İbni Şəhr Aşub
"Mənaqib” kitabında yazır: "Əmr ibni Ubeyd İmam Sadiqin (ə) hüzuruna
gedir və bu ayəni tilavət edir: "Əgər sizə qadağan olunmuş böyük
günahlardan çəkinsəniz, Biz sizin kiçik günahlarınızı silər və sizi
şərəfli bir yerə daxil edərik. (Günahların böyük və kiçik adlandırmaları
onların fərdi və ya ictimai fəsadlarına görədir. Amma əslində Allaha
itaətsizlik olması baxımından götürüldükdə bütün günahlar böyükdür)”.
("Nisa” 31).
Əmr deyir: "Yəbnə
Rəsulallah! Quranda adı çəkilmiş bu kəbirə günahları tanımaq istəyirəm.
İmam (ə) da qəbul edir və onları saymağa başlayır:
1. Allaha şirk bəsləmək.
Allah Quranda buyurur: "Şübhəsiz, Allah Ona şərik qoşulmasını (bu günahı) bağışlamaz”. ("Nisa” 48).
2. İlahi rəhmətdən ümidsiz olmaq.
"Allahın qurtuluş və mərhəmətindən naümid olmayın ki, Allahın mərhəmətindən kafirlərdən başqa heç kim naümid olmaz”. ("Yusif” 87).
3. Ağvalideyn olmaq.
"Və məni anama xeyirxah edib və təkəbbürlü, itaətsiz və rəhmətdən məhrum etməyib”. ("Məryəm” 32).
4. İnsan öldürmək.
"Kim
bir mömini qəsdən öldürsə (və bu əməli halal hesab etsə), onun cəzası
Cəhənnəmdir ki, orada əbədi qalacaqdır. Həmçinin Allah ona qəzəb edər,
onu Öz rəhmətindən uzaqlaşdırar və onun üçün böyük bir əzab hazırlayar”. ("Nisa” 93).
5. İffətli qadına töhmət vurmaq.
"Həqiqətən
iffətli, (günahdan) xəbərsiz, imanlı qadınlara zina isnad verən kəslər
dünyada və axirətdə lənətlənmişlər və onlar üçün böyük bir əzab vardır”. ("Nur” 23).
6. Yetimin malını yemək.
"Həqiqətən
yetimlərin mallarını zülm ilə yeyənlər əslində qarınlarına od daxil
edirlər (yetimin malına toxunmağın axirətdəki gerçək təzahürü od yemək
olacaqdır). Və onlar tezliklə (yetimin malını yeməklə ölüm arasındakı az
bir fasilədən sonra) yanar oda daxil olar və onun hərarətini dadarlar”. ("Nisa” 10).
7. Müharibədən fərarilik etmək.
"Həmin
gün – döyüşü davam etdirmək üçün başqa bir yer axtaran (yenidən hücum
etmək üçün geri çəkilmə fəndi işlədən) və ya (döyüşçü) dəstəyə qoşulmaq
üçün yeni bir mövqe seçən şəxs istisna
olmaqla – onlara arxa çevirən kəs mütləq, Allahın qəzəbini özünə
qoşmuşdur və onun sığınacağı Cəhənnəmdir. Ora - pis bir dönüş yeridir”. ("Ənfal” 16).
8. Sələmçilik.
"Sələm yeyən kəslərin (insanlar arasındakı) duruş və rəftarları şeytanın toxunaraq dəli
etdiyi (davranışının tarazlığını pozduğu) kəsin rəftarı kimidir. Bu
onların «şübhəsiz, alış-veriş də sələm kimidir» demələrinə görədir.
Halbuki, Allah alış-verişi halal, sələmi isə haram etmişdir”. ("Bəqərə” 275).
9. Zina.
"Və o kəslər ki, Allahla birgə
başqa məbud çağırmır, Allahın möhtərəm və toxunulmaz etdiyi canı
(qisas, şəri cəza və sairə kimi) haqq (qətllər) istisna olmaqla öldürmür
və zina etmirlər. Kim bunları etsə, (ağır) bir cəza ilə qarşılaşar”. ("Furqan” 68).
10.Yalandan and içmək.
"Həqiqətən,
öz əhd-peymanları və andları(nı - dini qəbul etmək barəsində olan
əhd-peymanlarını və haqqa kömək üçün olan andlarını pozmaq) müqabilində
ucuz bir qazanc (vəzifə və mal) əldə edən kəslərin axirətdə bir payları
yoxdur”. ("Ali-İmran” 77).
11.Xəyanət.
"(Həm
səmavi şəriətlər və həm də sağlam ağıl baxımından) heç bir peyğəmbərə
(qənimətlə əldə edilmiş mallarda və sairədə öz ümmətinə) xəyanət etmək
yaraşmaz”. ("Ali-İmran 161).
12. Zəkat verməmək.
"Ey iman gətirənlər, şübhəsiz, kitab əhlinin alimlərindən və rahiblərindən
bir çoxu camaatın mallarını haqsız yerə (Tövrat və İncili təhrif etmək
və rüşvət almaq bahasına) yeyirlər və (camaatı) Allahın yolundan
saxlayırlar. (Kafirlərdən, yaxud müsəlmanlardan) qızıl və gümüş yığıb
onu Allah yolunda xərcləməyən (onda olan vacib haqqı ayırmayan və
qalanını ümmətin iqtisadiyyatının güclənməsinə sərf etməyən) kəslərin
hamısını ağrılı bir əzabla müjdələ. O gün ki, onlar (həmin qızıl-gümüş)
Cəhənnəm odunda qızardılacaq və onlarla həmin şəxslərin alınlarına,
böyürlərinə və kürəklərinə dağ basılacaq (onlara): «Bu, özünüz üçün
yığdığınız həmin xəzinələrdir, odur ki, dadın yığdıqlarınızın cəzasını!»
(deyiləcəkdir)”. ("Tövbə” 34-35).
13.Yalandan şahidlik etmək.
"Kim tövbə etsə və yaxşı işlər görsə, o, gözəl və bəyənilən şəkildə Allaha tərəf qayıdar. (Buna görə də günahın savaba çevrilməsi təəccüblü deyil)”. ("Furqan” 71).
14. Şəhadəti gizlətmək.
"(Lazım olan zaman) şəhadəti gizlətməyin. Kim onu gizlətsə, onun qəlbi günahkardır”. ("Bəqərə” 283).
15. Şərab içmək.
Hədislərin birində deyilir: "Şərab içmək bütə pərəstiş etmək deməkdir”.
16. Namazı tərk etmək.
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim bilərəkdən namazı tərk edərsə, Allah və Rəsulu ondan bezar olarlar”.
17. Qohumluq əlaqəsini kəsmək.
"Həmin kəsləri ki, Allahla əhd-peyman bağladıqdan
sonra onu pozur (Allahın hökmləri əqli və nəqli cəhətdən sübuta
yetirildikdən sonra onlarla müxalifət edir), Allahın, birləşdirilməsini
əmr etdiyi şeyləri (qohum-əqrəba, məsumlar və din kimi şeylərlə əlaqəni)
kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Ziyana uğrayanlar da
onlardır”. ("Bəqərə” 27).
18. Pis söz danışmaq.
"Əyri söz(lər)dən uzaq olun”. ("Həcc” 30).
19. Allahın qarşısnda ağılsızlıq etmək.
"Belə isə, məgər Allahın məkrindən və qəfil əzabından xatircəmdirlər? Halbuki, ziyana uğramış dəstədən başqa heç kəs özünü Allahın məkrindən amanda bilmir”. ("Əraf” 99).
20. Nemətə naşükürlük etmək.
"Və
(yada salın) o zaman(ı) ki, Rəbbiniz (belə) elan etdi: «Əgər şükür
etsəniz, sizə (olan nemətləri) mütləq artıraram və əgər kafir olsanız,
ya naşükürlük etsəniz, Mənim əzabım, əlbəttə çox şiddətlidir”. ("İbrahim” 7).
21. Satışda az vermə.
"Vay halına əskik satanların!” ("Mutəffifin”. 1).
22. Bidət.
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim bidət edənin üzünə gülsə, dini ilə oynamış olar”.
Beləliklə bu hədisdən
görmək olur ki, İmam (ə) bəzi yerlərdə Quran ayələrinə və bəzi yerlərdə
də hədislərə istinad etmişdir. Bunun səbəbi odur ki, Həzrət Peyğəmbərin
(s) söylədiyi vəhylər özündən deyil, Allahdan idi. O, heç bir zaman
özündən nəyisə deməmişdi və bunu Quran da təsdiq edir: "O,
(Quranın və ilahi tapşırıqların çatdırılmasında) əsla nəfsi istəkləri
ilə danışmır. Dedikləri yalnız, (yuxarı aləmdən) ona ilham olunan
vəhydir”. ("Nəcm” 3-4).
Hazırladı: Məşhədi Xanım,
Deyerler.org