Mübarək
İslam dini – bizim bütün həyatımızı əhatə edən bir dindir. Bu din
bizlərə xoşbəxtliyə və səadətə çatmağın yollarını, bədbəxtliyə və
uçuruma aparan əlamətləri tanıdır. Mübarək İslam mətnləri bu yolları və
əlamətləri bizlərə tanıdan dəyərli buyuruşları ilə zəngindir.
RƏBBİN İNSANLARA XÜSUSİ DÖRD LÜTFÜ
Əziz İslam Peyğəmbəri (s) buyurub: "Dörd lütf var ki, Allah Təala
bəndələr üçün göstərib. Onların mövcudluğu ilə həddini aşandan başqa heç
kəs həlak olmayacaq. Birincisi, hər vaxt ki, bir kəs xeyir işə cəhd
göstərər, əgər nail olmasa, Allah Təala o insanın pak niyyəti üçün ona
bir savab əta edər. İkincisi, əgər o insan həmin xeyir işi görməyə
müvəffəq olarsa, onda on savab verilər. Üçüncü, günah etməyə cəhd
göstərə və edə bilməyə, ona heç nə yazmaz. Dördünücü, əgər günahı yerinə
yetirə, yeddi saatlıq möhlət verilər və ibadət üçün məmur olmuş mələk,
günah üçün məmur olan mələyə deyər: "Yazma, tələsmə! Bəlkə bir yaxşı işi
ilə bu günahını aradan aparar, səhvini düzəldər. Çünki, Allah Təala
buyurub: "Xeyir, yaxşı əməllər günahı aradan aparar””. Lakin, əgər yeddi
saat keçər, nə xeyir və yaxşı bir iş görər və nə də ki, Allahdan tövbə
diləyərsə, yaxşı işlərə məmur olan mələk, pis işlərə məmur olan mələyə
deyər: "İndi bu, özünü bədbəxt və özünü məhrum edən kəsin günahını
yaz!””. Hədisdə buyurulur ki, Allah öz bəndələri üçün dörd mövzuda
xüsusi lütf göstərib. Allahın rəhməti bu lütflərindədir. Onların mövcud
olduğu heç bir kəs həlak olmayacaq. Yalnız həddini aşanlar bu məsələdə
sığortalanmayıb.
ALLAH İNSANLARI CƏZALANDIRMAĞA TƏLƏSMİR
Hədisdən aydın olur ki, Allah Təala o qədər gözəl, rəhmlidir və
bəndəsinin hidayəti üçün o qədər çalışır ki, həmin bəndəsinə dörd mühüm
lütf göstərər. Əgər bəndə yolundan çıxmazsa, bu lütflər ona aid olar.
Bəzən bir insan olur ki, xeyirli bir iş görmək istəyir, amma alınmır. Bu
insanı Rəbbimiz mükafatdan məhrum etməz və ona pak niyyətinin
müqabilində bir savab əta edər. Niyyətində olan həmin gözəl işi yerinə
yetirə biləcəyi təqdirdə, Allah ona on savab lütf edər. Allahın üçüncü
lütfü, Onun nə qədər kərim və lətif olmasından xəbər verir. Bəndə günah
etməyə cəhd edər, lakin onu yerinə yetirə bilməzsə, lətif Allah ona
cəzasını yazmaz. Bəndə günah etməyə cəhd edə və həm də onu həyata
keçirərsə, Rəbbimiz yenə də həmin kəsi cəzalandırmağa tələsməz. Həmin
vaxt onun üçün dərhal günah yazılmır və o kəsə xeyir işləri ilə bu
günahını aradan aparmaq üçün möhlət verilər. Buradan aydın olur ki, əgər
insan bir qədər əməllərinə fikir verərsə, bu zaman nicat tapmışlardan
olar. Görün nə qədər lətif, rəhimli, bizi sevər Rəbbimiz var. Belə
Rəbbin dərgahında günah etməyin nə qədər eybəcər hal olması gün kimi
aydındır. Sadəcə, lənətlik iblis insana gündəlik qaçaqaçlarda bu
həqiqətləri unutdurmağa çalışır.
BƏDBƏXTLİYİN ƏLAMƏTLƏRİ HANSILARDIR?
Ümməti üçün hər şeydən çox ürəyi yanan İslam Peyğəmbəri (s) digər bir
yerdə buyurur: "Bədbəxtçiliyin əlaməti dörddür. Birinci, insan keçmiş
günahlarını unuda, bir halda ki, İlahi hesab-dəftərdə onlar yazılıb.
İkinci, insan xeyir və yaxşı işlərini unutmaya, bir halda ki, heç
bilinmir, qəbul olunub, ya yox. Üçüncü, dünya işlərinə aşağıdan yuxarı
baxa. Dördüncü, axirət işlərinə yuxarıdan aşağı baxa”. Əziz
Peyğəmbərimiz (s) bizləri bədbəxtliyin əlamətləri ilə tanış edir.
Bunların birincisi – insanın öz etdiyi günahlarını heç olmamış kimi
unutmasıdır. Fəqət, insan unutsa da, unutmasa da onlar İlahi
hesab-dəftərdə qeydə alınıb. Yəni insanın unutması onları yox etmir,
silmir – bu, bir yana, unutma səbəbindən insan onlara görə tövbə də
etmir, onları təkrarlayır. İkinci xəbərdarlığa baxanda görürük ki, gərək
insan gördüyü xeyir işləri xatirəsində saxlamasın. İnsan pis işlərini
unutmamalı, əksinə, yaxşı işlərinisə dərhal unutmalıdır. Bəndə pis
işlərini unutmayanda, tez-tez onları xatırlayanda, artıq onlardan
çəkinməyə başlayır və bu, onu inkişafa aparır. Yaxşı işləri unutmamaq
isə bədbəxtçiliyin əlamətidir. Yaxşı işləri yada salmaq isə insanı
təkəbbürə, özünü öyməyə aparır. Həm də bu, bir halda baş verir ki, heç
həmin yaxşı işlərinin Allah dərgahında qəbul olunub-olunmadığı da məlum
deyil.
İnsan birini əksik biləndə, ona yuxarıdan aşağı baxır. Aşağıdan
yuxarı baxmaq misalı olmasa da, bu o deməkdir ki, yəni dünyaya böyük bir
məsələ kimi baxmaq bədbəxtliyin əlamətidir. Axirət işlərinə yuxarıdan
aşağı baxmaq, sonda insanı həmin işlərə laqeydliyə gətirər. Bu, insanı
zəlalətə aparar. Dünyanı üstün bilən insan da sonda onun quluna çevrilər
və dünya onu məhv edər.
İNSANI XOŞBƏXTLİK və SƏADƏTƏ ÇATDIRAN SİFƏTLƏR
Bədbəxtliyin xüsusiyyətlətini bizlərə tanıdan Həzrət Peyğəmbər (s),
digər bir hədisdə xoşbəxtliyin, səadətin xüsusiyyətlətini çatdırır.
Hədisdə buyurulur: "Dörd sifət var ki, hər kimdə olsa, Əziz Allahın
nurunda öz mövcudiyyətini başa vurmuşdur. Birinci budur ki, Allaha və
Rəsula (s) imanına görə günahdan çəkinə. İkinci, müsibətlərdə bu zikri
deyə: "Hər şey Allahdandır və hər şey Ona doğru gedir”. Üçüncü, bir
yaxşılıq və xeyirlə rastlaşanda, deyə: "Həmd olsun aləmlərin Rəbbinə”.
Əgər günah edərsə, deyə: "Əstəğfurillahə Rəbbi və ətubu iləyh””.
Allaha və Peyğəmbərə (s) imanın olması çox gözəldir. Lakin, əgər bu
iman insanı günahdan çəkindirmirsə, demək ki, həmin iman qaydasında
deyil. Allah namaz qılmağı buyurubsa, insan gərək namazını qılsın. Onun
buyurduqlarına əməl etməməklə, Allaha iman bir arada deyil. Əgər Allah
və Peyğəmbər (s) öz Əhli-beytinə (ə) itaət etməyi buyurubsa, gərək iman
edən kəs onlara (ə) itaət etsin. İmanın əməli olmalıdır. İmanın əməli
günahlardan çəkinməkdir. İmanından günahdan çəkinən insan xoşbəxtliyə və
səadətə çatar.
MÜSİBƏTLƏRDƏ DÖZÜMLÜLÜK və XEYİRLƏRDƏ ALLAHA HƏMD
Yuxarıda göstərilən hədisdə əziz Peyğəmbərimiz (s) müsibətlər
qarşısında dözümlülük göstərən insanın da xoşbəxtliyə çatacağını
bildirir. İnsan müsibətlərə çox təbii yanaşmalıdır. Çünki, olanların
hamısı Allahdandır və hər şey Ona doğru qayıdır. Dünyaya insanın baxışı
müvəqqəti bir yer kimi olsa, bu zaman müsibətlər ona asan gələr.
Bütün xeyirlərin çeşməsi də Rəbbimizdir. İnsanın qazandığı nə varsa,
hamısı Allahdandır. Buna görə də insan gərək qazandıqlarının müqabilində
aləmlərin Rəbbi olan Allaha həmd və sənalar etsin.
Peyğəmbərimiz (s) bizlərə bildirir ki, xoşbəxtliyə çatan insanlardan
biri də etdiyi günahlar müqabilində Allahdan dərhal bağışlanma və tövbə
diləyən kəsdir. Günah edən kəs gərək peşman olsun, tövbə etsin və Allaha
qayıtsın.
XOŞBƏXTLİK QAPISININ AÇARI – GÖZƏL ƏXLAQ
İnsanı xoşbəxtliyə və səadətə çatdıran yollardan biri də – əxlaqdır. Əziz Peyğəmbərimiz buyurur: "Allah
Təala gözəl əxlaqı Özü ilə bəndə arasında bir vasitə qərar vermişdir.
Hər biriniz üçün kifayətdir ki, bu gözəl əxlaqdan yapışasınız və Allaha
bağlanasınız”. Bu mübarək hədisdə bir neçə önəmli nöqtə
meydana çıxır. Mübarək İslam dini gözəl əxlaqa fövqəladə dərəcədə
əhəmiyyət verir. Fəzilətli əxlaqı mübarək dinimiz bəndə ilə Rəbbi
arasında bir körpü kimi tanıdır. Bəndəyə tövsiyyə edilir ki, gözəl
əxlaqa çatmaqla Allaha qovuşsun. İnsana gözəl əxlaqa sahib çıxmaq
kifayət edir ki, Allaha yaxınlaşsın. Allaha yaxınlaşmaq isə,
xoşbəxtliyin ən birinci açarlarındandır.
İNSANIN NİCATI ÜÇÜN YOLGÖSTƏRƏN
Başqa bir mübarək hədisdə Həzrət Əmirəlmöminin Əli (ə) buyurur:
"Əgər cənnətə ümidimiz və imanımız olmasaydı da belə və cəhənnəmdən
qorxu və xof olmasaydı da belə, əgər savab və aqibət olmasaydı da belə,
fəzilətli əxlaqın dalınca getməyə deyərdi. Çünki o və yalnız o insanın
nicatı üçün bir yol göstərən ola bilər”. Həzrət Əli (ə) təbii
ki, cənnətə və cəhənnəmə inancı da, cənnətin savabını da, cəhənnəmdən
qorxmanı da, aqibəti də bünövrəli məsələlər olaraq görür. Amma, burada
Mövla (ə) çox incə mətləbi açır. İmam (ə) bildirir ki, hətta əgər
ehtimal kimi bunlar olmasaydı da belə, ən layiqlisi budur ki, fəzilətli
əxlaqın ardınca gedək. Bu mübarək hədisdə əxlaqa çox uca dəyər verir.
Bildirilir ki, sadalananların heç biri olmasa belə, fəzilətli əxlaqın
dalıyca getməyə dəyər. İnsanın nicatı, inkişafı, kamilliyi əxlaqdan
keçir. Əli (ə) məntiqi bizlərə öyrədir ki, fəzilətli əxlaq elə özü
özlüyündə ucalıq və zirvədir.
GÜNÜMÜZDƏ ƏXLAQIN ZƏRURİLİYİNİ ARTIRAN ÜÇ SƏBƏB
Böyük mütəfəkkirlərdən biri incə bir mətləb söyləyir ki, hər dövrdə,
hər vəziyyətdə əxlaq və mənəviyyat mühüm məsələdir. Lakin, günümüzdə,
əsrimizdə bu, üç mühüm səbəbə görə xüsusilə əhəmiyyət kəsb edir. Üç
mühüm məsələ var ki, onlara görə bu gün bəşəriyyətin əxlaqının
artırılmasına daha çox ehtiyac var. Birincisi, əsrimizdə insanın fəsada
getməsi üçün hər zamandan daha çox şərait var. Əvvəllərdə də günah etmək
olardı. Lakin, bu gün zəmanəmizdə o qədər rahatlıqla fəsad etmək olur
ki, sanki bugünkü dünya özünü bəşəriyyət üçün əziyyətsiz təqdim edir.
Buna görə də, bəşəriyyətin mənəviyyatının artırılmasına, əxlaqi
dəyərlərinin önə çəkilməsinə daha çox ehtiyac yaranıb.
İkincisi, indi fəsadın və günahın miqyası xeyli böyüyüb. Əvvəl bir
nanəcim kimisə öldürmək istəyirdisə, uzağı bir nəfəri və ya iki nəfəri
öldürə bilərdi. İndi bir qatil bir anda onlarla insanı qətliam edə
bilir. Günahın miqyası bu dərəcədə genişlənib. Bir murdar insan,
keçmişdə birinin həyatı boyunda etdiyi ədəbsizlikləri bir gündə edə
bilir.
Üçüncüsü, bu gün necə ki, yaxşı işlər görmək üçün müasir
metoologiyalar ən ali dərəcədə inkişaf edib, eləcə də fəsadın da
xidmətində dayanan metodologiya inkişaf edib. Cəmi bir neçə onillər
bundan öncə bir fəsadı dünyaya göstərmək üçün müxtəlif vasitələrə əl
atılırdı. İndi yalnızca bir texnologiya ilə fəsadı istənilən evə daşımaq
mümkündür.
QLOBAL FƏSADIN MÜQABİLİNDƏ QLOBAL ƏXLAQ TƏLƏBATI
Yuxarıda deyilənlərdən mühüm bir məsələ ortalığa çıxır. Əgər insan
bir neçə onillik bundan qabaq o dövrün imkanları çərçivəsində özündə
qoruyucu immunitet formalaşdırmalıydısa, indiki dövdə bu immunitet
kifayət etmir. Bu gün qlobal fəsadın qabağında insan gərək onun
səviyyəsinə uyğun olaraq öz üzərində işləsin. Bu gün əxlaqa iddialı olan
kəslər gərək yüz il bundan qabaq olan meyarlarla kifayətlənməsin.
Çünki, fəsadın meyarları genişləndikcə, ondan qorunmaq üçün lazım olan
əxlaqın da meyarları genişlənsiz. Əks təqdirdə həmin fəsadın və günahın
qarşısında dayanmaq mümkün olmayacaq. Fəsad daim inkişaf etdiyi halda,
gərək əxlaq da bir o qədər inkişaf etsin. Əgər birincinin inkişafı
müqabilində əxlaq daşıyıcısı öz yerində qalacaqsa, uduzacaq.
HƏZRƏT PEYĞƏMBƏRİN (s) ÜMMƏT ÜÇÜN GÖNDƏRİLMƏSİNİN HƏDƏFİ – ƏXLAQDIR
Əziz Peyğəmbərimiz (ə) özünün gəlişini, bütün varlığını, çəkdiyi
əziyyətlərininin səbəbini çox sadə bir şəkildə izah edir. Peyğəmbərimiz
(s) ümmət üçün gəlməsinin əsas hədəfini açıqlayır: "Mən kamil əxlaqları tamamlamaq üçün göndərildim”.
Peyğəmbərin (s) insanlar üçün göndərilməsinin əsas hədəfi bu idi. O,
bütün əziyyətləri çəkəndə də, başına kül töküləndə də, Məkkədən Mədinəyə
hicrət edəndə də bunun üçün edirdi. İnsanın əxlaqa yiyələnməsi,
əxlaqının kamiliyə çatması bu qədər önəmlidir. Kamil əxlaqa sahib olan
insan, elə İslamın buyurduğu həyatı yaşamış olar. Kamil əxlaqa sahib
olan toplum, fəsad inkişaf etdikcə, ondan qat-qat daha çox inkişaf edər.
Cahiliyyə dövrünün ərəbləri öz fəsadlarında nə qədər inkişaf etmişdisə,
əziz Peyğəmbərimiz (s) kamil əxlaqı ilə onların müqabilində dayana
bildi.
Allahım, bizlərə bədbəxtliyin əlamətlərindən qurtulub, xoşbəxtliyin
əlamətlərinə yiyələnməyi nəsib et! Allahım, bizlərə kamil əxlaqa
yiyələnmək durumunu əta et! Amin!
Hacı İlqar İbrahimoğlu
|