Hər bir insanın daxilində mənfi və müsbət istəklər qüdrəti olur.
Müsbət qüdrətin hədəfi - ləzzətləri cəlb etməkdir. O, istəyir ki, bütün
təbii xahişləri heç bir bəhanə və şərt olmadan həyata keçsin. Bu qüvvə
yaxşı ilə pisi tanımır. İstədiyi şey - ancaq ləzzətə çatmaqdır. Bunun
nəticəsində də həmin insanı cəmiyyətdə pis əxlaqlı insan kimi nümayiş
etdirir.
Quran bu qüvvəni havayi-nəfs adlandırmışdır ki, insan onun vasitəsilə imtahana çəkilər. "Mən
öz nəfsimi (Allahın diqqət və nəzəri olmadan) təmizə çıxarmaq
istəmirəm. Çünki, Rəbbimin rəhm etməsi istisna olmaqla (insanın) nəfs(i)
daim pisliyə əmr edəndir”. ("Yusif” 53).
Digər qüdrət isə insanı günaha tərəf can atmaqdan saxlayır. Nəfsi
əmmarənin yüyənini saxlayır. Bu qüvvə yaxşılıqları himayə edər.
Pislikləri isə dəf edər. Quran bu qüvvəni nəfsi-ləvvamə adlandırır. "Və
and içirəm özünü məzəmmət edən nəfsə (möminin nəfsinə və Allaha asi
olduğu üçün özünü məzəmmət edən ayıq vicdanına and olsun ki, Qiyamət
haqdır)”. ("Qiyamət” 2).
Quranın buyurduğu kimi insanınn tövhid fitrəti vardır. İnsan onun
vasitəsilə Allahın Cəmal sifətlərini dərk edir. İnsan fitrətinin köməyi
ilə yaxşı və pis əxlaqla da tanış olur. Fəzilətlisini təvqa və
rəzilətlisini isə nəfsin əxlaqsızlığı kimi tanıdır.
"Və and olsun (insanın) nəfs(sin)ə və ona doğru-düzgün
biçim verənə. (Bədən üzvlərini bir-birinə mütənasib və xüsusiyyətlərini
isə həm bədən, həm də xarici mühitlə uyğun yaradana). Sonra da
günahlarını və təqvalı olmağını ona ilham etmiş və onu iş görməyə qadir
etmişdir”. ("Şəms” 7-8).
Mömin insanın gözəl əxlaqa malik olması şərtdir. Mənəvi şəxsiyyətlər
gözəl və sağlam batinə malikdirlər. Onlar həmişə halal və yaxşılıqlara
can atar, haramdan qaçarlar.
O insanlar ki, dünyaya bağlanıb və dünya sevgisi onların gözünü kor
etmişdir, zahiri məqam dalınca gedər və mal-dövlət toplayarlar.
İmam Əli (ə) buyurur: "Gözəl əxlaqa malik olmaq
istəyənlərə eşq olsun ki, başıucalığın mənbəyidir. Alçaq xasiyyətdən
uzaq olun ki, şərəfli insanları alçaq edir. Böyüklüyü aradan aparar”.
Ona görə də insan əgər nicat tapmaq istəyirsə, gərək gözəl əxlaqa malik olmağa cəhd etsin.
Hədislərdə oxuyuruq ki, insan əxlaqına görə hətta bu dünyada belə cəzalandırılır. İmam Sadiq (ə) buyurur: "Hər kim pis əxlaqlı olarsa, özünə əzab verər”.
Pis əxlaqın pis nəticələri olar ki, onların bəzilərinə işarə edək:
Hər kim pis əxlaqlı olarsa, ailəsi ondan bezar olar və təngə gələr.
Hər kim tünd xasiyyət olarsa, rahatlığı az olar.
Hər kim pis əxlaqlı olarsa, dost və rəfiq tapa bilməz.
Hər kim pis əxlaqlı olarsa, ruzisi az olar.
Hər kim pis əxlaqlı olarsa, çoxlu səhv edər və ona görə də həyatı acı olar.
Həzrət Peyğəmbər (s) buyurur: "Sizi özümə ən az bənzəyənlə tanış edimmi?” Dedilər: "Bəli, ya Rəsullah!” Buyurdu: "Söyüş
söyən, abırsız, həyasız, paxıl, təkəbbürlü, kinli, həsəd aparan, daş
ürəkli, heç bir xeyr verməyən insan və o kəs ki, heç kim onun şərindən
amanda deyildir”.
İmam Əlinin (ə) nəzərinə görə insanları bir-birindən ayıran amil - pis əxlaqdır. Belə ki, buyurur: "Siz
Allah dininə görə qardaşsınız. Daxilinizi çirkləndirən və pis niyyətdən
başqa sizi bir-birinizdən heç nə ayırmır. Ona görə də bir-birinizə
yardım etmirsiniz. Xeyrxahlıq etmirsiniz. Bir-birinizə bəxşiş
etmirsiniz. Bir-birinizlə dostluq etmirsiniz”.
İmamın (ə) buyurduğu bu təsirlər dünya bağlılığından irəli gəlir.
İnsan ifrat şəkildə dünyaya bağlı olarsa, nəfsani arzularını təmin
etməyə cəhd edəcəkdir. Ancaq o kəs ki, dünyası ilə əlaqəsi axirətinə
görə olarsa, əlində olan az mal-dövlətlə qənaətlənər və axirətdən
nigaran olar.
İmam Əli (ə) Peyğəmbərdən (s) bu kəlamı buyurur: "Xoş olsun o insana ki, özünün yanında xar, qazandığı pak, batini layiqli və əxlaqı gözəldir”.
Beləliklə, deyə bilərik ki, əxlaqımız bizim dünya və axirət
səadətimizi təmin etdiyi üçün, ona diqqət edək və onu daha yaxşı
xasiyyətlərlə bəzəməyə çalışaq ki, İlahi qurba yaxınlaşaq.
(Erfan/ Deyerler.org)