içirlər...
Və yaxud müasir(?!) kiçik toyu –sünnəti təsəvvürünüzə gətirin:
İçib-dəmlənmiş toy aparıcısı kiçik bəyin zorla ayaqda duran atasını
qucaqlayaraq araq dolu qədəhi başı üzərinə qaldırıb təntənə ilə elan
edir: "... Bu gün daha bir Azərbaycan övladı müsəlman(?!) olur! Gəlin
hamımız(!) onun sağlığına içək!..”
Yer üzündəki hər bir insana Ulu Yaradan tərəfindən haram buyrulmuş
içki və nemətlərlə yeni bir müsəlman(?!) ailəsinin bünövrəsinin
qoyulmasını və ya bir oğlan uşağının müsəlman olmasını qeyd etmək hansı
insanlığa, hansı müsəlmanlığa, hansı məntiqə sığır?..
Təki həmişə ellərimizdən, evlərimizdən toy, şənlik sədaları ucalsın!
Qoy həmişə xeyir iş olsun! Ancaq nə qədər təzadlı, paradoksal olsa da,
xüsusilə, son 70-80 ildəki və ələlxüsus, ötən 10-15 ildəki
toylarımızın bir sıra fərdi və milli faciələrimizn bünövrəsini qoyması
acı bir həqiqətdir... Başlığı oxuyanda çoxları düşünəcək ki, yəqin
söhbət son illər toylarda, yaxud toylardan sonra baş verən kütləvi
zəhərlənmələrin, avtomobil qəzalrının, ölümlərin sayının artmasından
gedir. Bunlar hələ "yaxınmənzilli” xırda faciələrdir. Bu yazım
toylarımızda ailələrimizin, nəsillərimizin, millətimizin, xalqımızın,
Vətənimizin, bəşəriyyətin gələcəyinə qoyduğumuz onillik, yüzillik
"gecpartlayan minalardan” bəhs edir... Söhbət o faciələrdən gedir ki,
onların ön ucu bu dünyada, son ucu Axirətdədir... Nə yazıq ki,
insanların çoxu ya Axirətə inanmır, ya da şübhə ilə yanaşır. Ona görə də
toylarımızın bu dünyada səbəb olduğu faciələrdən başlayıram...
Axırıncı 10-15 ildə ana bətnində, ya doğuş zamanı, ya da bir neçə
aylığında uşaq ölümlərinin sayı artır, bir, yaxud iki əzası şikəst,
çəpgöz, ürəyi, böyrəyi qüsurlu, kəllə daxili təzyiqlə, qanında mikrobla.
şəkərlə doğulan körpələrin sayı gündən-günə çoxalır. Niyə? Səbəb
nədir? Tibb alimləri, həkimlər çoxsaylı sosial, psixoloji,
tibbi-ginekoloji səbəblər sadalayırlar. Bunlar da həqiqətdir və çoxu
bilavasitə toy günü, zifaf gecəsi ilə əlaqədardır. Ancaq əsl səbəblər
əksəriyyətin diqqətindən kənarda qalan mənəvi-ruhi aləmdə gizlənir.
Bunlar Yaradan – Allah-təala qarşısında etdiyimiz çoxsaylı günah və
xətalarımızdır. Bunu Allah Öz Kitabında da təsdiqləyir: "Sizə üz verən
hər bir müsibət öz əllərinizlə qazandığınız günahlarınız ucbatındandır”
(Qurani-Kərim, Əş-Şüəra surəsi, 30-cu ayə).
Müasir dövrümüzdə Allah qanunları ikinci dərəcəli hesab olunan
ölkələrdə, o cümlədən Azərbaycanda həmin günah və xətaların xeyli
hissəsi də məhz toy-nişan, kiçik toy məclislərində baş verir. Xeyir
məclislərimizdə, onlara hazırlıq zamanı və sonra müşahidə etdiyim
günah və xətaları sadalayıb, izahatlarını verməyə çalışacağam. Kim hansı
fikrimlə razı deyilsə, buyursun...
Birincisi, əksər ata-analar övladlarına ömür-gün yoldaşı seçərkən
Qurani-Kərimdə, hədislərdə göstərilən halallıq qaydalarına əməl etmir,
var-dövlətə, zahiri tərbiyə və gözəlliyə, ali savada, yaxşı
vəzifəyə-filana və s. üstünlük verirlər...
Peyğəmbərimiz buyurur: "Ey kişilər! Özünüzü zibillikdə göyərənlərdən
qoruyun, onlardan uzaq olun!” Soruşurlar: "Ya Rəsulallah! Zibillikdə
göyərənlər nədir?” Həzrət buyurur: " O gözəl qızdır ki, ailədə pis
tərbiyə alıb”... Başqa bir hədisində Rəsuli-Xuda tövsiyə edir: " Hər kəs
sizin qapınıza qız almağa gəlsə, əgər onun əxlaqını və dinini
bəyənsəniz(!), o zaman ona qız verin. Yox, belə olmazsa, yer üzünü
fitnə-fəsad bürüyər”...
Ən ciddi məsələlərdən biri gələcək kürəkənin haram içkilərdən uzaq
olmasıdır. Təəssüf ki, məmləkətimizdə kişilərin böyük bir qismi
şərabxordur. İmam Sadiqin(ə) Rəsulallahdan nəql etdiyi bir neçə hədisdə
belə buyurulur:
"Hər kəs şərabı Allah-təalanın mənim dilimlə haram etməsindən sonra
içərsə, layiq deyildir ki, sizə elçiliyə gələrkən ona qız verəsiniz”...
****
"Hər kəs öz qızını şərab içənə ərə verərsə, o öz qızını zina etmək üçün evdən çıxaran şəxsə bənzəyir”...
****
"Hər kəs öz qızını şərab içənə ərə versə, onunla qohumluq əlaqələrini kəsmişdir”...
İkincisi, toy-nişan mərasimləri üçün xərclənən pulların haram-halallığına diqqət edilmir. Rüşvət, qumar, spirtli içki, narkotik
satışı , oğurluq, eləcə də sələmə borc verməklə və ya götürməklə
əldə edilən gəlirlə toy, xeyir iş keçirmək haramdır. Və bunun fəsadları
həm bu, həm də o biri dünyada özünü göstərməlidir...
Üçüncüsü, xüsusən əyalətlərimizdə çox əndrəbadi bir adət var: toydan
bir gün qabaq "ciyər axşamı” deyilən bir mərasim keçirilir;
iştirakçılar: yaxın qohum-əqrəba, qonum-qonşu haram içkilərlə bəy və
gəlinə "xeyir-dua”, "halallıq” verirlər... Üstəlik, cavanlar həmin
gecəni yatmayıb səhərədək yenə də şərab içə-içə qumar oynayırlar... Çox
vaxt da bu möhtəşəm "ciyər axşamı” içməkdən ciyəri yananların davası
ilə başa çatır...
Allah-təala Qurani-Kərimdə spirtli içkilərlə bərabər qumarın da haram
olmasını açıqca bildirir:”Ey iman gətirənlər! Şərab, qumar, bütlər, fal
və şans oxları şeytan işlərindən və pisliklərdən biridir; bunlardan uzaq
durun ki, bəlkə səadətə çatasınız. Şeytan içki və qumar yoluyla
aranızda düşmənçilik və kin törətmək, sizi Allahı anmaqdan və namazdan
uzaqlaşdırmaq istər. Artıq bu işlərə son qoyacaqsınızmı?”(Maidə,
90-91)..
Dördüncüsü, xeyir məclislərimizdə masaların üzərini cürbəcür haram
içkilər – araq, çaxır, viski, konyak, pivə və s. "bəzəyir”. Əksəriyyət
də doyunca həmin içkilərdən qəbul edib toy yiyəsindən "razı gedir”...
Və bəylə gəlin də şampan içirlər, hətta bəzən bəy "kişilənə-kişilənə”
dostları ilə bir yüz-yüz də araq vurur... Bayaq qeyd etdiyim kimi,
tamadanın "yüksək səviyyədə” təşkilatçılığı ilə yeni ailə cütlüyünün
bütün doğma və əzizləri, dost-tanışları onların sağlığına(!) içir,
"xeyir-dua” verirlər. Təbii ki, bu cür məclisdə Allahın,
Peyğəmbərin(ə.s) adı dəfələrlə çəkilsə də, faydası olmaz. Yəni Yaradan
həmin məclisdən və onu təşkil edənlərdən əsla razı qalmaz...
İmam Cəfər Sadiqin (ə.s.) rəvayət etdiyinə görə, Rəsuli-Əkrəm
buyurmuşdur: " Bir dəstə camaat bir məclisdə toplaşarkən, Allahı zikr
etməzsə və Mənə salavat göndərməzsə, həmin məclis onlar üçün bir həsrət,
intizar olacaq və faciəvi sonluq gətirəcəkdir”...
Bəziləri iddia edir ki, ətrafdakılar içir-içsin, bəy və gəlin özləri
spirtli içki qəbul etmirsə, onlara bunun heç bir zərəri yoxdur. Bəlkə
kimlərsə gələcək ata-anaların zifaf gecəsindən öncə spirtli içkilər
qəbul etməsinə haqq qazandırmaq və həmin içkilərin onların övladlarının
ruhi-psixoloji, fizioloji qüsurlarla doğulmasına şərait yaratmasını da
inkar etmək istəyir?..
Həqiqət isə ondadır ki, hətta özləri içməsələr belə, məclisdəki
onlarla, yüzlərlə insanın qəbul etdiyi cürbəcür şər ablardan ətrafa uçan
spirt buxarları udduqları hava ilə bəy və gəlinin orqanizminə daxil
olur və öz şər təsirini göstərir....
Almaniyalı tibb alimləri spirtli içkilərin genefonda, insan nəslinə
təsiri ilə bağlı araşdırmalar nəticəsində sübut etmişlər ki, bu haram
içkilərin acınacaqlı təsiri hətta onlardan istifadə etməyən üç nəslə
qədər davam edir... Amerikalı alim-doktor Palin deyir ki, hər sağlam
kişidən ən azı 3-4 sağlam övlad dünyaya gələ bilər. Halbuki, spirtli
içkiləri qəbul edən bir çox insanlardan sağlam övladlar doğulmur...
Hətta var-dövləti yerə-göyə sığmayanlar yeni bir "müasirlik” edib
məclisdə bəylə gəlini şüşə içərisində əyləşdirsələr belə, yenə də həmin
məclis Allaha zidd hesab olunacaq...Çünki orada Allah qanunları pozulur
və bunun günahı-cəzası məclisin bütün iştirakçılarının, xüsusən də toy
sahiblərinin, ata-anaların, bəy və gəlinlərin, onların gələcək
övladlarının bu dünyadakı və axirətdəki talelərinə yazılır...
Peyğəmbərimizdən nəql edilən bir hədisdə belə buyurulur:”Bihuşedici
içkilər qoyulan və içilən süfrə başında oturmaq , hətta hər hansı bir
şəxs özü onlardan içməsə belə, ümumiyyətlə, haramdır. Bir sözlə, belə
süfrədən təam yemək haramdır”...
Onu da nəzərinizə çatdırım ki. Allah-təala bihuşedici içkini
yalnız Qurani-Kərimdə deyil, əvvəlki səmavi kitablarda – yəhudilərin
Tövratında, xaçpərəstlərin İncilində də qadağan edir. İshahın 20-ci
ayəsində deyilir:”Şərab içənlərin arasında olma!”..
Kitabın 39-cu ayəsində isə buyurulur: "Bədbəxtlik kimin üçündür?
Müharibə və dava-dalaş kimin üçündür? Qəm-qüssə və acı ruzigar kimin
üçündür? Yəni bir kəs özünü və ya başqalarını sərxoş olaraq yaralasa,
yaxud öldürsə, yaxud başqa bir çirkin iş törətsə, bütün hallarda
bədbəxtlik və fəsad o kəslər üçündür ki, onlar şərab
içənlərdəndirlər”...
Rəsulumuzun(ə.s.) bu kəlamı düşünənlər üçün daha ibrətamizdir: ”Bihuşedici içki içən Şeytanın gəlinidir”...
Əcəba, qızıınızın Şeytanın gəlininin gəlini olmasını və ya əksinə,
Şeytanın gəlinini oğlunuza gəlin etmək istərsinizmi? Düşünün...
(Davamı olacaq, inşallah)
Modern