Əməllərin zahir və batini var. Həcc də bu qəbildəndir. Həqiqi ziyarət seyr-sülüuk yolunda mömin üçün bir yardımdır.
Bir şəxs həcc mərasimində izdihama xatir İmam Sadiqə (ə) ərz etdi:
-İmam, necə də çox hacı var…
İmam Sadiq buyurdu:
-Həqiqi hacı azdır!
Sədaqət Süleymanovanın (Modern) "Hacı adından sui-istifadə edən
azərbaycanlı "hacılar"...” məqaləsi bu baxımdan maraqlı görünür:
Həcc ziyarətinə getmək İslamın vacib şərtlərindən biridir. İmkanı
olan hər bir şəxsə ömründə bir dəfə Həccə getmək, Allahın buyurduğu
əməlləri yerinə yetirmək vacib buyrulub.
9 yaşından yuxarı qızlar, 15 yaşından yuxarı oğlanlara əgər Həcc
vacib olubsa, onlar bu ziyarəti yerinə yetirməlidirlər. Ümumiyyətlə
müqəddəs Həcci ziyarət etməyə insan həm maddi, həm də fiziki cəhətdən
hazır olmalıdır. Əgər onun fiziki sağlamlığı imkan vermirsə, Həccə gedə
bilməz. Həcc ziyarətinə gedən insanın maddiyatı özünü, ailəsini idarə
edə bilməyə imkan verməli, onun evi olmalı, ailəsini yemək-içməklə təmin
etməlidir. Əgər Həccə getmək istəyən insanın ölkəsində müharibə varsa,
yol qorxuludursa, pul haramdırsa, o da Həccə gedə bilməz.
Azərbaycanda bəzi imkanlı insanlar var ki, dalbadal bir neçə il Həcc
ziyarətinə gedir, gəldikdən sonra isə hacı adına yaraşmayan əməllər
sahibi olur... Qəddarlıq edir, haram pul qazanır, yetim-yesiri,
kasıb-kusubu incidir, dövlət malını mənimsəyir, rüşvər alır, əxlaqsız
qadınlarla vaxt keçirir...
Qafqaz Müsəlmanları İdarəsi 2011-ci il üçün Həcc ziyarətinə sənəd qəbulunu başa çatdırıb.
Artıq 2000 nəfərlik kvota dolub. Heç şübhəsiz bu ildə əvvəllər olduğu kimi Həccə gedənlər arasında
hacı adından sui-istifadəni planlaşdıran zəvvarlar var.
Bəs belələrinin hacı adını daşıması nə dərəcədə doğrudur?
Qafqaz Müsəlmanlar İdarəsinin şöbə müdiri hacı Mirəziz Seyidzadə
Modern.az saytının əməkdaşı ilə söhbətdə bu problemin günün ən vacib
məsələlərindən olduğunu bildirib. Onun sözlərinə görə, çox insanlar Həcc
ziyarətini turist gəzintisinə çevirib: "İnsanlar müəyyən şəhərlərə
gedirlər, turist kimi gəzirlər. Çoxları bu gün Həcci o cür qəbul edir”.
Həccin İslamın ən mühüm əməllərindən olduğunu deyən hacı Mirəziz
deyir ki, insanlar dinimizin buyurduğu vacim şərtlərə əməl etməlidir və
bunlara qeyri-ciddi yanaşmaq olmaz:
"Təbii ki, Həccə getmək niyyətində olan insanların öncədən yerinə
yetirməli olduğu bir sıra vacib əməllər də var. Həccə gedən insan əvvəl
gərək namaz qılsın, Allahı tanısın, oruc tutsun, öz nəfsi ilə cihad
etməyi bacarsın. Lazım olanda vətən, din yolunda canından keçə bilsin.
Həccə gedən insan gərək bunlara hazır olsun”.
Hacı Mirəzizin sözlərinə görə, çox insanlar namazı, halal-haramı bilmir:
"Bəziləri öz yaxın ətrafından yardım istəyir ki, ona Həccə getməyə
kömək etsinlər. Bu şəkildə Həccə gedən insan Həccin qanunlarını
öyrənmədiyi üçün onu yerinə yetirə bilmir və müqəssir vəziyyətdə geri
qayıdır. Həccin əməllərini yerinə yetirməyən insan müqəssir olur. Bu
qanunları öyrənmək bir az çətindir və buna insan qabaqcadan hazır
olmalıdır”.
Müsahibimizin sözlərinə görə, Həcc ziyarətini yerinə yetirmək istəyən
insanlara kömək etmək məqsədilə onları məscidə dəvət edirlər: "İnsanlar
bu qaydalara öyrənməkdə maraqlı deyil. Bir müddətdir Həccə gedənlər
üçün elan vermişik ki, məscidə gəlib həftəsonları bu qaydaları
öyrənsinlər. Burada hətta onlar üçün model də düzəltmişik, vacib olan
əməlləri necə yerinə yetirməyin lazım olduğunu əyani şəkildə göstərmək
istəyirik, amma gəlmirlər”.
Hacı Mirəziz deyir ki, bəzən Həcc ziyarətinə gedib orda lazım olan
əməlləri yerinə yetirə bilməyən insanlar şikayətlənir ki, onlar
qaydaları izah etmədilər.
"Halbuki, qaydaları burada öyrənmək lazımdır” deyən Hacı Mirəziz
Seyidzadə Həccə gedənlər üçün xüsusi kitablar hazırladıqlarını da
bidirib.
İslamın qanunlara əməl edən hər bir mükəlləf, hər mömin hacı ola
bilər. Həm də gərək Həccin qaydalarına ziyarəti zamanı tam əməl etsin
və qayıdandan sonra da hacı adına xələl gətirən işlər görməsin.
"Törətdiyi əməllərə görə tövbə edib Həccə gedir, gələndən sonra isə
qonşuluqda mağazada araq, pivə satır. Faydalı bir iş görmürsə, bu hacı
deyil. Hacı gələndən sonra daha gözəl əməllər etməlidir, bu ad görüntü
üçün deyil. Həcc ziyarəti sırasında tələbləri yerinə yetirməyən bir çox
insan gələndən sonra bu tituldan sui-istifadə edir. Allah belə Həcci
qəbul etmir” deyən hacı Mirəziz Seyidzaə qeyd edib ki, paklıq,
müqəddəslik hacının əməlində özünü büruzə verməlidir.
|