Sual
oluna bilər ki, insan yalnız insandan, yoxsa Allahdan da həya
etməlidir? Əvvəla, müəyyən olmalıdır ki, görülən iş nə dərəcədə
çirkindir? İkincisi, insan gördüyü çirkin işə nə dərəcədə diqqətli olub?
Bu çirkin iş kimin qarşısında baş verib?
Allahın hüzurunu hiss
etməyən zəif imanlı insanlar adətən, Allahdan xəcalət çəkmir. İnsan o
zaman xəcalət çəkir ki, onun bu çirkin işini görən olsun. İnsan Allahın
hər yerdə hazır olduğunu bilsə də bu hüzur insanı günah fikrindən
daşındırmır. İnsan Allahın əzəmətini dərk etdiyi qədər də Ondan xəcalət
çəkir. Allahın əzəmətindən qafil insan, adətən, vəzifəli, güclü
adamların qarşısında səhvə yol verdikdə daha çox xəcalət çəkir. Amma bir
çoxları da imkansızlardan, uşaqlardan qətiyyən çəkinmirlər.
Əgər
özümüzdə belə bir hal müşahidə ediriksə hökmən tövbə etməliyik. Belə
tövbələr rəvayətdə «həya tövbəsi» adlandırılmışdır. İmam Rizanı (ə)
ziyarət etdikdən sonra oxuyuruq: «Həya istiğfarı edirik».
Allaha diqqət edib öz çirkin işinə görə insan tövbə edərsə bu xalis
tövbələrdən olar. Allahın əzəmətini dərk edən insan Onun göstərişini
pozub xəcalət çəkməyə bilərmi? Demək, ən üstün həya Allahdan edilən
həyadır. Biz inanırıq ki, gizlində və aşkarda iki nəzarətçi mələyimiz
var. Bütün çirkin işlərimizdən xəbərdar olan bu iki mələkdən xəcalət
çəkməliyik.
Bir mühüm nöqtə də var: Alt paltarla cəmiyyət arasına
çıxmaq pis işdir. Amma insan evdə tək olduğu zaman Allahın hüzurunda
olduğunu düşünərək alt paltarda qalmaqda çəkinməsinə ehtiyac yoxdur.
Məsələn, ümumi hamamda başqalarından xəcalət çəkmək təbii olsa da
kimsəsiz yerdə yuyunarkən Allahdan xəcalət çəkmək yersizdir. Çünki
paltar insan nəzəri üçün maneədir. Daş divar arxasındakı insanı görən
Allah üçün libas maneə deyil.
İnsan Allahdan o zaman xəcalət
çəkməlidir ki, özünə zülm edərək ilahi qanunları pozur. İnsan üçün bütün
hallarda Allahı xatırlamaq faydalıdır. Musa peyğəmbər (ə) Allaha ərz
edir ki, Pərvərdigara, elə hallar var ki, mən səni düşünməyə xəcalət
çəkirəm. Allah-təala buyurur: «Məni düşünmək heç halda pis deyil» .
Allahın
çirkin hesab etmədiyi heç bir işə görə xəcalət çəkmək lazım deyil.
Xüsusi ilə ərlə-arvad arasındakı münasibətlərdə xəcalət yersizdir.
Həya
ən üstün, ən dəyərli insani sifətdir. Çünki məhz həya səbəbindən insan
bir çox çirkin işlərdən yaxa qurtarır. Rəvayətdə buyurulur: «Həyası olmayanın imanı yoxdur» ; «Dini olmayanın həyası yoxdur».