Seyid Əli Seyid Məhəmməd oğlu İmaməddin Nəsimi 1369-cu ildə Şamaxıda
anadan olmuşdur. Bəzi tədqiqatçılar onun Bakıda doğulduğunu iddia edir.
Azərbaycan şairi, dahi mütəfəkkir "İmaməddin Nəsimi" adı ilə məşhurdur.
Şairin atası Seyid Məhəmməd Şirvanda yaxşı tanınan şəxsiyyətlərdən idi.
Nəsiminin bir qardaşı da olub. Onun Şamaxıda yaşadığı, Şah Xəndan
təxəllüsü ilə şeirlər yazdığı və hazırda bu adla tanınan qədim
qəbiristanlıqda basdırıldığı məlumdur. İslamdan sonrakı dövrdə Şamaxı
iri mədəniyyət mərkəzlərindən birinə çevrilmişdi. Burada çoxlu məktəb,
məd- rəsə, bütün Şərqdə məşhur olan şeir və musiqi məclisləri fəaliyyət
göstərmiş, bundan başqa zəngin ictimai və şəxsi kitabxanalar mövcud idi.
Paytaxtdan bir qədər kənarda, Məlhəm adlanan yerdə məşhur şair
Xaqaninin əmisi-alim və həkim Kafiəddin tərəfindən yaradılmış
Dar-üş-şəfa tibb akademiyası da fəaliyyət göstərirdi. Şamaxıdan
ümumiyyətlə bir çox şair və alimlər çıxmışdır ki, onların da arasında
böyük sənətkar Əfzələddin Xaqanini xüsusi qeyd etmək lazımdır.
Şairin əsərlərinə diqqət yetirdikdə bəlli olur ki, Nəsimi Şamaxıda o
dövrün ən yaxşı universitetlərinin tələbinə cavab verəcək bir dərəcədə
kamil təhsil ala bilib. İlk təhsilini Şamaxıda almış, dövrün elmlərini,
dinlərin tarixini, klassik Şərq və qədim yunan fəlsəfəsini, habelə
ədəbiyyatını dərindən mənimsəmiş, İslam və Xristianlıq dinlərinin
əsaslarına yaxından bələd olmuş, Quran, hədis elminə gözəl yiyələnmiş,
tarix, psixologiya, etika, coğrafiya, tibb, astronomiya və astrologiya,
riyaziyyat və məntiq elmlərinə dərindən qail olmuşdu. O, Azərbaycan,
fars və ərəb dillərində eyni dərəcədə gözəl məzmunlu şeirlər yaza
bilirdi. Onun azərbaycanca şerlərinin dili həm zənginliyi, həm də xalq
nitqinə yaxınlığı ilə seçilir, atalar sözləri, zərb-məsəllər, hikmətli
sözlər burada çoxluq təşkil edir. Nəsiminin rübailəri Azərbaycan xalq
şeiri nümunələri olan bayatılara çox yaxındır. Nəsiminin poeziyasında
Azərbaycanın, eləcə də digər Şərq ölkələrinin məşhur alim və şairlərinin
adları tez-tez xatırlanır. Bunlardan Əli ibn Sinanı, Xaqanini,
Nizamini, Fələkini, Həllac Mənsuru, Fəzlullah Nəimini, Şeyx Mahmud
Şəbüstərini, Övhədi Marağayini və başqalarını göstərə bilərik. Bundan
başqa Nəsiminin əsərlərində peyğəmbərlərin, imamların adı da çox
vurğulanmışdır. Bunlardan daha çox Adəm(ə), Xızır(ə), Musa(ə), İsa(ə),
Məhəmməd(s), Həzrət Əli və daha sonrakı 11 imamın adı bir çox
şeirlərində vəsf edilmişdir.
Teymurləng Hürufiləri ciddi təzyiqlərə məruz qoyduğu bir vaxtda Nəsimi
vətəndən didərgin düşüb, İraq, Türkiyə, Suriyada yaşamağa məcbur
olmuşdu. Mənbələrə görə Nəsimi Hürufilik təlimi əsasında irəli sürdüyü
panteist ideyaları üstündə Hələb şəhərində edam olunub. Nəsimini Təbrizi
nisbəsində təqdim edən İbn əl-İmad Hənbəli yazır: "O, hürufilərin
şeyxidir, Hələbdə sakin idi, tərəfdarları çoxaldı, bidəti artdı, iş o
yerə çatdı ki, sultan onun öldürülməsini əmr etdi, boynu vuruldu, dərisi
soyuldu, çarmıxa çəkildi.” Faktlar isə bu mənbələrin ziddinədir.
Nəsiminin əsərləri ilə tanış olduqda şairin niyə edam olunduğu bizə əyan
olacaq.
Nəsimi 3 dildə anadili səviyyəsindən geri qalmayan şeirlər yazıb. Demək
olar ki, Nəsimi şeirlərinin məzmun cəhətdən əsas mahiyyəti
Qurani-Kərimin ideyasından kənara çıxmır.
Nəsiminin əsərləri ilə yaxından tanış olduqda dünyada ikinci bir şəxsin
Nəsimi qədər Əhli-beyt(ə) aşiqi olmasını demək çətindir. Bizə "Mən
Allaham” kəlməsini işlədən kimi tanıdılan Nəsimi əslində təvazökarlığın
ən yuxarı mərtəbələrində idi. Nəsimiyə görə insan Özünü Əhli Beytə qul
bilməsə Allaha çata bilməz. Əhli Beyt aşiqi isə İlahiyə olan sevgini
dildə yox, əməldə göstərməli, Əhli Beytin yasaq etdiyi əməllərdən, yəni
riyadan, ücbdən, həsəddən, tənbəllikdən, qafil olmaqdan çəkinməlidir. Və
bununla da bəlli olur ki, Nəsimi özünü Allah yox, Böyük Yaradan
qarşısında aciz məxluq hesab edir. "Şah sənsən mən gədayəm ya Əli səndən
mədəd”, "Bəs Əli yolunda xaksar olmaq gərəkdir, xaksar”. " Nəsimi,
bəndeyi Qəmbər olubdur, çakəre Heydər”, " Xake dəre Əhli-beytəm”,
"Hamıdan kəmtərin kəmtər, be cane xake pa gördüm”.. Kimlərə isə adi
görsənən bu ifadələr əlbəttə zövq əhli tərəfindən ayrı cür qarşılanır.
Nəsiminin o dövrdə Yezidi qan içən it, donuz adlandırmasına heç də ötəri
baxmaq olmaz . Nəsimi qeyri- Əhlibeyt ideyalı hakimlərin hökmranlıq
etdiyi ölkələrdə yaşayan mütəfəkkirlər arasında bəlkə də təqiyyə etməyən
yeganə şair idi. Bəhanə olaraq Nəsimini kafir kimi öldürsələr də
əslində buna səbəb onun Əhlibeyti(ə) təbliğ etməsi idi. Sual çıxa bilər
ki, bu cəza niyə məhz Nəsimiyə şamil olundu, niyə Nəsimi bu qədər təqib
olunurdu? Əlbəttə, cavab çox sadədir. Nəsiminin Əhlibeyt(ə) haqda olan
ağır fəlsəfə yüklü şeirləri sanki musiqi bəstəsində idi. Başa düşən də,
başa düşməyən də bu rəvan, axıcı şeirləri dillərində zümzümə edirdi.
Məclislərdə Nəsiminin qəzəlləri, qəsidələri oxunurdu. Bu şeirlər qılınc
gücü ilə dəyişilməyən beyinlərə daha tez təsir edirdi. Bir sözlə
Nəsiminin rəvan şeirləri cəmiyyət arasında daha sürətlə yayılırdı.
Gəl ki, müştaq olmuşam didarına,
Vermişəm can zülf-i anbərbarına,
Məhrəm etdin çün məni əsrarına,
Ey pəri, gəl çək məni bir darına.
***
Ey yüzündən zahir əsma-i huda,
Şöylə ki, Quranda dedi kulləha,
Adəmi bil, andadır əsrarha,
Can ilə başın yolun qıl fəda.
***
Eşq ilə gəldi cəm-i ənbiya,
Eşqdir seyrü süluk-i övliya,
Eşq ilə yola girərlər biriya,
Eşq ilə vasıl olurlar tanrıya.
***
Al əlindən atını, yaban at,
Haqpərəst ol, haqqı tanı, olma at.
Dünyanın dövründə yoxdur çün səbat,
Atını qaçırma ruhdan, olma mat.
***
Ey cəmalin Qulhüvallahü əhəd,
Surətin yazısı Allahüssaməd
Bir ucu zülfün əzəl, biri əbəd,
Hüsnünə şeytan imiş mən la səcəd.
***
Haqq Təala varlığı adəmdədir,
Ev onundur, ol bu evdə dəmdədir,
Bilmədi şeytan bu sırrı, gamdadır,
Ol səbəbdən ta əbəd matəmdədir.
Həmin dövrdə şeirlərində əqidəsinin birbaşa izharı siyasi cəhətdən
Nəsimi üçün çox təhlükəli idi. Xüsusilə də özlərini Əhlibeyt(ə)
məzhəbindən hesab edənlər daim təqib olunurdu. Buna baxmayaraq Nəsimi öz
ideoloji mənsubiyyətini gizlətmir, iftixarla şeirlərində onlara
müraciət edirdi.
Mən ol sadiq qulam kim, Cəfəriyəm.
Həqiqət söylərəm, həqq Heydəriyəm...
Nəsimiyəm,Yezidə lənətim var
Əzəldən mən düçare Xeybəriyəm.
Nəsimi şeirlərinin birində dərisinin soyulmasına fətva erənləri belə
adlandırmışdır. " Şul pustimi soydu Yezid-Mərvanilər”. Buradan bir daha
məlum olur ki, Nəsimi İslamda təriqətlər zəminində süni şəkildə
ixtilaflar yaradan hakimlər tərəfindən təqib olunurmuş, nəinki ateist və
ya özünü Allah adlandırması səbəbi ilə. "Ənəlhəqq” kəlməsini dəfələrlə
işlədən Nəsimi düşmənlərinin onu başa düşməmələrini də şeirlərində
vurğulamışdır.
Şul Yezid-Mərvanilər, pustimi soydu qazilər,
Mən "Ənəlhəqq” çağırıb Mənsurilən bir dar idim.
Soydilər pustimi aldım qayib, oldum olzaman,
Kimsə bilməz bu rəmuzi, həqqlə sərdar idim.
Nəsimi Ürfan məktəbinə təkcə nəzəri cəhətdən yox, praktiki cəhətdən
də müraciət etdiyi üçün onu çox vaxt başa düşmürdülər. Ürfan
nəzəriyyəsindən bir qədər məlumatı olan şəxs yaxşı bilir ki, Seyri-süluk
yolunda arifcəsinə irəliləyən salik hara baxdıqda ilahi təcəllanı görür
və o baxımdan dönüb özünə baxanda ilahi nişanə adlandırır özünü.
Həqq Təala Adəm oğlu özüdür,
Otuz iki Həqq kəlamı sözüdür.
Cümlə aləm bil ki, Allah özüdür,
Adəm ol candır ki, günəş yüzüdür.
Arif bundan sonra "Ənəlhəqq” deyəndə özünü Allah yox, İlahi varlıqda
yaradıcının nişanəsi kimi görür. "Ənəlhəqq”məfhumunu başa düşməyənləri
Nəsimi qəflətdə olduqlarına görə qınayır, onların yəqin əhli
olmadıqlarından, həmişə güman əhli olduqlarından bu məsələdə çaşıb
qaldıqlarını bildirir. Həzrət Əlidən(ə) belə bir hədis var. "Özünü
tanıyan Allahı tanıyar”. Nəsimi insanın, aləmin İlahi bir nişanə
olduğunu məharətlə şeirlərində tərənnüm etmişdir.
Qeyb və gümandan özgə ey zahid urma dəm ki,
Həqqülyəqin buldum, tərk eylədim gümanı.
Mənsur ənəlhəqq aydır, yəni ki, həqq mənəm, həqq,
Həqq çun əyanmış, gör, kim görmüyə əyanı.
Həzrət Əlidən(ə) bu barədə hədis də qeyd olunmuşdur. "Mən görmədiyim
Allaha ibadət etmərəm.” Əgər Nəsimi özünü Allah bilsəydi Əhli-Beytin
qapısının tozu deməzdi özünə. Onun "Qibləgahımdır Məhəmməd,
səcdəgahımdır Əli” qafiyəsi ilə yazdığı şeir özünü insan övladı hesab
etməsinə bir daha sübutdur.
Nəsimi şeirlərində Əhli-Beyt. Çox çətin bir dördə, Əhli-Beyt(ə)
məsumlarının adını çəkən şəxslərin təqib olunan vaxtı Nəsimi qorxmadan
iftixar hissi ilə " Kim Məhəmmədi Əlidən ayrur lənət ona, Ləhmikə ləhmi
deyilmi, ya Əli səndən mədəd” demiş və 14 məsuma onlarla şeirlər
yazmışdır. Aşağıdakı şeiri bunun tam təsdiqidir.
Mən qulami xanədanam, padişahımdı Əli,
Ehtiyacım var ona püşdü-pənahımdı Əli,
Könlümü qıldı münəvvər, mərhəmanımdı Əli,
Qibləgahımdır Məhəmməd , səcdəgahımdır Əli.
Gəldilər həqdən bəyanə sirri ağaz etdilər,
Sözləri ilə bu cahan mülkinə pərvaz etdilər,
Həmdülillah, biz gədanı məhrəmi-raz etdilər,
Qibləgahımdır Məhəmməd , səcdəgahımdır Əli.
Ta əzəldən padişahımdır Həsən xülqi-riza,
Dünyavi üqbəda sərtacım Hüseyni Kərbala,
Nuri çeşmimdir İmam Zeynul-İbad,
Qibləgahımdır Məhəmməd , səcdəgahımdır Əli.
Canu dildən bəndəye Baqir, qulami Cəfərəm,
Museyi-Kazım, İmam Rzaya kəmtərəm
Şah Təqi, Baba Nəqi yolunda paki-bəstərəm,
Qibləgahımdır Məhəmməd , səcdəgahımdır Əli.
Masəva tərk eyləyib bizləri diyari ləhlətə,
Hakim onlardır, bu gün layiqdir onlar hörmətə,
Lah deyənlər uğrayırlar bu cahanda möhnətə,
Qibləgahımdır Məhəmməd , səcdəgahımdır Əli.
Cümləmiz arzu edənlər Əskəriyyə əsgərüz,
Mehdiyi-Sahib Zamana biz təvəlla eyləriz,
Həmdillah eylə Ey Nəsimi, biz yolunu gözləriz,
Qibləgahımdır Məhəmməd, səcdəgahımdır Əli.
Nəsimi şeirlərində Quran
Nəsiminin şeirlərində Qurana müraciət diqqətəlayiq dərəcədə çoxdur.
Ey cəmalın Qul huvəllahu əhəd.
Surətin yazısı Allahus Saməd.
Bir ucu zülfünün əzəl, biri əbəd.
Hüsnünə şeytanmış mən lə səcəd.
***
Ey saçın vəlleyl, üzün vələzzüha,
Surətin şanında qul kəfa,
Ey saçından çun əyan oldu mənə,
Sirre əlrəhman əla ələrş üstüvə.
Aşağıdakı şeirdə Nəsimi Quranın "kun fəyəkun”(ol desəm olar)
ayəsindən məharətlə istifadə edərək yaradılışa toxunmuş və həmin
cümlənin ilk(k hərfi) və son hərfini(n) yaradılışın başlanğıcı hesab
etmişdir.
Kaf və Nun əmrindən oldu kainat,
Həm sifətdir Kaf və Nun, həm eyne zat.
Kaf və Nundan vacib oldu mümkünat,
Bəlkə sənsin aləmə zat və sifat.
Allah aləmi xəlq edərkən "Kun fəyəkun” (ol desəm olar) demişdir və
Nəsimiyə görə bu yaradılış Kaf Nuna yetməmiş baş vermişdir. Bununla da
Nəsimi sübut etmək istəmişdir ki, Allahın etdikləri üçün zaman
məhdudiyyəti yoxdur. Həmin "Kun fəyəkun” ayəsinin açıqlaması bizim
dərkimiz üçündür.
Nəsimi şeirlərində fəlsəfə
Daim ənəl-həqq söylərəm, neçünki Mənsur olmuşam,
Kimdur məni bərdar edən, bu şəhrə mənsur olmuşam.
Qibləsiyəm sadiqlərin, məşuqiyəm aşiqlərin,
Mənsuriyəm layiqlərin, mən beytə məmur olmuşam.
Musa mənəm ki, haqqilə daim münacat eylərəm,
Könlüm təcəlla Turudur, onun üçün Tur olmuşam.
İrdim qaşın mehrabına kim, qabi-qövsün ordadır,
Vəslət şəbində gör məni, sər ta qədəm nur olmuşam.
Bəzmi əzəldə içmişəm vəhdət meyin peymanəsin,
Ol cürədir ki, ta əbəd sərməst-o məxmur olmuşam.
Ey ay uzundur val-zəha və leyl-imiş saçun qara,
Ləlün mənə dar-ul-şəfa, oldur ki, rəncur olmuşam.
Hər yanə ki, dönər üzüm, orda görür həqqi gözüm,
Çun bu qəmindən qəm yedim, şadan-o məsrur olmuşam.
Ol şahidi qeybi mənəm ki, kainatin eyniyəm,
Ol nitqi rəbbani mənəm ki, dildə məzkur olmuşam.
Çun on səkkiz min aləmə, oldu vücudum ayinə,
Ol surəti rəhman mənəm ki, dildə məzkur olmuşam.
Ol gizli gəncin sirriyəm ki, zahir oldu gözlərim,
Ol gövhərəm ki, gün kimi aləmdə məşhur olmuşam.
Çun mən Nəsimi gövhərəm, gəncim sizə faş eylərəm,
Mən bu dolu viranədə gör ki, nə məmur olmuşam.
***
Həqq Təala Adəm oğlu özüdür,
Otuz iki Həqq kəlamı sözüdür.
Cümlə aləm bil ki, Allah özüdür,
Adəm ol candır ki, günəş yüzüdür.
Filosoflar Nəsiminin bu məzmunda olan şeirlərində çox zaman
yanlışlığa yol verirlər. Aşağıdakı şeirin anlaşılması isə tamamilə
islami məlumat tələb edir.
Yox ikən yer ilə göylər, mən əzəldən var idim .
Gövhərin yekdanəsindən eylər və pərgar idim.
Gövhəri ab eylədim, dutdi cəhani sərtasər,
Yer, göyü, ərşi, kürsü yaradan Səttar idim.
Girdim Adəm donuna, hiç kimsə sirrim bilmədi
Mən bu beytullah içində ta əzəldən var idim.
Gəzmişəm mən on səkkiz bin aləmi gərdiş ilə
Dəryanın altında sacı qızdıran ənar idim .
Şul Yezid-Mərvanilər, pustimi soydu qazilər,
Mən "Ənəlhəqq” çağırıb Mənsurilən bir dar idim.
Soydilər pustimi, aldım qayib, oldum ol zaman,
Kimsə bilməz bu rəmuzi, həqqlə sərdar idim.
Mən Nəsimiyəm, həqqi həq tanımışam bigüman,
O idi məni yaradan, həm mən ona dərkar idim.
Nəsimin bu şeirini bəzən səhv olaraq Xətaiyə mənsub edirlər.
Nəsiminin şeirlərində Adəm övladına verilən qiymətə bəlkə də heç bir
şairlərin əsərlərində rast gəlmək mümkün deyil. Əlbəttə Nəsiminin fikri
ınsanı Allah tanımaq yox, şeytanın bu cür dəyərli yaradılmış Adəmə səcdə
etməməsinə işarədir.
Ey cəmalın Qul huvəllahu əhəd.
Surətin yazısı Allahus Saməd.
Bir ucu zülfünün əzəl, biri əbəd.
Hüsnünə şeytanmış mən lə səcəd.
Bu şeirdə Nəsimi ilahi məqamda olan Adəm övladını Allahın nişanəsi
bilir və şeytanı insana səcdə etməməsinə görə Allahın əmrindən çıxmış
hesab edir. Bəşərin peyğəmbərlərə rəhmət olaraq yaradıldığını Nəsimi çox
gözəl şəkildə tərənnüm edir.
İsanın vəsli bilən Məryəmdədir,
Həqqi Süleyman hikməti Xatəmdədir.
On səkkiz min aləmin sərmayəsi,
Vələqəd kərrəm bəni Adəmdədir.
***
Hər nə yerdə, göydə var Adəmdə var.
Hər nə ayda, ildə var Adəmdə var.
Hər nə əldə, üzdə var qəddimdə var.
Həqq sözün fəhm etməyən adəm də var.
Nəsimi şeirlərində əxlaq
Nəsiminin tənqid hədəflərindən biri də özlərini arif kimi göstərən bəzi sufilər idi.
Bir məgəsdir balı yox.
Bir ağacdır barı yox...
Burada Nəsimi o dövrün hakim dairələrini, əqidəsiz din xadimlərini,
riyakar zahidləri özlərini balverən arıya bənzətmək istəsələr də məgəs
(milçək) adlandırmış, barsız ağaca bənzətmişdir. Nəsiminin nəsihətamiz
şeirləri də tərbiyəvi cəhətdən çox mühümdür. Şeirlərinin birində ədib
təriqət çaşqinlığında qalanlara belə buyurur:
Ey könül hər bivücuddan can umursan, nə əcəb.
Bikərəmdən lütfilən, ehsan umursan, nə əcəb.
Bişəriətlər nə bilsün ənbiyanın şərtini,
Bitəriqətdən rəhe ərkan umursan, nə əcəb?!
Bibəsrdən məniye şövqe kəmale mərifət,
Bixəbərdən söhbəte ürfan umursan, nə əcəb?!
Hər qayanın ləli olmaz, hər dənizin gövhəri,
Hər sədəfdən loloye mərcan umursan, nə əcəb?!
Çun Əzrayil əhsəne təqvimə baş endirmədi,
Onda sirre kəbeye Hənnan umursan, nə əcəb?!
Divuna məhrum ke, tutmaz isme Əzəmdən xəbər,
Əhriməndən rəhməte Rəhman umursan, nə əcəb?!
Heçmiş zöhdü və zerqi, zahidin əfsanəsi.
Şul fəqihdən məniye Quran umursan, nə əcəb?!
Umma hər qəlbi zoğaldan aşiqin əsrarını.
Kafirin könlündə sən iman umursan, nə əcəb?!
Ey Nəsimi, bivəfadan umma gəl rəsme vəfa.
Bivəfadan əhdilən peyman umursan, nə əcəb?!
Fani dünya, dünya malı Nəsimi gözündə dəyərsiz bir şeydir və eyni
zamanda riyakar zahidləri də dünya qəflətində olanlardan hesab edir.
Dünya çun murdardır iyrən könül murdardan,
Gül deyil dünya, tikandır nə umarsan xardan.
Dünyada bir yar vəfalı kimsənə görmüş degil,
Fareğ ol barı, nə hasil şul vəfasız yardan.
Axirət yarından istə hər nə məqsudun ki, var,
Dünyanın miqdarı yoxdur, keç bu bimiqdardan.
Müddəeye cövrü- cəfasın həddən aşrıdı, vəli,
Yar əgər yarı qılırsa qəm, degil əğyardan.
Çun Nəsimi, zahidin halını bildin kim nədir,
Meydən ikrah eyləməz, qafil degil xumardan.
Nəsimidə İrfani eşq
Nəsiminin eşq haqda olan şeirləri fəlsəfi baxımdan dünya
ədəbiyyatının şedevri sayıla bilər. Nəsimiyə görə eşq yalnız Allaha
olmalıdır. Bunu isə yəqin əhli olan ariflər duyar. Nəsimi insanın
yaradılışının mənbəyini Eşqdə görür. Bəzən alimlər bunu qadın-kişi
arasında olan eşqlə qarışdırır. Sual yaranır ki, bəs Adəmlə Həvvanı
hansı insanların eşqi yaradıb? Nəticə bunu göstərir ki, Nəsimi yaradıcı
eşqi önə çəkəndə İlahi eşqi nəzərdə tutur.
Eşqlə gəldi cəmi ənbiya
Eşq idi seyre süluke övliya
Eşqilə yola girərlər biriya
Eşqilə vasil olurlar tanrıya
Aşiqdə Kövsər həsrətini Nəsimi aşiqcəsinə bizə çatdırır
Çun cəmalın məhşərin gülzarıdır,
Hoze Kövsər pəs dodağın narıdir,
Hər ke olsa vəsle hüsnündən cüda,
Ona firqət bəs cəhənnəm narıdir.
Nəsimi burada aydındır ki, "Hoze -Kövsər" deyəndə Əhli-beyti(ə)
nəzərdə tutmuşdur. Kim ki, Əhli-beyt(ə) yolunda olarsa, Cənnətdə
"Kövsər" hovuzuna qovuşacaqdır. Əks halda bu mümkün deyildir. Necə ki,
susuz dodaq həsrətində olduğu suya qovuşmaq istər, insan da gərək bu
Kövsər hovuzuna o cür aşiq ola. İnsan suya həmişə ehtiyac hissi duyur və
bu zaman suyu ilk hiss edən orqan dodaq olur. Nəsimi dodaqla suyun bu
cür "eşqlə” qovuşmasından çox gözəl istifadə etmiş və bizə çatdırmaq
istəmişdir ki, insan hər zaman Əhli-beyt(ə) yolunun nəticəsi olan Kövsər
hovuzuna şövqlə can atmalıdır....
Aşiqin seyranı şul aləmdədir,
Görməyən ol aləmi matəmdədir.
Kuntu kunzəlin gövhəri Adəmdədir,
Adəm ol meydir ki, came cəmdədir.
Nəsimi İlahiyə qovuşmaq üçün yeganə yolu ixlasdan doğan eşqdə görür.
Allah insanı eşqlə yaratdığı kimi insan da yalnız öz Tanrısına eşqlə
çatar. Bu eşq isə nə cəhənnəmin qorxusundan ibadət edən zahiddə olar, nə
də cənnəti qazanmaq üçün ibadəti ticarət hesab edən abiddə olar. Zahid
də, abid də mərifət üçün çalışmalıdır, çünki Allahı tanımağın yolu
mərifətə çatmaqdadır. Nəsimiyə görə əsl dindar nə zahid mərhələsində, nə
də abid mərhələsində ilişib qalmamalıdır. Əsl dindar daima seyri-süluk
yolunda olmalıdır. Çünki arif olmaq istəyən Allahını tanıya bilər, arif
olmaq istəyən salikliyini davam etdirə bilər. Zahidin ibadətinin
əsasında qorxu, abidin ibadətinin əsasında cənnəti qazanmaq durursa,
fəqət arif bütün etdiyi əməllərini İlahiyə olan eşqinə görə edər.
Ariflər üçün cənnət mükafat yox Allaha qovuşmaq üçün bir bəhanədir və
onlar cənnəti bu səbəbdən qazanmaq istəyərlər.
Könlümün şəhrini çün kim eylədi yəğmaye eşq,
Saldı canım mülkinə şur və şər və qovğaye eşq.
Çaxdımı sirrim aləmə, əsrarımı faş eylədi,
Halıma həmdəm olandan dünyada sevdaye eşq.
Qalmadı namus və nam eşq içində zərrəcə,
Qoymuşam namus və namı, olmuşam rüsvaye eşq.
Nitq imiş aləmdə mövcud, eşq imiş qaime məqam,
Bizə bildirdi əzəldən rəhbəre mövlaye eşq.
Sən humaye laməkansan, kəndi özündən bixəbər,
Gəlmədin ta kim görəsən mənzile əlaye eşq.
Çıx qəfəsdən, gəl-gəl, ey bülbül, gülüstan seyrin et,
Bas qədəm meydane eşqə, görəsən maəvaye eşq,
Eşqlə hərdəm Nəsimi seyr edərsən kuhe Qaf,
Sənsən əvvəl ali məqamda şəhpəre əğnaye eşq.
Nəsimiyə görə ilahi eşqin yolu Əhli-Beytə olan eşqdən qaynaqlanır.
Kim bu şəxsləri tanımazsa əsl eşqin nədən ibarət olduğunu bilməz. Qəlbi
Həzrət Əli eşqi ilə yanmayan şəxs ilahi eşqin nə olduğunu bilməz.
Eşq əlindən yandı canım, ya Əli səndən mədəd.
Mən qəribe binəvayam, ya Əli səndən mədəd.
Sən mənə lütf və kərəmdən dərdimə bir çarə qıl,
Şah sənsən mən gədayəm, ya Əli səndən mədəd.
Həq Təala öz nurundan xoş yaratmış şahım,
Qüdrəte sirri xudasan, ya Əli səndən mədəd.
Kim Məhəmmədi Əlidən ayrur, lənət ona,
Ləhmikə ləhmi deyilmi, ya Əli səndən mədəd.
Həm Xədicə Fatimə ibni bəni binti Əsəd,
Mədəne dürre həqiqət, ya Əli səndən mədəd.
Bəndeye xəlqe Həsən oldum əzəldə ta əbəd,
Nure eyne Mustafasan, ya Əli səndən mədəd.
Hər Rəcəb ayında gördüm neçə möcüz göstərir,
Şah Hüseynin səduqində, ya Əli səndən mədəd.
Cümlə övlaye dini səndən zühur oldu tamam,
Adı Zeynəlabidindür, ya Əli səndən mədəd.
Baqir və Sadiq yolunda öyündüm mən canimi,
Musa Kazım inayət, ya Əli səndən mədəd.
Bər təvafe kəbə Şahe Xorasan eylədim,
Yetmiş iki həcce Əkbər, ya Əli səndən mədəd.
Həm Təqi və həm Nəqi və varise dine Nəbi,
Dövləte Ali-əbasan, ya Əli səndən mədəd.
Ol İmam Əsgəridir yəni ki, xəlqe Həsən,
Könlüm onda şad oldu, ya Əli səndən mədəd.
Ol Məhəmməd Mehdi Sahibe Zəman ilə zühur,
Aləmi kəffar tutdu, ya Əli səndən mədəd.
Səd hezaran lənət dadar davər hər zaman,
Bər Yezid toxme mərdan, ya Əli səndən mədəd.
Ey Nəsimiye şekəste, Həqdən istərsən nicat,
Coreye tövhid meyindən, ya Əli səndən mədəd.
İndiki dövrdə bəzi bədxah insanlar İmam Hüseyn qiyamını özündə az da
olsa ehtiva edən Məhərrəmlik mərasiminin ziddinə çıxırlarsa, 700 il
bundan qabaq Nəsimi aşağıdakı misralarla bizə dərs qoymuşdur.
Ey günəş, tire olub düşmədin yerə,
Ol matəm üzrə mehrilə dəyyar ya Hüseyn.....
Ağlamaq bu gün, bu matəmə canlar fəda etmək
Ol matəm üzrə mehrilə dəyyar ya Hüseyn.....
Bəzi dırnaqarası mütəfəkkirlər Məhərrəmlik mərasiminin bizə qonşu
İslam ölkələrindən sırındığını qeyd edir. Halbuki klassik Azərbaycan
şairlərindən olan Xətai, Füzuli, Şirvani, Sabir, həmçinin
həmmüasirlərimizdən olan Şəhriyar bu mərasimin qeyd olunmasını bizə
tövsiyə etmişlər.
Nəsimi şeirlərində mənaları çatdırmaq üçün əbcəd əlifbasından başqa, rəqəmlərdən də çox gözəl istifadə etmişdir.
Arif-i La-məkan otuz ikidir,
Sahib-i cism-ü can otuz ikidir.
Aç könül gözünü və üzünə bax,
Kim yaxın bi-güman otuz ikidir.
Üzün Ümmül kitabın ayətı,
Nə sayırsan, həmən otuz ikidir.
Sidrəttül-mantəha anın əqsamı,
Nə sayarsan, əyan otuz ikidir.
Vahyü ilham, ya Nəbiyyü vəlî,
Aşikaru nihan otuz ikidir.
İndi isə götürdü şirkü nifaq,
Bil ki sahib-zaman otuz ikidir.
Der Nəsimi ki, surətü məna,
ərh ilə həm bəyan otuz ikidir.
***
Yeddidür, dörd yeddidən bir yeddidür,
Yüz iyirmi dörd yenə üç yeddidür,
Evi bir, bacəsi yeddi, bab üç,
Əhli Beyt ilə özü on yeddidür.
***
Ol nədir kim hay və huy altıdır,
Kim görübdür bir sədəfdə altıdır,
Siyo dodan yuxarı hiç nəsnə yox,
Fövq başın, təht ayağın altıdır.
***
Yeddi yerdə otuz ikidür üzün,
Otuz iki göstərər iki gözün,
Qamətin səksən səkkiz edər bəyan,
Yetmiş iki bildirər nitqe sözün.
Sonda isə Nəsiminin ən gözəl fəlsəfi şeirlərindən biri ilə tanış olaq.
İnsan bəşərsən
Mən mülke cəhan, cəhan mənəm, mən.
Mən ərş və məkan məkan mənəm,mən.
Mən ərşilə fərşu kafu nunəm.
Mən şərhu bəyan bəyan mənəm, mən.
Mən kövn və məkanu kunfəkanəm.
Bilgəl ki, neşan neşan mənəm, mən.
Mən surəte mənidə həqqəm, həqq.
Mən həqqə əyan əyan mənəm, mən.
Bir gövhərəm və qədim əzəldə
Ey gövhəre kan, kan mənəm, mən.
Mən atəşe nur, eşqe həqqəm.
Musaya zəban zəban mənəm, mən.
Mən cümlə cəhan, kainatam.
Mən dəhre zaman zaman mənəm, mən.
Mən ayəte müsəhhəf və kitabəm.
Ey nitqə dəhan dəhan mənəm, mən.
Mən qövsilə həm kəman və tirəm.
Ey tir və kəman kəman mənəm, mən.
Cəmşide zəmane aləm oldum.
Cəmşide zəman zəman mənəm, mən.
Mən nəqşo xəyalo xətto xaləm.
Mən hərfo lisan lisan mənəm, mən.
Mən gənco nəhan, künto kənzəm.
Mən gənce nəhan nəhan mənəm, mən.
Mən zato sefate kunfəkanəm.
Mən ruh ilə cane cəhan mənəm, mən.
Mən kafirə mövte müsibət oldum.
Möminə iman iman mənəm, mən.
Mən cənnət və Abe Kövsər oldum.
Ey səhne cənan cənan mənəm, mən.
Mən bəhre mühit və kəranəm.
Ey bəhre kəran kəran mənəm, mən
Mən sirre tövhidəm, hədisəm.
Həm qeybo güman güman mənəm, mən.
İnsane bəşərsən, ey Nəsimi.
Həqdir ki, həman həman mənəm, mən.
Vüsal Hətəmov
"Kamillik” elmi araşdırma mərkəzi