İmam Əli (ə) buyurur: "Hələ ki, əməllərinizin qəbul
olması üçün fürsət var, tövbə faydalı olur, dua yerinə yetər, rahatlıqla
yaşayar, qələmlər hərəkətdədir (mələklər saleh əməlləri yazır) - əməl
edin”. Ancaq əgər bu fürsət əldən gedərsə, ölümün
astanasında olarıqsa, bütün bu imkanlar aradan gedər. Həsrət və qəmdən
başqa yerində heç nə qalmaz.
İmam (ə) yuxarıda söylədiklərinin şərhində buyurur: "Ömür
sizə arxa çevirməmişdən qabaq saleh əməlləri yerinə yetirməyə başlayın.
Ya xəstəlik o əmələ mane olar, ya ölüm (sizdən hər şeyi) oğurlayar”.
Qocalıq çağında insan bədənin bütün güc və qüvvəsi zəifləyir və öz
əvvəlki qüdrətini əldən verir. Bu zaman insan ibadətlərini kamil şəkildə
yerinə yetirə bilmir.
İmam (ə) ölümün 6 sifətini açıqlayır və buyurur: "Ölüm
sizin ləzzətlərinizi viran edəndir. Ürəyinizdə olan istəkləri zülmətə
çevirəndir. Səfər mənzillərinizi uzaq edər (yəni hədəfinizə çatmaqdan
sizi saxlayar), görüşəcəyiniz şeydir ki, həmişə seviləsi deyildir.
Məğlub olmaz düşməndir və izləniləsi mümkün olmayan cinayətkardır”.
İmam (ə) bu nurani kəlamı ilə bizi xəbərdar edir ki, ölüm hamımızın
sorağına gələcəkdir. Elə bir nişancıdır ki, hamını nişana alar. Elə bir
düşməndir ki, ən güclü insanlar onunla mübarizə edə bilməz. O, gələcək
və hər şeyi bir-birinə qarışdıracaqdır. İmamın (ə) bu kəlamları
insanları qəflət yuxusundan ayıldan sözlərdir. Qafilləri oyadar və məst
olanları ayıldar.
İmam (ə) davamında buyurur: "Tələsi sizin əl və ayağınıza düşmüşdür
(xəstəlik kimi zahir olmuşdur). Müsibət və çətinliklər sizin bütün
varlığınızı əhatə etmişdir. Oxları sizi hədəfə almışdır (hər an sizə
tərəf atıla bilər). Heybəti sizin üçün əzimdir. Davamlı olaraq sizə
təcavüz edər”.
İmam (ə) bu kəlamında ölümü bir ovçuya bənzətmişdir ki, bütün
insanlara tələ qazar. Onun oxu xata etməz. Ya da peşəkar bir qılınc
çalandır.
Əgər insan hər hansı bir işdə şəkk edə bilərsə, ölümdə heç bir zaman
şəkk etməz. Dünyanın ən qəhrəman insanları onun qarşısında diz
çökmüşdülər. Peyğəmbərlər (ə) və İlahi Övliyalar belə ondan canlarını
qurtara bilməmişdilər.
İmam (ə) yenə buyurur: "Ölümün qaranlıq kölgəsi sizə
əhatə etməyə yaxındır. Xəstəliyin şiddəti sizi bürüyər. Onun ziyanları
sizə hakim olar. Ölüm qaranlığı sizi bürüyər və ruhun bədəndən çıxmaq
ağrısı sorağınıza gələr. Qaranlıq pərdələri sizin üzərinizə enər və ölüm
şərbəti sizə dadızdırılar”.
İmam (ə) bu sözləri ilə bizə xəbərdarlıq edir ki, ölüm yaxındır, hər
an xəstə yatağına düşə bilərik. O qədər olub ki, insan bir an içərisində
ölümün acı şərbətini dadıbdır. İmam (ə) buyurur: "Sanki
ölüm qəflətən sizə gələr və daxil olmağı ilə sizi hətta asta danışmaqdan
belə sakit edər. Məclis əhlinizi dağıdar. Əsərlərinizi məhv və
evlərinizi sahibsiz qoyar. Varisləriniz mallarını aralarında bölərlər”.
Ölüm kiçik və böyük tanımır, hər bir halda insanın sorağına gələ bilər.
Məhrum Əllamə Şuştəri peyğəmbərlərdən (ə) Həzrət Musanın (ə), Həzrət
Davudun (ə) və Həzrət Süleymanın (ə) dünyadan qəfildən getdiyini bəyan
edir. Süleymanın ölümü haqqında Quran da şahidlik edir. Ölüm mələyi
gəlir və canını alır. Ancaq o əsasına söykənən vəziyyətdə 3 gün dayanmış
olur.
İmam (ə) ölənin yerdə qalanlarını üç dəstəyə bölərək buyurur: "Ölənin
xüsusi dostlarıdır ki, ancaq o an dostluğun heç bir təsiri olmur.
İkinci dəstə qohumlarıdır ki, çox qəmgin olarlar ki, ölümü dəf etməyə
qüdrətləri yoxdur. Üçüncü dəstə düşmənlərinizdir ki, sizin ölümünüzə
görə ah-zar etmir”.
Beləliklə, deyə bilərik ki, ölüm hər an bizi izləyir və hər an bizə
bu acı şərbəti içizdirə bilər. Ona görə də həyatda bir çoxlarının
qəfildən öldüyünə şahid olan qafillər! Necə ola bilir ki, hələ də öz
işinizdəsiniz və günah işlətməkdə davam edirsiniz? Mal və məqam əldə
etmək üçün müxtəlif bəlalara düçar olursunuz?
(Tebyan/ Deyerler.org)