Cümə söhbətləri Bismilləhir-Rahmənir-Rahim!
Həzrət Zəhranın (s.ə.) əyyamını yaşayırıq. Bu əyyamda həll edə
biləcəyimiz ən mühüm məsələlərdən biri – Xanım Fatiməyi-Zəhranın (s.ə.)
dəyərlərini tədqiq etmək və dərk etməkdir. Bu dəyərlər arasında ən
önəmlilərdən biri – qadına olan münasibətlə bağlıdır.
HƏQİQİ AZADLI ÇATDIRIŞI
Həzrət Fatimənin (s.ə.) timsalında bəşəriyyət İslamın qadına verdiyi
ən yüksək dəyəri görmüşdür. Bir toplumda ki, təzə dünyaya gəlmiş qız
uşağını diri-diri torpağa basdırırdılar, bir toplumda ki, qadın əşya
kimi qəbul edilirdi, heç bir hüququ yox idi – burada Peyğəmbərimizin (s)
mübarək bağının nəcib meyvəsi olan Həzrət Zəhra (s.ə.) kimi bütün
dövlərə ibrət olan bir insan irəli çıxır və əsrlərin ətalətini
dağıdaraq, qadının həqiqi dəyərini insanlara çatdırır.
Xanım
Zəhra (s.ə.) dünyaya həqiqi azadlığın nə olduğunu çatdırır. Bugünkü
dünyada azadlıq barədə çoxlu söhbətlər gəzir, çoxlu nəzəriyyələr irəli
sürülür. Bunların arasında ifratlar da var, təfritlər də. Amma
bəşəriyyətə ilk olaraq qadının kimliyi, qadının məqamı barədə çatdırışı
mübarək İslam dini etmişdir. Mübarək inancımız bu məsələdə İlahi
yanaşmanı təqdim edir. Qadını bir əşya kimi, şərin mənbəyi kimi, kişinin
şəxsi mülkiyyəti kimi tanıtdıran məfkurələri rədd edərək, qadını ən ali
dərəcələrə yüksəldir, "Cənnət anaların ayağı altındadır” deyir. "Sizlərdən ən yaxşısı – həyat yoldaşına qarşı daha çox mehriban olanınızdır”
deyir. İddia ediləndə ki, müsəlman cəmiyyətində qadınlar məhrum
durumdadır, dərhal Allah Təaladan qadınların İlahi nəzərdə kişilərlə
bərabər olmasını vurğulayan ayə nazil olur: "Şübhəsiz, Allah müsəlman
kişilər və qadınlar, mömin kişilər və qadınlar, itaətkar kişilər və
qadınlar, doğrudanışan kişilər və qadınlar və səbirli, dözümlü kişilər
və qadınlar, qəlbən təvazökar olan kişilər və qadınlar, sədəqə verən
kişilər və qadınlar, oruc tutan kişilər və qadınlar, şəhvətlərini
qoruyan kişilər və qadınlar və Allaha çox zikr edən kişilər və
qadınların hamısı üçün məğfirət (bağışlanmaq) və böyük bir mükafat
hazırlamışdır!” ("Əhzab” surəsi, 35-ci ayə).
Mübarək dinimiz hətta həyat yoldaşına məhəbbəti imanın göstəricisi olaraq təqdim etmişdir. Allahın Peyğəmbəri (s) buyurub: «Bəndənin imanı artdıqca, onun qadına olan məhəbbəti də artar».
Dinimizin qadınlara verdiyi çox yüksək dərəcə Rəsuli-Əkrəmdən (s) nəql edilən digər hədisdə göstərilir: «Dünyanın ən yaxşı neməti - ləyaqətli qadındır».
AİLƏDƏ QARŞILIQLI DİQQƏT və QAYĞI
Bəzi xurafi nəzərlərin ziddinə olaraq, qadın evin xidmətçisi,
qulluqçusu deyil. Qadının ev işlərini görməsi – onun tərəfindən bir
ehsandır. Allahın Peyğəmbəri (s) buyurub: "Əgər qadın ərinə yeddi gün
xidmət edərsə, Allah Təala Cəhənnəmin yeddi qapısını onun üzünə
bağlayar və Cənnətin səkkiz qapısını onun üzünə açar ki, istədiyi
qapıdan oraya daxil olsun”.
Eyni zamanda buyurdu: «Öz
ərinə bir qurtum su içirdən elə bir qadın yoxdur ki, bu əməli ona bir il
gündüzləri oruc tutmaq və gecələri ibadətlə keçirməkdən daha yaxşı
olmasın».
Başqa yerdə Peyğəmbərimiz (s) buyurub: «Qadın
öz ərinin evini səliqəyə salmaq məqsədilə bir şeyi yerbəyer edərsə,
Allah Təala ona Öz nəzərini yetirər və Allah Təala nəzər yetirdiyi
kimsəyə əzab verməz».
Kişisinin qadına xidmət etməsi barədə də dinimizin böyük tövsiyələri var. Rəsuli-Əkrəm (s) buyurub: «Kişi öz arvadına su içirdən zaman savab qazanar».
Başqa yerdə Allahın Peyğəmbəri (s) buyurub: «Kişinin öz arvad-uşağının yanında oturması Allah yanında mənim bu məscidimdə etikaf etməsindən daha sevimlidir».
Başqa yerdə Peyğəmbəri-Əkrəmdən (s) belə nəql edirlər: «Öz həyat yoldaşının ağzına bir loğma uzadan kişi savab qazanar».
Bəli, dinimizin qadına verdiyi dəyərin kiçik bir hissəsini burada
zikr etdik. Dinimiz qadının iqtisadi, ictimai, məişət, fərdi hüquqlarını
tanıyır və bunları məhdudlaşdırmağa izn vermir.
QADININ HƏQİQİ DƏYƏRİ NECƏ VERİLDİ
Biz mübarək dinimizin bəşərə etdiyi xidmətləri başa düşmək üçün
gərək 14 əsr bundan qabaqkı dünyaya baş çəkək. Görək dünya nə haldadır.
İslam gəlir nə edir və Həzrət Rəsulun Zəhra (s.ə.) kimi mənəviyyat və
şəxsiyyət baxımından bir yetirməsini bəşərə necə tanıtdırır. O zaman
dünya nə vəziyyətdə idi? Qadına o zamankı dünyada, bu günün inkişaf
etmiş ölkələrində bəslənən münasibət bəlli idi. Hüquqsuz bir varlıq idi
qadın. Amma İslam dini gəlir və qadının həqiqi dəyərini verir. Bunun ən
yaxşı təzahürünü Həzrət Zəhranın (s.ə.) timsalında görürük. Qadınların
simvolu olan bu xanım bir funksiya ilə müəyyənləşdirilir ki, misli belə
yoxdur. Həzrət Zəhra İlahi qəzəbin və İlahi məhəbbətin meyarı kimi bəşəriyyətə tanıtdırılır.
«Fatimə - mənim bədənimin bir parçasıdır, gözümün işığıdır, qəlbimin
meyvəsidir. O şey ki, onu qəzəbləndirir, məni qəzəbləndirmişdir; o şey
ki, onu sevindirir, məni sevindirmişdir. O, Əhli-Beytdən mənə qovuşacaq
ilk şəxsdir».
Həzrət Zəhranın (s.ə.) bu cür uca məqamı o
deməkdir ki, haqqla batilin müəyyən edilməsinin göstəricisidir o Xanım
(s.ə.). Zəhranı (s.ə.) qəzəbləndirən – Peyğəmbəri (s) qəzəbləndirər. O
kəs ki, Peyğəmbəri (s) qəzəbləndirər - Allahı qəzəbləndirmiş olur. Və
əksinə, Həzrət Zəhranı (s. ə.) sevindirən – Rəsuli-Əkrəmi (s) şad
etmişdir. O kəs ki, Rəsuli-Əkrəmi (s) şad edər – Allah Təalanı
sevindirmiş olur. Bax, bu cür yüksək dərəcə verilir Xanıma (s.ə.). Və
Zəhra (s.ə.) vasitəsilə, bu yüksək dərəcə ümumilikdə qadına verilir.
Həzrət Peyğəmbərdən (s) nəql edirlər: ƏN ALİ KAMİLLİK MƏQAMI
Əlamətdar bir deyim var. Buyurulur ki, Həzrət Zəhra (s.ə.) sahki
Allahın eynəyidir. Yəni Zəhranın (s.ə.) sevgisini qazanmış şəxs, Allahın
sevgisini qazanır. Zəhranın (s.ə.) qəzəbini qazanmış şəxs - Allahın
qəzəbini qazanmışdır. Bu nədir? Bu odur ki, İslam qadını o qədər ucaldır
ki, qadın İslam nəzərində olur xəlifətullah. Qadın İslamın nəzərində
olur Allahın yer üzərində xəlifəsi. Qadın İslamın nəzərində ən ali
məqama çatır. Ən ali kamillik məqamına. Bu necə əldə olunur? Əməllə.
Təqva ilə. Əxlaqla. İmanla. Allahın razılığını hər şeydən üstün
tutmaqla. Rəbb ilə bəndəçilik müstəvisində rabitə qurmaqla.
Bilmək istəyiriksə Həzrət Zəhra (s.ə.) kimdir, gərək dünyaların,
aləmlərin yaranma səbəbi olan Peyğəmbəri-Əkrəmə (s) müraciət edək.
Həzrət Peyğəmbərdən (s) nəql edirlər: «Fatimə - dünya və axirət qadınlarının seyyidəsidir».
Seyyidə nədir? Yəni ağasıdır, yəni böyüyüdür, yəni rəhbəridir, yəni ən kamilidir onlar arasında.
Yaxud Peyğəmbərdən (s) belə buyurulur: «Fatimə - mənim üçün insanların ən əzizidir».
Təbii ki, öz övladının atası kimi demir, Allahın Rəsulu kimi deyir.
Rəsul – rəsuldur, Allah Elçisidir. Dedikləri şəxsi münasibətdən irəli
gəlmir, insanlara hidayət yolunu göstərmək missiyasının realizəsindən
doğur. Rəsul (s) üçün ən əziz kim ola bilər? Ən kamil, ən əziz insan.
Budur qadına verilən məqam.
Başqa yerdə Peyğəmbərimiz (s.ə.) belə buyurur: «Fatimə - dünya qadınları arasında parlaq bir ulduzdur».
Yəni nə? Yəni Fatimə (s.ə.) hidayət çırağıdır, xilas olmaq istəyən
Zəhra (s.ə.) çırağına tərəf gəlsin, Zəhra (s.ə.) nuruna tərəf gəlsin.
12-ci İmamımız - Həzrət Mehdi Sahib-əz-Zaman (ə.f.) görək Həzrət
Zəhra (s.ə.) barədə nə deyib. Qeybdə olan İmam (ə.f.), milyardlarla
insanın zühurunun intizarında olan İmam (ə.f.) buyurur: «Allah Rəsulunun (s) qızı mənim üçün gözəl bir nümunədir».
İmam Mehdi Sahib-əz-zəman (ə.f.) məntiqində «üsvətul həsənə» - ən
gözəl nümunə Həzrət Zəhradır (s.ə.). Bax, bu qədər yüksək dəyəri var
İslamda qadının.
BİR MƏNZİLDƏN DİGƏRİNƏ KÖÇMƏ
İndi isə keçək Həzrət Zəhranı (s.ə.) o Xanımın (s.ə.) öz dili ilə
tanımağa. Nəql edirlər ki, Həzrət Əli (ə) ilə ailə qurduğu ilk gündə
Xanım (s.ə.) bir qədər fikirli idi. Həzrət Əli (ə) bu nigarançılığın
səbəbini soruşduqda, Xanım (s.ə.) buyurur ömrümün qurtaracağını
düşündüm, öz halım haqqında düşündüm, öz vəziyyətim haqqında düşündüm. O
anı yadıma saldım ki, bir gün mənim bu ömrüm sona çatacaq və mən qəbrə
gedəcəyəm. Necə ki, bu gün atam evindən ya Əli, sənin mənzilinə
köçmüşəm, bir başqa gün bu mənzildən qəbir və Qiyamət mənzilinə tərəf
köçəcəyəm.
Bax, belə yanaşmaya görə Zəhra (s.ə.), Zəhra
(s.ə.) olub. Həzrət Fatimə (s.ə.) hər an onu düşünür ki, Allahın
dərgahına nə üzlə gedəcəyəm.
Bu ki, haqdır – hər kəs bilir
ki, bir gün bu dünyadan gedəcək. Heç kim inkar etmir bu dünyadan
gedəcəyini – zalım da, qəsbkar da, münafiq də, vicdansız da, o ki qasın
mömin ola, vicdanlı, izzətli, layiqli insan ola. Hamı bilir ki, bu
dünya ilə vidalaşacaq. Amma hərə üçün bu vidalaşma fərqli davranışla
nəticələnir. Vidalaşmanın qaçılmazlığı, müxtəlif məfkurə sahibləri üçün
fərqli əməl motivasiyasına gətirib çıxarır. Haqsevərlər, Zəhrasevərlər,
vicdan sahibləri çalışırlar camaatın haqqına riayət etsinlər. Heç kəsin
haqqına girməsinlər. Özlərinə qıymadıqlarını digərlərinə rəva
bilməsinlər. Hətta nəinki mömin olsun – adi bir vicdanlı, tərbiyəli
insan çalışır ki, özündən sonra xoş xatirə qoysun, insanlar onu rəhmətlə
yad etsinlər.
Amma zalım və qəsbkarlar həyatın
müvəqqətliyini nəzərə alaraq, tam əks davranış sərgiləyirlər. Minbir
alçaqlığa gedirlər ki, təki beşgünlük dünyada müvəqqəti nəsnələrdən daha
çox faydalansınlar. İkiəlli yapışırlar bu dünyadan, əlləri çatan hər
şeyi yağmalamağa çalışırlar. Yüz cür rəzilliklə qəsb etdikləri xalqın
sərvətlərini bir göz qırpımında israf edirlər. Talan etdikləri
milyonları boş-boş əyləncələrinə "uf” demədən buraxırlar. Bilir ki, bu
dünyası qurtaracaq, amma məsuliyyətini düşünmür, insanların onun barədə
nə düşünəcəkləri barədə də qayğılanmır. Eləsi də var ki, hətta deyir
"mən öləndən sonra, istəyirsiniz lap zibil yeşiyinə tullayın, mənə
nə?!”. Bu, nədən irəli gəlir? Şəxsiyyət və ləyaqət defisitindən. İnsanın
özünə hörməti o qədər az olur ki, onun barədə nə düşünmələrini vecinə
belə almır. Rəhmətlik Sabir belələri barədə deyib:
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtâc olur olsun, nə işim var?!
Qoy mən tox olum, özgələr ilə nədi karım,
Dünyavü cahan ac olur olsun, nə işim var?!
Bəli, bu, rəzil psixologiya sahiblərinin təfəkkürüdür.
Zəhrasevərlərin bu zalımlarla əsas fərqi budur – aqibətin necə olması
barədə qayğılanmaq, beşgünlük dünyaya görə ölməz ruhu öldürməmək.
Hafizin bu mövzuda gözəl bir şeri var. Tərcüməsi budur ki, mənim bu
dünyada nə rahatlığım, nə əmin-amanlığım ola bilər bir halda ki, bir gün
qapı döyüləcək, bir gün təbil çalınacaq ki, getmək vaxtıdır! Bir
qonaqlar gələcək, qapını döyəcək və deyəcəklər ki, şələ-küləni yığ,
getmək vaxtıdır. Amma bu qonaqlar elələrindən deyil ki, onların
dəvətindən boyun qaçırmaq mümkün olsun. O gələn hörmətli qonaqlar bir
qonaqlardır ki, güzəştsizdirlər. Sadəcə deyəcəklər ki, zamanı gəlib,
getmək məqamıdır.
O zaman insan qalacaq belə ki, görəsən
mənim vəziyyətim necədir, görəsən aqibətim nə olacaq?! Görəsən mən
həqiqətdə Allahın bəndəsi idim, yoxsa iblisin nökəri? Allah üçün
çalışırdım, yoxsa şeytan üçün? Necə edim ki, yubanım burada, həll
edilməmiş işlərimi yoluna qoyum, camaatla halallaşım və s. Amma artıq
gecdir, heç nəyi dəyişmək olmur. Allah cəmimizi belə aqibətdən, gecikmiş
peşmançılıqdan saxlasın.
RƏBBİN AŞKAR HÖCCƏTLƏRİ
Qayıdaq yenə Həzrət Zəhranın (s.ə.) tanınmasına. Həzrət Zəhra (s.ə.)
buyurur ki, biz Peyğəmbərin (s) Əhli-beytiyik. Əhli-beyt (ə) barədə
Allah Təala Qurani-Kərimdə çoxluca ayə nazil etmişdir, onları
bəşəriyyətə rəhbər, yolgöstərən kimi tanıtmışdır. Xanım (s.ə.) buyurur
ki, biz həmin Əhli-beytik ki, Allah Təala onları pak qərar verib, hər
bir günahdan, səhv və xətadan münəzzəh edib ("Əhzab” surəsi, 33-cü ayə).
Xanım (s.ə.) buyurur ki, biz Allahla məxluqatı arasında bir vasitəyik.
Allah Təala bizi Özü ilə məxluqat arasında bir vasitə qərar verib. Xanım
(s.ə.) Əhli-beytin (ə) məqmını tanıdaraq, buyurur ki, biz qüdsiyyət,
müqəddəslik məqamıyıq, paklıq məqamıyıq, alilik məqamıyıq, ucalıq
məqamıyıq. Biz Rəbbin açıq-aşkar dəlilləriyik, höccətləriyik. Biz İlahi
peyğəmbərlərin varisləriyik. 124000 peyğəmbərin varisləri.
Yəni 124000 peyğəmbərin bütün kamalları, bütün alilikləri, bütün
ucalıqları, bütün kəramətləri, bütün fəzilətləri cəmləşib Rəsuli-Əkrəmdə
(s), Əlidə (ə), Zəhrada (s.ə.), Həsəndə (ə) və Hüseyndə. Bunlar bir
meyvədir ki, 124000 bağbanın yetişdirdiyi bir təbərrüklərdir. Bu cür
olur ki, bəs bu təbərrükün qəzəbinə gəlmişlər Rəbbin qəzəbinə gəlir. Bu
cür olur bu cür mübarək insanın razılığını qazanmış şəxslər Rəbbin
razılığını qazanır.
Təbərrük üçün Zəhra (s.ə.) əmanəti olan
hicaba da toxunaq. Həzrət Fatiməyi-Zəhra (s.ə.) məntiqində hicab –
yalnız bir başörtüsü deyil, izzətini, ləyaqətini qorumaq istəyən
xanımın ümumi dünyagörüşüdür.
Burada bir tarixi epizoda nəzər
salaq. Bir gün Peyğəmbərimiz (s) Həzrət Zəhranın (s.ə.) evində olanda,
kor bir kişi icazə alıb, evə daxil olur. Həzrət Zəhra (s.ə.) ayağa
qalxır. Əziz Peyğəmbərimiz (s) buyurur ki, qızım, bu kişi ki, kordur, o,
səni görmür. Cavabında Həzrət Zəhra (s.ə.) buyurur ki, atacan, o məni
görmürsə, mən ki, onu görürəm. O, kor da olsa, otaqda qadının varlığını
hiss edir. Rəsuli-Əkrəm (s) bu sözləri eşidəndən sonra qızına buyurur
ki, mən şəhadət verirəm ki, sən mənim bədənimin bir parçasısan. Yəni nə?
Yəni sən - elə mənəm.
Təbərrük üçün Həzrət Zəhranın (s.ə.)
tərbiyə üsullarına da toxunaq. Həzrət Zəhra (s.ə.) uşaq tərbiyəsində şer
kimi vasitələrdən də istifadə edirdi. Bu gün dünya gəlib çatıb ona ki,
tərbiyədə daha çox dolayı yollardan istifadə edilsin. Psixoloqlar bu
rəydədirlər ki, birbaşa tərbiyə üsulları yox, dolayısı yolla,
qeyri-müstəqim yolla edilən tərbiyə daha effektlidir. Bunların arasında
şer, kino sənəti, tamaşalar, teatr, ədəbiyyat və s. var.
Həzrət Zəhra (s.ə.) bunu bəşəriyyətə 14 əsr bundan qabaq çatdırıb. İmam
Həsənin (ə) uşaq vaxtıdır. Həzrət Fatimə (s.ə.) şerlə buyurur ki, Həsən
can, atana bənzə, Həsən can, atan kimi, Həzrət Əli (ə) kimi ol. Baxın bu
nə deməkdir? Bu o deməkdir ki, əvvəla ailədə atanın hörməti saxlanılır,
ikincisi deyir bax Həsən can, atan kimi ol, atanın xüsusiyyətləri
özündə yaşat. Atan kimi haqqın ipindən yapış, o Allahla ol ki, nemətləri
əta edəndir. Rəbbə pərəstiş et, Ona ibadət et. Düşmənlərlə, alçaq
xislətli insanlarla dostluq etmə.
Çox ibrətli bir məsələdir,
gündəlik həyatda tətbiq etməli mövzulardır. Allahım, bizləri Həzrət
Zəhranın (s.ə.) layiqli davamçılarından qərar ver! Amin!
Hacı İlqar İbrahimoğlu, ilahiyyatçı-filosof İçərişəhər «Cümə» məscidinin imam-camaatı
|