Bəhmənyar İbn Sinanın ən yaxın və xüsusi şagirdlərindən sayılırdı.
Onun öz ustadına olan sonsuz əlaqə və məhəbbəti bu sözləri təkrar etməyə
vadar edirdi: "Ey ustad! Yüksək elmi məqamınıza və hər bir sahədə uca
rütbəyə malik olduğunuza görə peyğəmbərlik iddiasında olsanız, camaat
sizin sözünüzü qəbul edər. Çünki onların qəlbləri sizinlədir.”
Lakin o, ustadından bu mövzuda nə mənfi və nə də müsbət cavab ala bildi.
Bir müddət ötdü. Qış fəslinin şaxtalı və soyuq bir gecəsində ustadla
şagird öz isti yataqlarında uzanmışdılar. Bu vaxt İbn Sina Bəhmənyarı
səsləyib susuzluğunu dəf etmək üçün ondan bir stəkan su gətirməsini
xahiş etdi. Lakin Bəhmənyar tənbəllik edib isti yerindən qalxmaq
istəmədi və bəhanə gətirərək ustadının xahişini rədd etdi. Sübh
azan səsi "Əllahu Əkbər, Əşhədu ənlə iləhə illəllah, Əşhədu ənnə
Muhəmmədən rasulullah” eşidildikdə İbn Sina fürsəti qənimət bilib
şagirdinə dedi: "Sənin irəli sürdüyün təkliflərə azan cavab verdi.” Bəhmənyar soruşdu: "Necə bəyəm?”
Ustad cavab verdi: "Sən hamıdan çox məhəbbət bəsləməyinə baxmayaraq
susuzluğumu aradan qaldırmaq üçün mənə bir stəkan su belə qıymadın və
məni susuz qoyub itaətimdən boyun qaçırdın. Amma səsini eşitdiyin bu
müsəlman kişi (müəzzin) soyuq və şaxtalı havada minarəyə qalxıb sonuncu
Peyğəmbərin (salləllahu ələyhi və alihi və səlləm) buyuruğunu, özü də
məcburi şəkildə deyil, əksinə rəğbət və məhəbbətlə yerinə yetirir. Bu
müstəhəb əməl (azan demək) həqiqi iman qüvvəsinə bağlıdır. Peyğəmbərliyə
layiq Məhəmməddir (salləllahu ələyhi və alihi və səlləm), nəinki İbn
Sina.” Gərək Kəsrəvi və Zamanov kimilərinə deyilsin: "Sizin fars
və ya Esperanto dilini beynəlmiləl dilə çevirməyiniz heç vaxt baş
tutmayacaq. Çünki sizin bu təkliflərinizin arxasında qəzəb və təəssüb
dayanır. Amma maddiyyat aləmindən daha üstün və ərəbcə nazil
olmuş Qurana, namaza sonsuz məhəbbət qaynağı "iman qüvvəsi” qeyri-təbii
qüvvədir. Belə bir iman dünyaya təkan verib beynəlmiləl bir dil təklif
etməyə səlahiyyətlidir.” Bernard Şou bu barədə deyir: "İslam dini
dünyaya təkan vermək üzrədir. Quran elə bir kitabdır ki, bütün
bəşəriyyətə səadət yolunu göstərir. Onun vasitəsilə Yer kürəsində
yaşayan bütün insanların siyasi, iqtisadi və təbii müşküllərini həll
etmək olar. Quran bəşəriyyətin dini kitabına, ərəb dili isə beynəlmiləl
bir dilə çevrilə bilər.” Londonda nəşr edilən "İslam məktəbi”
jurnalında Rivyu adlı bir şəxsin "Nə üçün Allaha ərəb dilində ibadət
edək?” məqaləsi çap edilmişdir. Bu məqalənin bəzi hissələrini xülasə
şəkildə nəzərinizə çatdırırıq: "Əgər İslam hər hansı bir irqə və
ya millətə məxsus bir din olsaydı, hər bir şəxs öz məntəqəsinə aid olan
dildə bütün ibadətləri yerinə yetirərdi. Amma İslam beynəlmiləl bir
dindir və onun ardıcılları yüzlərlə ayrı-ayrı dillərdə danışırlar.
Hal-hazırda bizim yaşayışımız beynəlmiləl yönüm aşılamaqdadır və hər
bir şəhərdə müxtəlif dillərdə danışan çoxlu müsəlman vardır. Təsəvvür
edin ki, bir ingilis müsəlman Çinə gedir. Yolda bir şəxsin Çin dilində
"Çinq,Çanq,Çunq” (yəni Allah Böyükdür) sözlərini eşidir. Məlumdur ki,
milliyyətcə ingilis olan bu müsəlman çinlinin nə dediyini başa
düşməyəcək. Nəticədə o, camaat və ya cümə namazında iştirak edə
bilməyəcək. Onu da qeyd edək ki, Çində olan məscidlər Fransanın
və ya İngiltərənin məscidlərinə oxşamır. Minarəsi olmadığına və tikilişi
fərqləndiyinə görə məscidləri adi evlərdən seçmək çox çətindir. Belə
olan surətdə, dünya dindarları arasında müştərək üsulların olması
zəruridir. Namaza dəvətdə və onun ibadi formullarının icrasında da əsasi
üsulların olması lazımdır ki, müxtəlif dillərdə danışan bu məzhəb
ardıcılları həmin üsullara bir qaydada riayət etsinlər.” Rivyu
məqaləsinin başqa bir hissəsində belə deyir: "Araşdırdıqda görürük ki,
əsl nüsxəsi vəhylə bağlı olan bu kitabdan (Quran) savayı bütün başqa din
kitabları tərcümədən ibarətdir və vəhyə əsaslanan bir mənbəyə malik
deyildir. Müsəlmanlar üçün bundan da böyük iftixar ola bilərmi? Bəli,
yalnız Qurani-Kərimdir ki, vəhy olunmuş və dəyişilməmiş çəkildə
müsəlmanların ixtiyarındadır. Qustav Lobon deyir: "Müxtəlif
məzhəblərdən olan müsəlmanlar iki şeydə müttəfiqdirlər. Onlardan
birincisi ərəb dili (Quran və namaz vasitəsilə), ikincisi isə
milyonlarla müsəlmanın eyni bir məkanda və eyni zamanda bir yerə
cəmləşib həcc əməllərini yerinə yetirməsidir. Təbəqəsindən asılı
olmayaraq hər bir müsəlmanın Quranı ərəbcə oxuması lazımdır. Belə
nəticəyə gəlirik ki, ərəb dili dünyanın hər yerində yayılmış
dillərdəndir. İslamın sürətli inkişafı və Quranın yayılması müxalif
qrupları heyrətə salmışdır.”
Bütün hüquqlar qorunur. Web-saytın materiallarından istifadə zamanı "Cəfərilər"ə istinad (www.ceferiler.com) zəruridir.
|