İmam Əli (ə) övladın haqqı barəsində buyurur: "Övladın
atası üzərində haqqı vardır. Atanın da övladı üzərində haqqı vardır.
Atanın övladı üzərindəki haqqı odur ki, övladı Sübhan Allaha
itaətsizlikdən başqa hər bir işdə onun əmrini yerinə yetirsin. Övladın
atası üzərindəki haqqı budur ki, ona yaxşı ad qoysun, yaxşı ədəb
öyrətsin və Quran təlimi versin”.
Valideyn və ailə ocağı - övladlar üçün ictimai fəsad qarşısındakı
səngərdir. Bu səngər onların fəsaddan uzaq olaraq, istedadlarının
çiçəklənməsinə səbəb olar. Ancaq əgər bu səngər zəif olarsa, övladları
təhlükəyə məruz qalarlar.
Cəmiyyətdə çox sayda müvəffəqiyyət qazanan insanlarla rastlaşırıq.
Onları araşdıran zaman aydın olur ki, ailəsi ona yaxşı tərbiyə
vermişdir.
İmam Əli (ə) oğlu İmam Həsənə (ə) buyurur: "Gördüm ki,
illərimi geridə qoymuşam. Bu vəsiyyətlə səni qabaqlayıram. Orada bir
neçə xüsusiyyət sayıram. Ölüm gəlməmişdən qabaq və məni tapmamışdan
qabaq o şey ki, düşüncələrimdə var, sənə deyilməmiş qalmasın. Nəsihətdən
əvvəl bəzi nəfsani istəklər sənə qalib gələr. Ya dünyanın aldadıcıları
səni aldadar. Ona görə də qaçan və itaətsizlik edən dəvə kimi olarsan”.
Ailənin ən həssas vəzifələrindən biri - düzgün tərbiyədir. Çünki
övladlar - valideynlərə verilmiş İlahi əmanət və ən böyük nemətlərdir.
Ailəyə sevinc və şənlik gətirər. Valideynin Allaha bu nemətə görə edə
biləcəyi ən böyük şükrü - onu düzgün tərbiyə etməsidir. Əks halda Allah
bu vəzifəni Öz üzərinə götürərdi. Valideynin övladına etdiyi ən böyük
xidmət - mal yardımı deyil, bəlkə onu tərbiyə etmək və İlahi
qabiliyyətlərini üzə çıxartmaqdır.
İmam (ə) buyurur: "Ataların övladına irs qoyub getdiyi ən yaxşı şey - ədəbdir”.
Övladlar valideynin bir parçasıdır. Ona görə də heç bir valideyn
həyatının ən böyük səmərəsi olan övladına qarşı laqeyd ola bilməz.
İmam (ə) buyurur: "Səni görürəm ki, mənim parçamsan. Əgər sənə zərər dəysə, mənə dəymiş olar. Əgər ölümün tez gəlsə, həyat köklərimi kəsmiş olar”.
Həzrət (ə) başqa yerdə buyurur: "Övladın sənin üzərindəki
haqqı budur ki, bilməlisən o, səndən əmələ gəlmişdir. Həyatın yaxşılıq
və pisliklərində sənə bağlıdır. Bil ki, ona rəhbərlik etməkdə, düzgün
tərbiyə və ədəb verməkdə məsuliyyətlisən. Onu Böyük Allaha hidayət et,
Haqqın əmrlərinə itaət etməkdə ona yardım et”.
O kəslər ki, vəzifəsini yerinə yetirməkdə səhlənkarlıq edər,
övladının inkişaf etməsinə yardım etməz - günah etmiş olar və Allah
qarşısında cavab verməli olarlar. Quran buyurur: "O gün insan qaçar öz qardaşından; Anasından və atasından; Zövcəsindən və oğullarından”.
("Əbəsə” 34-36). Qiyamət günü pərdələr kənara çəkilən zaman gizlilər
aşkar olacaqdır. Bir müsəlman ilk növbədə gələcək həyat yoldaşını seçən
zaman diqqətli olmalıdır. Çünki gələcəkdə ana olan zaman övladına düzgün
tərbiyə verə bilsin. Ana da hamiləlik dövründən başlayaraq, övladını
tərbiyə etməyə çalışmalıdır. Bu yolda İlahi təlimləri yerinə
yetirməlidir. Övladına qarşı diqqətcil olmalı və ona sevgi ilə
yanaşmalıdır. Onlara öz həyat təcrübələrini və İlahi əhkamları
aşılamalıdır. Tənbəllik və süstlükdən uzaq olmağı öyrətməlidir. Ailədə
olan hər bir kəs üzərinə düşən vəzifəni ən yaxşı şəkildə yerinə yetirsə,
cəmiyyətə təhvil verdiyi ailə məhsulu da daha ədəbli, imanlı və saleh
olar.
(Tebyan/ Deyerler.org)