Ərş nə deməkdir?
Ərş lüğətdə o şeyə deyirlər ki, üstündə tavanı olsun. Qədim
insanların adəti belə idi ki, yerə mütəkkə düzüb, oturmaq üçün xüsusi
yer düzəldərdilər. Hər bir evin bu cür bir guşəsi var idi və
bir-birindən fərqlənirdi. Bu adət get-gedə dəyişilir və sultanlar,
şahlar özləri üçün taxt düzəldirlər. Onu ərş adlandırırlar. Ancaq bu
taxtın əhəmiyyəti mütəkkədən daha üstün idi. Ərş və taxt mənaları ona
görə yaxınlaşdı və padşahlara aid olan yer mənasını verdi. İnsanlar bu
adı eşidən zaman sultanın və ya padşahın insanları idarə etmək üçün
üzərində oturduğu taxtı nəzərdə tuturdular.
Bəzi Quran ayələrinə müraciət edək:
"Beləliklə, əgər (haqqı qəbul etməkdən) üz döndərsələr, de: «Mənə
Allah kifayətdir, O Allah ki, Ondan başqa bir məbud yoxdur, Ona təvəkkül
etdim və O, böyük ərşin Rəbbidir». ("Tövbə” 129).
"(Həmin gün) mələkləri Rəbblərinə şükür etməklə birlikdə, Onu pak
sifətlərlə mədh edən halda Ərşi (haqqın səltənət qərargahı və Onun
əmrlərinin verildiyi mərkəzi dairəvi şəkildə) əhatə edən görərsən”.
("Zumər” 75).
Bəzi ayələrdə isə ərşin su üzərində yerləşməsi vurğulanır. Hədislərə
nəzər salanda görmək olur ki, ərş sözünün müxtəlif mənaları vardır.
Onlardan biri varlıq aləminin hökuməti, biri varlıq aləminin məcmuəsi,
biri yuxarı aləm, biri kürsü, təbiət aləmindən üstün mənalarında
işlənir.
Allahın əzəməti o qədər böyükdür ki, onu xəlq dili ilə təsəvvür etmək
mümkün deyildir. Çünki insan dili vasitəsilə Allahın əzəmətini olduğu
kimi çatdıra bilmir. Allahın ərşi alimlərin nəzərinə görə bir işarədir.
Onların nəzərinə görə bu işarənin ehtimalları bunlardır:
- Allahın ərşi o şeydir ki, bəşər onu dərk etməkdə acizdir. Ancaq onun adını bilir.
- Allahın ərşi - həmin Mülki Əladır, yəni kainat aləmidir. Onlar
Peyğəmbərin (s) bu sözünə istinad edirlər: "Yeddi qat səma və yeddi yer
kürsünün qarşısında geniş səhrada halqadan başqa bir şey deyildir.
Allahın kürsüsü də ərşi qarşısında bu nisbətdədir”.
- Allahın sonsuz elmi.
- Allahın hakimiyyəti və malikiyyəti.
- Onun Kamal və Camal sifətləridir. Çünki onların hər biri Allahın
məqamının bəyan edənidir. Necə ki, sultanların taxtı əzəmətlərinin
nişanəsidir.
Bu ehtimallar içərisində düzgün olanı o ehtimaldır ki, Allahın pak zati sifətlərinə qayıdır.
İmam Sadiq (ə) ərş sözünü Allahın peyğəmbərlərinə öyrətdiyi elm,
kürsü sözünün isə heç kimin agah olmadığı elm kimi təfsir etmişdir.
Beləliklə deyə bilərik ki, Allah hər yerdədir, onun xüsusi bir məkanı
və yeri yoxdur. Çünki, Onun müqəddəs varlığı biz insanlar kimi məhdud
deyildir ki, bir yerdə oturub, qalxsın. Ərş sözü Allaha nisbət verilən
bir rəmzdir ki, Allahın öz mülkünə səltənətliyinə işarə edir. Bu mənada
ki, heç bir kiçik və böyük bir canlı yoxdur ki, Onun iradəsindən kənarda
olsun. Öz dəqiq hökuməti sayəsində hər bir varlıq öz kamalına yetişər,
hər bir hacət sahibinin hacətini yerinə yetirər.
"İşi (yaradılış işini) daim (səbəb-nəticə qanunu əsasında) idarə
edir. (Dünyanın səbəb və nəticələri arasında) Onun izni olmadan heç bir
şəfaətçi (vasitə) yoxdur”. ("Yunus” 3).
(Tebyan/ Deyerler.org)