O gün ki, sur
çalınacaqdır, yerdə və göydə olan hər kəs qorxacaq və hürkəcəkdir.
Allahın xüsusi bəndələrindən başqa. Sonra hamı xar və zəlil halda məhşər
səhrasında hazır olacaqdır.
"Elə isə əgər kafir olsanız, uşaqları (qorxunun şiddətindən) ağ saçlı qocaya döndərən gün(ün əzabın)dan necə qorunacaqsınız?!”. ("Muzzəmmil” 17).
İnsan
həyatdakı ömrünə ana bətnindən başlayır. Bu, çox kiçik bir evdir ki,
bayırla əlaqəsi yoxdur. O, bu dünyada olan zaman dünya həyatından
xəbərsiz və agahsız olar. Bütün dünyanı qaranlıq hesab edər.
Çox çəkməz ki, bu
məhdud fəzadan bayıra çıxar. Daha geniş bir dünyaya qədəm basar. Dünya
öz gözəllikləri ilə hər aldadıcı gözü özünə məşğul edər. Ananın kiçik
bətnində yaşamağa öyrəşən körpə həyatının təhlükəyə düşdüyünü zənn
etdiyi üçün bu dünyaya gələn zaman ağlamağa başlayır. Zaman keçdikcə
uşaq gözlərini açır və dünyanın böyük və cəzbedici olduğunu dərk edir.
Ona görə də ağlamaq yerinə gülür və təbəssüm edir. Get-gedə bədəni
güclənməyə başlayır. Ancaq çox çəkməyəcəkdir ki, ömrü başa çatacaq və
qəlbi dayanacaqdır. Bəli, insan ömrü böyu çox sayda hadisələrlə
rastlaşar. Enişli-yoxuşlu həyatı arxada qoyar.
İnsanın önündə
cavidan bir həyatı vardır və o, bu həyata öləndən sonra daxil olar.
Ölümdən sonrakı dünyada İlahi ədalət məhkəməsi təşkil ediləcəkdir. İnsan
hələ bu dünyada olan zaman bu məhkəməyə ümid edərək yaşayar və bir gün
haqqının alınacağını düşünmək ona sonsuz ümid verər. Bu cür əzəmətli bir
həyata başlamaq Qiyamət günündən sonra baş verəcəkdir.
İmam Əli (ə) bu əzəmətli gün haqqında buyurur: "Ey
Allahın bəndələri! O gündən qorxun ki, insanın rəftar və əməli
yoxlanacaqdır və o gün iztirab və təşvişlə dolu olan bir gündür. Uşaqlar
o gündə qocalacaqlar!”.
İmamın (ə) bu nurani
kəlamlarından görmək olur ki, bu elm dənizi bizi o günün dəhşətindən
xəbərdar etmək istəyir. Bu hadisələrin heç birini yer əhli ömründə
görməmişdir.
Qiyamət gününün dəhşəti və qorxusu çox ağır və ürək ürpədəndir. İnsan bu gündə acizliyini etiraf edərək, belini bükəcəkdir.
Qətəb Ravəndi İmam
Sadiqdən (ə) nəql edir ki, Həzrət (ə) buyurur: "Həzrət İsa (ə)
Cəbrayildən (ə) soruşur: "Qiyamət nə zaman bərpa olacaqdır? Cəbrayil (ə)
qiyamətin adını eşidən kimi titrəməyə başlayır və özündən gedir, yerə
düşür. Özünə gələn zaman Həzrət İsaya (ə) buyurur: Qiyamətə görə sual
eşidən sual verəndən daha agah deyildir”.
İmam Səccad (ə) nəql
edir ki, cənab İsrafil (ə) Allah tərəfindən Qiyaməti bərpa etmək üçün
vəzifələndirilmişdir. Xüsusi şeypuru vardır ki, onu 3 dəfə
səsləndirəcəkdir. Birinci dəfə insanları qorxutmaq üçün, ikinci dəfə
onları öldürmək üçün və üçüncü dəfə isə onları diriltmək üçün.
İmam (ə) bu hadqa buyurur: "O
zaman ki, dünya sona çatar, ömrü başa vurar, Allah İsrafilə (ə) əmr
edəcəkdir ki, suru çalsın. İlahi mələklər İsrafili (ə) əlində şeypurla
yerə gələn halda görəndə deyərlər: "Allah yer və göy əhlinin ölməsinə
icazə vermişdir”. Sonra İsrafil (ə) Beytul-müqəddəsdə yerə enəcək və üzü
qibləyə dayanacaqdır. Sonra da şeypuru çalmağa başlayacaqdır.
O
günü yer o qədər titrəyəcəkdir ki, hər südverən ana öz körpəsini
unudacaqdır. Qorxunun şiddətindən hamilə qadın uşağını salacaqdır. O
günü insanlar bir-birinin üstünə düşər və özlərində olmazlar. Sanki məst
olublar. Qorxunun şiddətindən cavanların qara saqqalı ağaracaq və
şeytanlar yerin ətrafında pərvaz vuracaqlar. Hər biri bir tərəf pənah
aparacaqdır. Bu şeypur o qədər qorxuludur ki, əgər Allahın iradəsi
bədənlərindəki ruhu saxlamaq istəməsə hər an bu ruhlar bədənlərindən
çıxar”.
İmam Səccadın (ə) bu
dəhşətli xəbərdarlıqlarından görmək olur ki, hər birimiz heç də uzaq
olmayan bir gələcəkdə dəhşətli hadisələrə düçar olacağıq. Bu dəhşətli
hadisədə nicat tapmaq üçün tez bir zamanda özümüzə gəlməli və iman və
təqva silahı ilə silahlanmalıyıq. Özümüzü salehlərin cərgəsinə
qatmalıyıq. O kəslərdən olmalıyıq ki, Qiyamətin dəhşətini heç bir an
belə qəlblərindən çıxartmırlar.
İblis lənətlik
Qiyamətin olacağını insanın yadından daima çıxarmağa çalışır. Zira,
insan Qiyaməti unutmasa, əməllərinin keyfiyyətinə əhəmiyyət verər,
özünün aqibəti barədə qayğılanar. Bu baxımdan, insan Qiyamətin real və
qaçılmaz bir perspektiv olmasını daim yadda saxlamalı, öz əməllərinə,
rəftarlarına xüsusi diqqət yetirməlidir.
Hazırladı: Məşhədi Xanım,
/Deyerler.org/