-İNSANIN YARADILIŞ HƏDƏFİ-
Allah-taala insanı ali bir hədəfə yetişmək üçün yaratmış, həmin
hədəfə yetişməsi üçün onu müxtəlif qüvvələrlə təmin etmişdir. Bu hədəf
insanın Allah-talanın bəndəliyi və Onu tanımaq məqamına yüksəlişdən başqa bir şey deyil. Həmin hədəfə yetişən insan Allahın uca xəlifəlik-canişinlik məqamına çatmış olur.
Digər varlıqların yaradılışı isə insanın yaradılışına, həyatına
müqəddimədir və sonda onun ixtiyarı altında olacaq deyənlər də elə bunu
nəzərdə tuturlar.
-HƏDƏFƏ YETİŞMƏK ÜÇÜN VASİTƏLƏR-
Allah-taala bəşəri bu ali hədəfə çatdırmaq üçün vasitələr yaratmışdır. İnsan onların vasitəsilə özündəki istedadları cücərtmiş, yetişdirmiş olur.
Bu mühüm hədəfə yetişmək peyğəmbərlər və onların canişinlərinə itaət etmədən qeyri-mümkündür.
Buna görə də Qurani-kərim Allaha yetişmək üçün bizə vasitələrdən yapışmağımızı əmr etməkdədir: "Ey iman gətirənlər! Allahdan qorxun, Ona (Onun rəhmətinə və lütfünə qovuşmaq üçün) vəsilə (yol) axtarın!” ("Maidə”, 35).
Əlbəttə, aydındır ki, bu məsələ müşriklərin etiqadından fərqli bir şeydir. Onlar bütlərə ibadət etməklərini belə ifadə edirdilər: "Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: "Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!" (deyirlər)” ("Zumər”, 3).
Ona görə ki, müşriklər bütlərin məxluq olmaqlarını etiraf etmələrinə
rəğmən onları müstəqil təsir sahibi bilir, onlara ibadət (diqqət edin!)
edirdilər. Onlar bütləri rübubiyyətdə (idarəçilikdə) müstəqil
bilirdilər.
Amma məlum olduğu kimi biz peyğəmbərlər və imamlara (ə) heç zaman belə bir etiqad bəsləmirik. Ona görə ki, onların yeganə üstün xüsusiyyəti və kamalı Allah-taalaya xalisanə bəndəlikləri, Ona doğru qeyd-şərtsiz dəvətləri olmuşdur: "(Ya
Rəsulum!) De: "Bu mənim (təbliğ, dəvət) yolumdur. Mən və mənə tabe olan
(möminlər) açıq-aşkar bir dəlillə (insanları) Allaha çağırırıq. Allah
pakdır, müqəddəsdir (bütün eyib və nöqsanlardan xalidir, Onun heç bir
şəriki yoxdur). Mən isə müşriklərdən deyiləm!" ("Yusif”, 108).
-PEYĞƏMBƏRƏ VƏ "ZİL-QÜRBA”YA İTAƏT-
Peyğəmbərlərə və övliyalara (peyğəmbərlərin canişinlərinə - müt.) itaət Allaha itaət məqsədi daşıyır: "Peyğəmbərə
itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur. Kim üz döndərsə
(qoy döndərsin)! Biz ki səni onların üzərində gözətçi olaraq
göndərməmişik” ("Nisa”, 80).
Allaha məhəbbət izharının şərti Peyğəmbərə itaətdir: "(Ya
Rəsulum!) De: "Əgər siz Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da
sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır,
mərhəmətlidir!" ("Ali-İmran”, 31).
Risalətin (peyğəmbərliyin) əvəzi (ki,
verilməsi zəruridir) "zil-qurba”ya - Peyğəmbər (s) Əhli-beytinə (ə)
məhəbbətdən başqa bir şey deyildir: "Allah iman gətirib
yaxşı əməllər edən bəndələrimə bununla müjdə verir. (Ya Peyğəmbər!) De:
"Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq
məhəbbətindən (Əhli-beytə sevgidən) başqa bir şey istəmirəm” ("Şura”, 23).
Peyğəmbərimizin (s) risaləti və onun əvəzi isə, insanın özünə xeyirdən başqa bir şey deyil: "De:
"Mən (bunun müqabilində) sizdən elə bir muzd (mükafat) istəmirəm ki, o
sizin üçün olmasın. Mənim mükafatım ancaq Allaha aiddir. O, hər şeyə
şahiddir!" ("Səba”, 47).
Bu mənfəət də Haqq-taalaya doğru hərəkətdən başqa bir şey deyil: "De:
"Mən sizdən buna (dini, peyğəmbərliyi təbliğ etməyə) görə heç bir muzd
(əvəz) istəmirəm, ancaq Rəbbinə tərəf doğru yol tapmaq diləyən kimsələr
istəyirəm” ("Furqan”, 57).
Bu hərəkət və istiqamətlənmə o həzrətin (s) Əhli-beytinə (ə) sevgidən
başqa bir şeylə həyata keçməyəcək. Buna görə də bizə onlara məhəbbət
bəsləmək əmr olunub. Buna əsasən, məhəbbətdə məqsəd onlara məhəbbətə əsaslanan itaətkarlıq olmalıdır.
Bu da Əhli-beytin (ə) Allaha məhəbbət xəttində olmaqlarını çatdırır. Onlar
elə bir halda olmalıdırlar ki, onlara sevgi, yaxınlaşmaq elə Allaha
sevgi və yaxınlaşmaq sayılsın. Bu da o vaxt mümkündür ki, onlar bütün
mənada və həyatın bütün sahələrində Allaha bəndə olmuş olsunlar.
(Bəli, elədir.) Onlar özlərini və bütün məxluqatı ilahi dərgahın
fəqirləri bilirdilər. Buna görə də Əhli-beytə (ə) itaət Allah Rəsuluna
(s) itaət, ona itaətsə Allah-taalaya itaətdir. Bunun şirklə heç bir
oxşarlığının olmaması çox aşkardır.
-SINAQ VƏ ONUN MƏQSƏDİ-
Əlbəttə, bu itaət və məhəbbət Allahın böyük sınaqlarındandır. Bununla
insanın varlıq cövhəri özünü büruzə verir, haqq axtaranlar
digərlərindən ayrılır və bəndəliyin həqiqi nəticələrinə yetişirlər: "İnsanlar
yalnız: "İman gətirdik!" - demələrilə onlardan əl çəkilib imtahan
olunmayacaqlarınımı sanırlar? Biz onlardan əvvəlkiləri də imtahana
çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da (həqiqi iman
sahiblərini də), yalançıları da çox gözəl tanıyar!” ("Ənkəbut”, 2-3).
Bu hətta peyğəmbərlərə də şamil olan bir sınaqdır. Bu sınaq Allahın
bilməyi üçün deyil, insanın itaət yaxud günahı həqiqətən seçməsilə (öz)
varlıq həqiqətlərini aşkarlaması məqsədi daşıyır. Eynilə il ərzində
şagirdlərinin istedadlarına agah olan, amma bu həqiqəti şagirdlərinə
aşkar etmək və fəal şagirdi qeyrisindən ayımaq üçün imtahan götürərək
onları imtahandan sonrakı nəticələrə yetişdirən müəllimin rəftarına
bənzəyir.
İnsanın nəfsi -dünya və onda olanlara qarşı olan meyillərlə bağlı
(bu meyllər onun varlığının bir parçasıdır) olan xilqətinin hədəfini
nəzərə almaqla- mənfı və müsbət hallara malikdir. Bu halların zahir olması, həyata keçməsi və səmərə verməsi bu sınaqların nəticəsindədir.
-NƏFSİN MÜXTƏLİF HALLARI-
Maddi yaradılışa uyğun olaraq ilk öncə insanda maddi meyllər özünü
büruzə verir. Məsələn: yemək, ailə qurmaq və məskən salmağa olan
meylləri buna misal çəkmək olar.
Bu meyillərin hər biri təbii olaraq xüsusi agahlıq tələb edir. Bu
üzdən də (qeyri-ixtiyari də olsa) insanda müxtəlif hallar özünü göstərir
ki, onların hamısı özünü istəməkdən qaynaqlanır. Məsələn: sahibkarlıq,
həsəd, paxıllıq və s. Amma bu hallar tamahkarlıq üzündən baş verdiyi
üçün sabit halda olmur.
Sonra yavaş-yavaş əqli qüvvələr özünü göstərməyə başlayır və insan
ətraf aləm, özü və məqsədi haqda suallara cavab axtarmağa başlayır.
İnsan özündə olan ümumi dərklər əsasında dünya və özü haqda ümumi
baxışlar əldə edir. Belə bir zamandır ki, yaradılış nizamı onun üçün
tələb olunan məqsədə doğru yol göstərir.
Bu arada Allah-taala sınağın həyata keçməsi üçün başqa şeyləri də
yaradıb ki, insan agahlıq üzündən həqiqi yolu həqiqi olmayandan ayırd
edərək ona uyğun yaşasın və beləliklə də öz həqiqi istedadlarını
çiçəkləndirsin. Həmin şeylər dünya, onda olanlara olan meyl və onlardan istifadə edərək insanı hədəfdən uzaqlaşdırmaq, onu qəflətə salaraq o meyllərdən düzgün istifadə etməyə qoymayan şeytandır.
Bu meyllərin şiddətinə və onların düz yoldan çıxmasına, "pisliyə əmr edən nəfs" ("əmmarə nəfs”) deyirlər: "Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi əmr edər” ("Yusif”, 53).
Aydın məsələdir ki, hər düz yoldan çıxmağın da özünə xas olan qəfləti var. Necə ki, İmam Səccad (ə) buyurub: "(nəfs) Qəflət və səhvlərlə doludur”.
Nəfs bu halda özbaşına buraxılarsa şeytan onu öz ixtiyarına alacaq, onu öz viləyətinə (hökmranlığına) daxil edəcək: "Biz
şeytanları iman gətirməyənlərin dostları etdik... Allahı qoyub
şeytanları özlərinə havadar tutmuşdular və özlərinin doğru yolda
olduqlarını güman edirlər” ("Əraf”, 27-30)”; pis işləri yaxşı cilvələndirəcək: "Şeytan
onlara öz (çirkin) əməllərini xoş göstərmişdi. Bu gün Şeytan onların
dostudur (havadarıdır). Onlar (qiyamət günü) şiddətli əzaba düçar
olacaqlar!” ("Nəhl”, 63); beləliklə də nəfsin o pis işdən xoşu gələcək, onu qəbul edəcək. Buradadır ki, nəfsə "müsəvvələ”-cilvələndirici deyirlər: "Dedi: "Xeyr, sizin öz nəfsiniz sizə bu işi cilvələndirmişdir” (gözəl göstərmişdir) ("Yusif”,18 və 83).
Bundan sonra nəfs özünə qayıdaraq peşman olsa və özünü danlayaraq haqq yola dönsə, belə nəfsə "ləvvamə- nəfs”-"danlayan nəfs”- deyirlər: "And içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməli azdır deyə) özünü qınayan nəfsə!” ("Qiyamət”, 2).
Nə qədər ki, nəfs öz halları və əməllərindən muğayat olmayıb, onları
haqq-hesaba çəkməyib, qarşısındakı maneələri görməyib və onları islah
etməyib, ali məqsədlərə nail ola bilməyəcək.
-MƏRİFƏTULLAH (ALLAHI TANIMAQ) YAXUD NƏFSİ TANIMAQ-
Yaradılışın əsil hədəfi Allah-taalanı həqiqi şəkildə tanımaqdır. Bu zaman insanın nəfsi də tanınmış olur. Bu
mühüm hədəfə yetişmək yalnız bəndəliyə çatdıran vəzifələrin həyata
keçrilməsinə diqqətli olmaq və nəfsi mühasibəyə-hesaba çəkməklə mümkün
ola bilər. Qurani-kərim bizə bunu əmr edir: "Ey
iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə nəzər
salsın. Allahdan qorxun. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır!
Allahı unutduları üçün Allahın da onları özlərinə unutdurduğu
(xeyirlərini başa düşməyən) kimsələrə bənzəməyin! Onlar (Allahın
itaətindən çıxmış) fasiqlərdir!” ("Həşr”, 18-19).
Bu ayədə möminlərə pəhrizkar olmağı tövsiyə edəndən sonra Allah-taala
onlara öncə nəfsdən muğayat olmağı, sonra isə nəfsi hesaba çəkməyi
tövsiyə edir (mühasibə göstərir ki, müraqibə-nəfsdən muğayat olma-
davamlı surətdə yerinə yetirilib, yoxsa yox).
Bu iki məsələ (müraqibə və mühasibə)
insanı Allaha doğru daimi diqqətə sövq edir və bu daimi diqqət
yavaş-yavaş Allahı tanımaq (mərifət) qapılarını insanın üzünə açır. Bu həqiqi mərifət nəticəsində özümüzün və digər varlıqların Allahla rabitəsini anlayır, əldə edirik. Bu həqiqi rabitənin keyfiyyətinə yetişmək sayəsində nəfsin yüksək ali məqamları (yəqin, aramlıq və razılıq kimi) özünü göstərir.
Belə məqamda nəfs, "mütməinnə”,
"raziyə” və "mərziyyə” sifətlərinə yiyələnir, Allahın xüsusi bəndələri
sırasına daxil olmaq müraciətinin hədəfi olmaq qabiliyyətini qazanır və
ona: "Ey xatircəm olan kəs! (Və ya: "Ey arxayın nəfs!") Dön
Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! (Əməlisaleh) bəndələrimin
zümrəsinə daxil ol! (Onlarla birlikdə) Cənnətimə varid ol!" ("Fəcr”, 27-30)- deyilir.
Bunun müqabilində, əgər nəfs əməllər və qəbahətli hallara qarşı olan
özünü danlaq halından kənarlaşar və onlara muğayat olmazsa yavaş-yavaş
qarşısına "istidrac” (tədrici şəkildə məhvolma) halı çıxacaq; tövbə etməzsə varlığı ziyana uğrayacaq: "Tərəziləri
yüngül gələnlər (pis əməlləri yaxşı əməllərindən çox olanlar) isə
ayələrimizə haqsızlıq etdiklərindən özlərinə zərər eləyənlərdir” ("Əraf”, 9). Nəhayət Allahın ayələrini inkar edərək, yalanlayacaq: "Sonra da Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla pislik edənlərin aqibəti lap pis oldu!” ("Rum”, 10). Bu zaman Allahın qəzəbinə düçar olacaq və Cəhənnəmə düşərək kafirlərə yoldaş olacaq.
Əlbəttə, bütün mərhələlərdə şeytanın hücumu və nəfsani istəklərin qələbəsindən hökmən Allaha sığınmaq lazımdır ki, O bizə pənah versin. Necə ki, Öz Peyğəmbərinə buyurur: "Və
de: "Ey Rəbbim! Mən şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların
yanımda olmalarından Sənə pənah gətirirəm, ey Rəbbim!" ("Muminun”, 97-98).
-ƏHLİ-BEYTİ (Ə) ZİYARƏT ETMƏYİN SİRRİ-
Bu qısa mətləbə diqqətdən sonra Əhli-beytin (ə) özlərini ziyarət etməyə tövsiyə etməklərinin sirri aydın olur. Ona
görə ki, bu məsələ Allaha yaxınlaşmaq və hədəfə yetişmək üçün onlara
məhəbbət izhar etmək yollarından biridir. Həqiqətdə biz ziyarət etməklə
onları son kamala doğru olan hərəkətdə özümüzə ülgü seçmək istəyirik. Yoxsa bu işdə məqsəd xoşgüzaranlıq, nəfsani meylləri doyuzdurmaq, maddi mənafelərə yetişmək deyil.
Buna görə də o cənablar (ə) öz
ziyarətnamələrində tövhid, risalət, məad, vilayət, əxlaqi və tərbiyəvi
məsələlərdən ibarət olan İslam maarifi külliyyatını xatirladıblar ki,
biz o əxlaqi və nəfsani səciyyələrə inanmaq, onlara sahib olmaq
sayəsində Allaha yaxınlaşmaq ləyaqətini qazanaq.
Bax, belə bir haldadır ki, onları ziyarət etmək Allah-taalanı ziyarət etmək sayılacaq və insanın Cənnətə getməsinə səbəb olacaq.
 www.sonumid.com"Simayi-müxbitin” kitabının müqəddiməsindən
Tərcümə etdi: D. Şahmərdanlı.
|