Möminlərdən biri, harada oturub-durardısa, gülərək deyərdi: "Biz
behiştə gedəcəyik”. Ona dedilər: "Niyə behiştə?” Dedi: "Çünki bizim
Allahla bir münaqişəmiz yoxdur və insanlara da borcumuz yoxdur. O kəs
ki, Allahla münaqişədə deyildir, insanların haqqını zay etmir, onu hara
apararlar? O, Allahın aşiqidir, namaz əhlidir, xoş əxlaqlıdır, güzəşt
əhlidir”.
Beləliklə, bu möminin sözlərindən başa düşmək olur ki, o kəs ki,
Allahla münaqişədədir, insanların haqqını tapdalamışdır, əzab əhli olar.
Behişt möminlərin və cəhənnəm isə bu cür insanların yeridir. Bizim gedə
biləcəyimiz başqa yer yoxdur - ya behiştdir, ya da cəhənnəm.
Ustad Ənsarian buyurur: "Məni dəvət edən bir böyük insanı gün ərzində
bir neçə dəfə bazardan evinə getdiyini və qayıtdığını müşahidə etdim.
Ondan soruşdum ki, niyə belə edir və bu, onun üçün çətin deyildirmi?
Dedi: "Yox, atamın yaşı 80-dan çoxdur, bədəni qurumuşdur və üç ildir ki,
yatağa düşüb. Mən hər gün səhər və axşam gəlib ona xidmət etməyə
çalışıram. Soruşuram ki, bir şey lazımdır, yoxsa yox? Onu hamama
aparıram, yeməyini yedizdirirəm. Paltarını dəyişib, onu nəvaziş edirəm”.
Ona dedim: "Məni atanın yanına apar”. Getdim və o qoca kişiyə dedim:
"Halın necədir?” Dedi: "Çox yaxşı”. Dedim: "Nə edirsən?” Dedi: "Üç ildir
ki, rəfiqimi gözləyirəm”. Dedim: "Rəfiqin kimdir?” Dedi: "Ölüm mələyi!
Üç ildir ki, əlimdə bir iş gəlmir və axirət yolunun yolçusuyam. Gözüm
qapıdadır ki, gəlsin və məni aparsın”. Bu sözləri heç bir qorxu hiss
etmədən deyirdi. Soruşdum: "Vəsiyyətnamən vardır?” Dedi: "Bəli, ancaq
mənim yazılı vəsiyyətim yoxdur. Əslində heç nə yazmamışam, əməli
vəsiyyət yazmışam. Mənim üç qızım və iki oğlum vardır. Bir buğda
tarlası, bir bağım və evim vardır. Onları Quranın buyurduğu kimi
bölmüşəm. Mənim insanlara borcum yoxdur, Allahımla hesabımı görmüşəm.
Zəkat və xumsumu vermişəm, bir dəfə Məkkəyə və iki dəfə Kərbəlaya
getmişəm. İldə bir dəfə də Məşhədə getmişəm. Ancaq gözləyirəm ki, ölüm
mələyi gəlib məni behiştə aparsın”.
İmam Sadiq (ə) İmam Baqirdən (ə) nəql edir: "Bir nəfər Peyğəmbərin
(s) xidmətinə gəlir və deyir: "Mənim niyə ölümdən qorxum var, nifrət
edirəm? Ürəyim ölüm sözünü eşitmək istəmir. Bunun səbəbi nədir?” Həzrət
(s) buyurur: "Sərvətin çoxdur?” Deyir: "Bəli”. Buyurur:” Topladığın bu
puldan kimisə kömək etmisən?” Deyir: "Yox. Mən heç bir iş görməmişəm,
ancaq pulu toplamışam”. Həzrət (s) buyurur: "Ona görə də ölümdən
nigaransan. Bilirsən ki, ölüm mələyi gələn zaman bu pulların hamısı bada
gedəcəkdir. Sən bu pullara ürək bağlamısan. İstəmirsən ki, ölüm səni bu
pullardan ayırsın. Ölümün adını eşidən kimi başa düşürsən ki, ölüm,
yəni səni bu sərvətdən ayıran şey. Ona görə də narahatsan və ölmək
istəmirsən”.
İmam Sadiq (ə) İmam Baqirdən (ə) və o da imam Səccaddan (ə) nəql edir
ki, buyurub: "İmam Əlidən (ə) soruşurlar: "Ya Əmirəl-möminin! Siz niyə
ölümə aşiqsiniz? Ölməkdən qorxmursunuz?” Həzrət (ə) buyurur: "Gördüm ki,
Allahın mənə verdiyi bu dindarlıq və məni hidayət etdiyi bu din -
mələklərin və peyğəmbərlərin (ə) dinidir. Başa düşdüm ki, Allahım məni
bu dinə və ona əməl etmək üçün dəyərləndirmişdir. Elə bir Allah yoxdur
ki, mən bütün ömrümü dindar olam və dinə əməl edəm və öləndən sonra məni
tək qoysun. Bizim belə Allahımız yoxdur”.
Bəli, mömin ölümdən qorxmamalıdır, əksinə ona hazır olmalıdır. Çünki
heç kim bu dünyada cavidan qalmaz. Hər birimiz bir gün ölüm mələyini
qarşılayıb, dünyamızı dəyişəcəyik. O günə qədər axirət yükümüzü
toplamağa çalışaq.
(Erfan/ Deyerler.org)