Deyerler.org: Ərəb
bir kişi Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: "Məgər bu belə
deyilmi ki, sən valideyn baxımından hamımızdan yaxşısan, övlad
baxımından hamımızıdan şərəflisən? Cahiliyyət dövründə bizdən üstün idin
və indi də İslamda bizim rəhbərimizsən?”. Rəsuli-Əkrəm (s) bu sözlərdən
çox əsəbləşir və bu ərəb kişiyə deyir: "Dilin neçə hicab arxasında
yerləşir?”. Cavab verir: "İki hicab: biri dişlər və o birisi isə
dodaqlar”. Həzrət (s) buyurdu: "Bu hicablardan heç biri dilinə görə bizə
yaratdığın hiddətin qarşısını ala bilmədi”. Sonra buyurdu: "Bu dünyada
bir insana əta edilən şeylər içərisində heç bir şey onun qədər axirət
üçün kəlamın nüfuzundan daha çox ziyan gətirə bilməz”. Həzrət Əliyə (ə)
buyurdu: "Qalx və onun dilini kəs”. İmam (ə) ayağa durdu və ona tərəf
hərəkət etdi. Ona bir neçə dirhəm verib sakitləşdirdi.
Həzrət Peyğəmbər (s) o qədər kəskin şəkildə bu əmri verdi ki,
ətrafındakılar İmamın (ə) doğurdan da onun dilini kəsəcəyini zənn
etdilər. Ancaq Həzrət (s) bu sözləri ilə öz narahatçılığını bildirmək
istəyirdi. Başqa bir tərəfdən isə insanlara başa salmaq istəyirdi ki,
yaltaqlanmaq çox böyük bir əxlaqi eybdir.
İmam Sadiq (ə) buyurur: "Hər kim müsəlmanla iki dillə danışarsa,
Qiyamət günü gələndə atəşdən iki dənə dili olcaqdır”. Bu hədisdə məqsəd o
kəslərdir ki, dünya mənfəətini cəlb etmək üçün hər kəslə onun
meyllərinə uyğun söhbət edər.
Dil - insana əta edilmiş ən böyük nemətdir. İnsan dili vasitəsilə
başqa canlılardan fərqlənir. Göz ancaq rəngləri və formaları ayırd edə
bilir. Qulaq ancaq səsləri eşidir. Əl ancaq cisimləri hiss edə bilir.
Ancaq dilin əməl meydanı çox genişdir. Heç bir məhdudiyyəti yoxdur. Ona
görə də həm xeyir işlər görə bilər, həm də şərr işlər. Hər kim dilinin
kontrolunu əldən verərsə, süqut edər və cəhənnəm əhlindən olar. Həzrət
Peyğəmbər (s) buyurur: "Hər kim susmağa ixtiyar edərsə, nicat tapar. Dil
- kiçik üzvdür, ancaq böyük rola malikdir”.
Dil şeytanın insanın aldatması üçün ən yaxşı vasitələrindən biridir.
Çünki bu üzvdən istifadə qaydası sonsuzdur və məhdudiyyəti yoxdur. Başqa
üzvlərə nisbətən daha çox üsyankardır. Ona görə dilə nəzarət etmək
hamının vəzifəsidir.
İmam Sadiq (ə) buyurur: "Möminin nicatı - dilini saxlamasındadır”.
Haris deyir ki, İmam Əlidən (ə) eşitmişəm ki, buyurub: "Heç bir şey
dil kimi uzun müddət zindanda saxlanmağa layiq deyildir”. Həzrət (ə)
başqa yerdə buyurur: "Bütün yaxşılıqlar üç şeydə toplanmışdır: sükut,
söz və nəzər. O sözdə ki, zikr olmaz - yersiz və boşdur. O sükutda ki,
təfəkkür olmaz - qəflətdir. O nəzərdə ki, ibrət olmaz - yersizdir.”
Həzrət Peyğəmbər (s) buyurur: "Dilini saxla ki, o, sənin üçün
sədəqədir. Bəndəyə həqiqətən iman çatmaz, məgər o halda ki, dilini
saxlayar”.
İmam Əli (ə) buyurur: "Hər kim dilini saxlayar, Allah eybini gizlədər”.
Beləliklə deyə bilərik ki, dil - bizə verilmiş ən böyük nemətdir,
ancaq həm də başqa bədən üzvlərindən çox günah qazandıran bir orqandır.
Hər kim dilinə hakim olarsa, nicat tapar. Əks halda cəhənnəm əhlindən
olar.
(Tebyan/ Deyerler.org)
|