◘Allah-təala
Musaya (ə) xitab edərək buyurdu: "Ey Musa! Mən səndən ötrü üç şey
yerinə yetirirəm və sən də bunun müqabilində üç əməl yerinə yetir.”
Dedi: "Onlar hansılardır?”
Buyurdu: "Mən sənin ixtiyarında minnətsiz
olaraq çoxlu ne`mətlər qoymuşam. Sən də əgər bir kəsə nə isə verdin
minnət qoyma. Mən sənin üzr və tövbəni qəbul edirəm, baxmayaraq ki, bir
çox itaətsizliyi bilərəkdən yerinə yetirmişsən. Sən də cəfakarların
üzrünü qəbul et. Mən səndən sabahın əməlini bu gün tələb etmirəm, sən də
sabahın ruzisini Məndən bu gün istəmə.”
◘Başqa bir
hədisi-qüdsidə deyilir: "Hər hansı bir bəndə haram tikəni tamam-kamal
iştahası olduğu halda ağzından qaytarsa Mən ona üç mükafat dünyada, üç
mükafat da axirətdə əta edərəm. Dünyada onun ömrünü bərəkətli, ruzisini
bol, qəbrini nurani edərəm. Axirətdə isə çöhrəsini ağ edərəm,
tələbkarları ondan uzaqlaşdıraram, Öz mübarək üzümü ona göstərərəm
(yə`ni, ona çoxlu rəhmət əta edərəm.)”
Allah-təala Musaya (ə)
buyurdu: "Heç bu vaxta qədər xalis bir əməl yerinə yetirmisən?” Dedi:
"Bəli. Namaz qılmışam, oruc tutmuşam və zikr demişəm.” Buyurdu: "Namaz
sənin siratdan keçməyin üçündür. Oruc cəhənnəm atəşi qarşısında
qalxanındır. Zikr isə behiştdəki dərəcələri qaldırır. Bəs elə isə, bütün
bunlar sənin özün üçün olub.” Musa (ə) ağladı və ərz etdi:
"Pərvərdigara! Mənə elə bir iş öyrət ki, yalnız Səndən ötrü olsun.”
Xitab olundu: "Zülm görmüşə kömək göstərmisən? Çılpağı geyindirmisən?
Susuza su vermisən? Alimə ehtiram etmisən? Bunlar xalis əməllərdir.”
◘Başqa
bir hədisdə deyilir: "Mən qiyamət günü üç qrup insanla düşmənçilik
edərəm. Biri odur ki, Mənimlə əhd-peyman bağladıqdan sonra onu sındırır.
İkincisi odur ki, azad bir insanı satır, pulunu da yeyir. Üçüncüsü də
odur ki, fəhləni işlədir, lakin pulunu vermir.”
◘Allah-təala
Üzeyir peyğəmbərə vəhy edib buyurdu: "Elə ki, kiçik bir günah etdin, o
günahın kiçikliyinə baxma. Allahın böyüklüyünə bax ki, Onun fərmanını
ayaq altına almısan. Elə ki, sənə kiçicik bir xeyir yetişdi, o xeyrin
kiçikliyinə baxma, Onu sənə əta edən ne`mət sahibinin əzəmətinə bax. Elə
ki, bəlaya düçar oldun Məndən camaata şikayət etmə. Çünki Mən sənin
günahlarından məlaikələrə şikayət etmirəm (və sənin sirlərini onlar üçün
açmıram).”
◘Allah-təala başqa bir peyğəmbərə vəhy edib buyurdu:
"Mənim görüşümə eşq və məhəbbətlə gələni behiştə daxil edərəm, qorxu ilə
gələni əzabdan xilas edərəm, xəcalətli və utanan halda gələnin isə
günahlarını əməlləri yazan məlaikələrin zehnindən silərəm.”