Görəsən abır nə olan şeydir ki, onu itirirlər?
Dünən avtobusda əyləşərkən dayanacaqda qəribə bir hadisənin şahidi
oldum. Sonradan aydın oldu ki, sən demə bir qadın avtobusa çatmayıb,
buna görə də orada dayanan kişinin üstünə qışqırır ki, gördün qaçıram,
niyə avtobusu saxlamadın. Nə yaşından, nə də ətrafdakıların qınayıcı
baxışlarından utanmayan "qadın", "gül" ağzını bir açdı ki, gəl görəsən.
Kişi də onunla sözləşmək istəmədiyindən, əvvəlcə kənara çəkildi. Gördü
yox, qadın dayanmır. O da başladı mübahisəyə ki, sən kimsən mən sənin
üçün avtobus saxlayım, anamsan, bacımsan, nəyimsən?
Bəli, elə bir söhbət başladı ki, nə Azərbaycan mentalitetinə, nə
qadınlıq qüruruna, nə də kişilik qeyrətinə sığmırdı. Görəsən çox yox, 20
il əvvəl belə hadisə baş versəydi nə olardı? Yenə də belə həyasızlıqmı
olacaqdı?
Abır, həya... İlk dəfə bu sözü mən uşaq olanda eşitdim. Məclisdən
qayıdan nənəm dedi ki, filankəs lap abrını itirib, həyasızlaşıb. Mənə
maraqlı gəldi ki, görəsən abır nə olan şeydir ki, onu itirirlər.
Nənəmdən soruşanda bunları dedi: "Həya adamın pis söz və davranışlardan
utanması və uzaq dayanmasıdır. İnsan, əsasən də qadın hər zaman öz
ləyaqətini, abrını qorumalıdır". Axırda dedi ki, Allahdan diləyim budur
ki, hamını bu bədbəxtlikdən qorusun. Mən o zaman yenə başa düşə
bilmədim ki, bədbəxtlik bunun harasındadır. Lakin böyüyə-böyüyə nənəm
demiş, belə abırsız insanlar və onların gətirdiyi bədbəxtliklər daha çox
qarşıma çıxmağa başladı. Biri də elə dünən. Nə isə...
Bu gün elə bir zəmanədə yaşayırıq ki, yad adamlar bir tərəfə,
ata-balanı, bacı-qardaşı, dost-dostu öldürür, var-dövlətini əlindən
alır, evindən çıxardır. Elə bir zəmanədə yaşayırıq ki, insanlar dünyaya
övlad gətirməkdən qorxurlar. Bəs bu aqressivliyə səbəb nədir? Var-dövlət
hərisliyimi, azad respublikada yaşamağımızmı, qərbə inteqrasiyamı,
nədir bizi bir-birimizi incitməyə vadar eləyən, həyat şəraitini
çətinləşdirən. Bəlkə bunları hamısı bir yerdə? Məsələnin dərinliyinə
baxanda görürük ki, bütün problemlərin kökündə əslində abır-həyanı
itirməyimiz durur. Çünki həya fərdi deyil, ictimai bir məsələdir.
Baxın, tək bir nəfər məmurun həyasızlığı nəticəsində nələr baş verir:
Xaliqin bir kəlməsi ilə var olan torpaqda Onun Evinə yer tapılmır,
dünyadakı bütün gözəlliyi bircə "Ol!" kəlməsi ilə var eləyən Yaradanın
çağırışı olan "Azan"ın səsi batırılır, Onun əmrinin yerinə yetirən
insanların başından hicabları açılır. Bu gün öz biliyindən əlavə, abırı,
mərifəti ilə müəllimlərindən "afərin" almış hicablı qızın əvəzinə,
dükandan adicə çörək alanda kalkulyatorla hesab əməliyyatı aparan,
"şortik", "dekolte" geyinən "gözəli" yüksək maaşla işə götürülür. 20 il
əvvəl saçının qabağını "zayavka" elədiyi üçün dibindən kəsən qardaşın
oğlu, bu gün qadınların çarşabını açır, yerlə sürüyür. Elm üçün Bağdada
gedən babanın nəvəsi, bu gün Azərbaycanın ən saf, ən təmiz insanların
timsalında hacı mövsümləri, vaqifləri, zülfüqarları... tutur.
Gör nə günə qalmışıq ki, abır-həya geridəqalmışlıq sayılır, belə
insanlarla rastlaşdıqda da deyirlər ki, "rəhmətliyin oğlu, heç elə bil
bu dünyanın adamı deyil". Necə də yanlış təsəvvürdür? Məgər abırlı olmaq
bu dünyanın insanına xas olan bir xüsusiyyət deyilmi?
Axı Yaradan bizi bu dünyaya göndərib ki, axirətdə əlimizdə azuqə olsun
və bunu qazanmağın yollarından biri həyadır. Yazıqlar haradan bilsin?
Dindən elə qaçırlar ki, elə bil oddan qaçırlar. Elə bilirlər ki, din
onların azadlığını əlindən alır.
Ey azadlığı açıq-saçıq geyimdə, söyüşlərlə olan sözləri əyə-əyə
danışmaqda, ata-anaya cavab qaytarmaqda, içki içməkdə, narkotik çəkmədə
görən biçarə. Azadlığın elə İslamda olduğunu anlayacaqsınız. Amma onda
gec olacaq. Çünki artıq dönüşü olmayan dərin bir bataqlıq girdabına
yuvarlanmış olacaqsınız.
Bir düşün. Sən özünə hörmət eləməsən, başqası sənə necə hörmət eləyəcək?
Əgər səndə sağlam fikir, inanc, həya duyğusu olmasa, nəfsinə və
şeytanın pis təlqinlərinə necə qalib gələ bilərsən? Unutma ki, Allaha
imanı möhkəm olan və həya duyğusunu itirməyən insan yaxşılıq və
gözəlliklərə yönələr, bu dünya onun üçün cənnətə çevrilər. Əksinə,
şeytana məğlub olana isə həyat cəhənnəmə çevrilər, bugünkü kimi hətta
dünyaya uşaq gətirməkdən qorxar. Bütün bunlar mənim tövsiyələrim deyil.
Zəmanəsindən bu günə kimi abrına-həyasına, ağlına görə düşmənlərinin
belə hörmətlə yanaşdığı Əhli-beytin nəsihətləridir. Gəlin, doğru yola
elə qədəmini atdığımız bu Qədr gecələrindən başlayaq.
Emilya Tağıyeva /Faktxeber