Haqqında
danışdığımız məşşai və işraq fəlsəfələri, eləcə də kəlam, irfan və
sufilik cərəyanları İslamın təfəkkür tarixində uzun illər ixtilaf və
münaqişə mənbələri kimi çıxış etdilər. Qətiyyətlə demək olar ki, bu
cərəyanlardan heç biri müsəlman dünyası üçün mütləq bir təfəkkür məktəbi
yarada bilmədi. XVII yüzilliyin birinci yarsında İslamın təfəkkür
tarixində mühüm bir yenilik baş verdi. Bu yeniliyi İslam dünyasına
misilsiz filosof Sədrəddin Şirazi 1 bəxş etdi. Molla Sədra adı ilə
şöhrət tapan bu mütəfəkkir yeni kəşfləri ilə təfəkkür aləmində neçə-neçə
əsrlik tarixi olan bir boşluğu doldurdu. Molla Sədra yaratdığı bu böyük
fəlsəfədə bütün təfəkkür məktəblərini əridə bildi. O, əqli dəlil və
isbat yollarını, ruhun paklanmasını, Qur’an və sünnəyə istinad edərək
dini üsulların müdafiəsini və həqiqətin kəşfi ilə yanaşı ona qovuşmağı
mühüm amillər kimi öz fəlsəfəsində birləşdirdi. Dahi mütəfəkkir bu fikir
cərəyanlarını (işraq və məşşai fəlsəfələri, kəlam, irfan və sufilik)
birləşdirib, köhnə fikirlərdən ibarət ümumi bir məktəb yaratmadı, əksinə
o, sözün əsl mə’nasında tamamilə yeni bir fəlsəfə yaradaraq həmin
məktəbləri özündə həzm etdirdi. Molla Sədra bu əvəzsiz, misilsiz məktəbə
«Mütəaliyə (ucalıq) fəlsəfəsi» adını qoydu.
Mütəaliyə fəlsəfəsi, ilk
növbədə əqli dəlil, isbat və istidlallara istinad edir. Molla Sədra
irfan və sufiliyin əqli dəlil və isbatlara əsaslanmayan tə’limlərini
rədd edərək yazır: «Sufilərin adəti
yalnız irfani zövqə arxalanmaqdır. Biz isə, əqli dəlil və isbatı olmayan
şeylərə e’timad etmir və kitablarımızda yazmırıq» 2. Habelə,
yalnız əqli qüvvəyə e’timad edilməsi, ruhi paklığın və ilahi ilhamların
qəbul olunmaması da Molla Sədra tərəfindən rədd olunur: «Elmlə
məşğul olanların çoxları ariflərin e’timad etdikləri qeyb elmlərini və
İlahi ilhamları inkar edirdilər. Halbuki, bu elmlər başqalarından daha
güclüdür» 3. Mütəaliyə fəlsəfəsinin ən xarakterik
xüsusiyyətlərindən biri də fəlsəfi fikirlərlə Qur’an və sünnə arasında
vəhdət yaratmasıdır. Molla Sədraya görə İslam fəlsəfəsi Qur’an və sünnə
ilə sırf əlaqəli olmalıdır. O, ilk şəxs olaraq isbat etdi ki, əqli
nəticələrlə şəriət (Qur’an və sünnə) bir-biri ilə ziddiyyətdə ola
bilməz. Filosof bu barədə yazırdı (ixtisarla): «Heyhat,
heyhat! Ağıl və şəriəti birləşdirməyi bacarmayan kəs ziyana uğrayar.
Ağlın misalı sağlam bir göz, şəriət isə onun görməsi üçün nur saçan bir
günəş kimidir» 4. İrfan alimlərinin lazım bildikləri vüsala,
yə’ni həqiqəti kəşf etməklə yanaşı ona qovuşmağa gəldikdə isə, bu,
Mütəaliyə fəlsəfəsində özünəməxsus şəkildə əks olunmuşdur. Molla Sədra
vüsalı vacib bilir, amma həqiqətə qovuşmaq orada «yox» olub məxluqatın
müqəddəratını unutmaq demək deyildir. İnsan həqiqətə qovuşduqdan sonra
məxluqatın hidayəti üçün «geri dönməlidir», lakin bu «dönüş» vüsaldan
sonrakı «hicran», yə’ni həqiqəti tapdıqdan sonra ondan ayrılmaq
deyildir. Məxluqatın hidayəti üçün geri dönmüş insan cəmiyyət daxilində
hər şeydən həqiqətə yol tapır, onu hər an duyur. Bütün bunlar filosofun
əsas fəlsəfi fikirlərini əhatə edən məşhur «Dörd səfər» kitabında şərh
olunmuşdur. Adından göründüyü kimi, kitab dörd səfər və mərhələdən bəhs
edir. Bu dörd səfər Molla Sədranın Mütəaliyə fəlsəfəsinin qayəsini
təşkil edir. Burada müəllif həqiqət yolçusunun seyr edəcəyi və eləcə də
əqli dəlillərə, Qur’an və sünnəyə müvafiq irfani mərhələlərdən söhbət
açır: «Seyr minəl-xəlq iləl-həqq –Məxluqatdan haqqa doğru səfər (yürüş)». Bu mərhələdə insan maddi sərhədləri aşır, həqiqəti kəşf edərək ona qovuşur. «Seyr bil-həqqi fil-həqq –Həqiqətin köməyi ilə həqiqətin özündə səfər (seyr)».
İkinci mərhələdə insan qovuşduğu həqiqətin öz köməyi ilə həqiqətlə daha
yaxından tanış olur, onun sifət və kamilliyini müşahidə edir. «Seyr minəl-həqqi iləl-xəlq bil-həqq –Həqiqətin öz köməyi ilə həqiqətdən məxluqata dönmək».
Üçüncü mərhələdə insan həqiqətdən məxluqata, insanların arasına
qayıdır. Lakin qeyd etdiyimiz kimi, bu qayıdış, əsla, həqiqətdən
ayrılmaq demək deyil. «Seyr fil-xəlqi bil-həqq –Həqiqətin köməyi ilə məxluqatın içərisində səfər (seyr)». Sonuncu mərhələdə insan, həqiqətdən kəsb etdiyi nurun vasitəsilə insanları hidayət edir, onları həqiqətə yönəldir. Belə
bir ehtimal irəli sürə bilərik ki, Molla Sədra bu İlahi səfərləri İslam
peyğəmbəri Həzrəti Məhəmmədin (s) me’racından götürmüşdür. Biz
insanların me’racı isə namazdır. Namaz hər bir insanın həyatı boyu
keçirdiyi təkamül prosesinin yığcam formasıdır. Bütün bu qeyd
etdiklərimiz «Mütəaliyə fəlsəfəsi» dəryasından, yalnız kiçicik
damlalalar idi. Molla Sədra yaratdığı bu İlahi fəlsəfəni kimsənin nail
ola bilmədiyi fövqəl’adə yeniliklərlə daha da zənginləşdirdi. Cəmi iki
yüz məsələdən ibarət dar çərçivədən kənara çıxmayan fəlsəfə Molla Sədra
tərəfindən genişləndirilərək məsələlərinin sayı yeddi yüzədək artırıldı.
Molla Sədranın nəzəriyyələrində çatışmazlıqların ola biləcəyini istisna
etmirik. Lakin qətiyyət və iftixar hissi ilə deyə bilərik ki,
«Mütəaliyə fəlsəfəsi» bizim ən kamil təfəkkür məktəbimizdir.
1
Sәdrәddin Mәhәmmәd ibn İbrahim Şirazi – 1569-1640-cı illәrdә yaşamış
dahi İslam filosofu, «Mütәaliyә fәlsәfә»sinin banisidir. Əvvәllәr
işraqilәrin nümayәndәsi olmuşdur. 40-dәk qiymәtli әsәri qalmışdır. 2 Sәdrәddin Şirazi «Dörd sәfәr», c.1, sәh.11. 3 Sәdrәddin Şirazi «Dörd sәfәr», c.1, sәh.9. 4 Sәdrәddin Şirazi «Üsuli-Kafinin şәrhi», sәh.438.
Bütün hüquqlar qorunur. Web-saytın materiallarından istifadə zamanı "Cəfərilər"ə istinad (www.ceferiler.com) zəruridir.
|