Şərti
olaraq İslam adlandırdığımız zahiri iman şərti olaraq iman
adlandırdığımız həqiqi imandan tamamilə fərqli bir məfhumdur. Zahiri
İslamın axirət səadətinə heç bir tə᾽siri yoxdur. Bununla belə, zahirdə
də müsəlman dini əsasları və zərurətləri təsdiq etməlidir. Axirəti,
namazı inkar edən şəxs heç zahiri müsəlman sayıla bilməz. Təkcə
kəlmeyi-şəhadət deməklə müsəlman olmaq yanlış təsəvvürdür. İslamın
başlanğıcındakı adi müsəlmanlar axirət inamının zəruri olduğunu
bilirdilərsə, bu günkü müsəlmanlar belə mühüm bir inancdan xəbərsiz ola
bilərlərmi?!
Əgər zahiri müsəlmanlıq batini kafirliklə birləşərsə
əbədi əzab qaçılmazdır. Zahirdə İslamın bütün əsasları və zərurətlərini
təsdiq edib, batində bütün bunlara düşmən kəsilənlər az deyildir. Demək,
cəmiyyətdə saleh bir müsəlman kimi tanınmış şəxsin qəlbində damlaca
iman olmaya da bilər. Əlbəttə ki, kimin müsəlman, kimin qeyri-müsəlman
olmasını müəyyənləşdirmək fəqihlərin işidir. İslamın elə mərtəbələri
də vardır ki, hətta peyğəmbərlər bu mərtəbələrə çatmaq üçün Allaha dua
etmişlər. Həzrət İbrahim və həzrət İsmail Kə᾽bəni tikərkən belə dua
etmişdilər: «Ey Rəbbimiz, bizim hər ikimizi müsəlman qərar ver» . Ayədə
İslamın ali mərtəbəsi dedikdə, mütləq təslimolma nəzərdə tutulur. Eləcə
də, təkcə imanı nicatverici hesab edən mürciə baxışı da həqiqətdən
uzaqdır. Bir insan dünyadan imanlı getsə də yol verdiyi günahlara görə
müxtəlif əzab mərhələlərini keçəcəkdir. Rəvayətlərdə buyurulur ki,
mö᾽min öz günahlarına tövbə etmədən dünyasını dəyişərsə ölüm mələyi olun
canını əziyyətlə alar. Əgər bu əziyyətlə günahlar paklanarsa insan
bərzəx dünyasında sakit olar. Amma canvermə əziyyəti günahları yumağa
kifayət etməsə birinci qəbir gecəsi ağır keçər. Əgər bu əzab da kifayət
olmasa günahlar yuyulanadək bərzəx aləmində əziyyət davam edər.
Mümkündür ki, bərzəx aləminin əziyyətləri də günahların paklanması üçün
kifayət etməsin. Belə olduğu təqdirdə günahkar insanı qiyamət səhnəsinin
məşəqqətləri gözləyir. Amma bu mərhələlərin istənilən birində ləyaqətli
insan şəfaətə nail ola bilər. Başqa sözlə, Əhli-beyt (ə) vasitəsi ilə
bağışlana bilər. Rəvayətdə buyurulur ki, mə᾽sum imamlar bərzəx
aləmində yox, qiyamət səhnəsində öz işlərinə zəmanət verəcəklər. Demək,
mö᾽min kişi bərzəx aləmində uzun illər əzab çəkə bilər. Allaha pənah
aparaq! Şəfaətə nail olmaq o demək deyil ki, insan dünyasını dəyişən
kimi bağışlanacaqdır. Şəfaətin də mərhələləri vardır və ən tə᾽sirli
şəfaət qiyamət gününə məxsusdur; qiyamət gününə qədər günahları
təmizlənməyən insan cəhənnəmə gedəcəkdir. Elə bu səbəbdən də Əhli-beyt
buyuruqları gəncləri «mürciə» düşüncə tərzindən uzaq olmağa çağırır. Bu
düşüncə tərzi insanları yuxuya verərək onları günah bataqlığına çəkir.
İslam dininə belə yanaşma olduqca təhlükəlidir. Ümumiyyətlə, cəzasızlıq
insanı cinayətə sövq edir. Onu da qeyd edək ki, təkcə iman gətirmək
kifayət olsaydı bu qədər dini göstərişə ehtiyac qalmazdı. Bu da
həqiqətdir ki, bütün insanlar eyni iman səviyyəsinə malik ola bilməzlər.
İmanın bir çox mərtəbələri vardır. Əslində bu mərtəbələr sonsuzdur. İki
insan eyni bir mərtəbəli imana malik ola bilməzsə, demək bu mərtəbələr
çoxdur. Ən mühüm vəzifə budur ki, insan zahiri müsəlmanlıqla
kifayətlənməyib həqiqi iman üçün çalışsın. Atadan irs aparmaq,
müsəlmanlıq səbəbindən pak olmaq və bir çox başqa xüsusiyyətlər bu
dünyanın zahiri hökmləridir. Axirət səadəti üçünsə qəlb imanı zəruridir. İnsan
çatdığı iman mərtəbəsi ilə kifayətlənməməli, kamil insan olmaq üçün
çalışmalıdır. İman bə᾽zən güclənib bə᾽zən də zəifləyə bilər. Güclü iman
özünü əməldə büruzə verir.
Bütün hüquqlar qorunur. Web-saytın materiallarından istifadə zamanı "Cəfərilər"ə istinad (www.ceferiler.com) zəruridir.
|