Cümə söhbətləri
Qarşıdan, inşəallah, üçaylıq gəlir – Rəcəb, Şəban və mübarək Ramazan
ayları. Bu – son dərəcə mənəvi yüklü bir səfərdir. Bu səfərdə mənəvi
kamilləşmə üçün böyük fürsətlər vardır. Bu aylardan əvvəlincisi mübarək
Rəcəb ayıdır. Rəcəb ayı – Allah qonaqlığı üçün səfərə hazırlıq
aylarından birincisidir. Bu ay – tövbə diləmə, bağışlanma istəmə,
ləyaqət və şərafət əldə etmə, yalandan, qeybətdən, böhtandan,
sui-zənndən, digər qəlbi mərəzlərdən müalicə olunma ayıdır. Uca Allahdan
istəyimiz budur ki, bu mübarək ayın əməllərindən bəhrələnməyi hamımıza
nəsib etsin. Allah Təala bu mübarək ayda, inşəallah mə’nəvi yüksəliş
əldə etməyi bütün diləyənlərə qismət etsin, inşəallah!
MƏNƏVİ NEMƏTLƏR İNTİZARINDA
Əzəmətli bir ayın astanasındayıq. Çox yanlış bir iş olardı ki, bir
insan rəcəb ayı daxil olandan sonra nə etməlisi haqqında fikirləşsin.
İnsan necə digər işlərini, özünün digər məsələlərini öncədən
planlaşdırır, əvvəlcədən hazırlığını görür, elə o cür də insan gərək
fövqəladə mənəvi fürsətlər olan bu aya da qabaqcadan hazırlaşsın. Əgər
bu ayların gəlişi ilə bağlı lazımi araşdırmaları əvvəlcədən aparmasa, bu
mənəvi nemətləri qəbul etmək üçün vəziyyətini düzənləməsə, İlahi
ziyafətdən qədərincə və lazımınca bəhrələnə bilməyəcək.
Bir
var insan mübarək ramazan ayını səbrsizliklə gözləyir ki, bu ayın bütün
imkanlarından faydalana bilsin və bu gözləməni mübarək müqəddimələrdə –
rəcəb və şəban aylarında müəyyən edilmiş mənəvi yüksəliş fürsətlərini
qavramaqla həyata keçirir. Bir də var ki, insan ramazan ayına yetişib və
«oruc vacibdir» mülahizəsi əsasında vacibatlarını yerinə yetirir və
misilsiz mənəvi nemətlərə yiyə durmaq fürsətindən əsla bixəbər olur.
Mübarək ramazan ayının imkanlarından bəhrələnmək istəyiriksə, bunun
mütləq şərti rəcəb ayından etibarən mənəvi hazırlığı əldə etməkdən
keçir.
HARADADIR RƏCƏB ƏHLİ?
Rəcəb ayı ilə bağlı gələn mübarək çatdırışlar o qədər heyrətə
gətirəndir ki, bunların özünün qavranılması ayrıca bir prosesdir. İmam
Cəfər Sadiqin (ə) rəcəb ayının əhli haqqında çox gözəl buyuruşları var.
Rəcəb ayının əhli kimlərdir? O kəslərdir ki, rəcəb ayının nə olduğunu
bilir. Rəcəb ayının ehtiramını qoruyur. Rəcəb ayında oxunulası zikrləri,
duaları, görüləsi əməlləri yaşadır. Və o qədər rəcəb ayıyla yaşayır ki,
buna «rəcəbiyyun» - «rəcəb əhli» deyirlər. Bu şəxs rəcəbdə olan,
rəcəblə həmahəng yaşayan bir adam kimi yaşayar. Hətta, bu adam rəcəb
əhli kimi Qiyamət günü bir axtarılar, sorular, çağırılar da. Qiyamət
günü hamı nigaran, səksəkəli olan bir halda rəcəb əhlini bir axtararlar,
çağırarlar. Rəcəb ayının əhlinə Qiyamət səhnəsində müraciət mövzusunda
İmam Sadiq (ə) buyurur: «Qiyamət yetişən zaman ilahi carçı fəryad çəkər: «Eynər-racəbiyyun? /haradadır rəcəb ayının əhli?/» Haradadır o kəslər ki, rəcəb ayını əziz tutdular və ondan bəhrə apardılar? ... »
Qiyamət səhnəsi – hər bir imanlının narahatçılıqla gözlədiyi
səhnədir. Və rəcəb ayı o aydır ki, həmin səhnə üçün hazırlıqlı getməyi
insana qismət edir.
Rəcəb ayının əhlinin özəl bir xüsusiyyəti
olar. O qədər rəcəb ayının mübarəkliyindən faydalanar rəcəb əhli ki,
Qiyamət günü məhşərə nur saçar... İmam Sadiq (ə) buyurur: «Və o böyük cəmdən insanlardan bir qrup ayağa qalxar ki, onların simasının nuru məhşəri işıqlandırar və nuraniyyət verər».
İnsan rəcəb ayının əhli olsa, rəcəb ayını tanısa, «rəcəbiyyun» kimi
yaşasa, Qiyamət günü başında həqiqi sultanlıq tacları olar. İmam Sadiq
(ə) buyurur: «Bu insanların başlarında dürr və yaqutla zinətlənmiş
sultanlıq tacları olar».
Bir var insanların əldəqayırma
tacları, müvəqqəti, ötəri tacları olsun. Heç bir gerçək dəyəri olmayan
bir məqamı, dərəcəsi olsun. Bir də var Allahın lütfü, inayəti ilə,
xüsusi diqqəti ilə insan o vəziyyətə çatsın ki, mənəvi sultanlıq ona
qismət olsun.
ÇALIŞQANLIQ və KÖNÜLLÜLÜK
Qiyamət günü mələklər rəcəb ayının əhlini əhatəyə alar, qarşılayar və onlara təbrik deyərlər. İmam Sadiq (ə) buyurur: «Onların
hər birinin sağ tərəfində min mələk və sol tərəfində min mələk onlara
deyərlər: "Ey Allahın bəndəsi! Xoş gəlmisən! Allahın sənə əta etdiyi
sənin üzərinə mübarək olsun!».
Rəcəb ayı ilə bağlı İmam
Cəfər Sadiqin (ə) buyuruşunda bir səhnə var ki, Allahın rəcəb əhlini
əhsənləməsi, onların layiq olduğu vəziyyətə uyğun onları
mükafatlandırması burada təsvir olunur. İmam Sadiq (ə) buyurur: «Bu
zaman Allah Təala tərəfindən nida gələr: «Ey mənim kişi və qadın
bəndələrim! İzzət və cəlalıma and olsun ki, sizin mübarək məqamınızı
əziz tutacağam və sizə çoxlu sayda ətalar bəxş edəcəyəm və sizə behiştdə
saraylar verəcəyəm ki, orada çaylar axır. Və orada əbədi
qalacaqsınız…».
Davamında rəcəb ayının əhlinə xas cəhətlərə işarə olunur. Onların çalışmaqlığına, könüllülüyünə xüsusi vurğu edilir: «Və
nə gözəl mükafatdır o kəslər üçün ki, çalışmışdırlar. Siz könüllü
surətdə – Mənim xatirimə, bir ayda ki, onun hörmətini uca tutdum və
haqqınin riayət olunmasını vacib bildim – oruc tutdunuz. Ey mənim
mələklərim! Bu kişi və qadın bəndələrimi behiştə aparınız!».
Fikir verək. Çalışmaqlıq və könüllülük. Yəni, rəcəb ayında bir adam
çalışsa, səy göstərsə, könüllü olaraq o ayın əməllərinə sahib çıxsa –
bu 2 keyfiyyət insanı İlahi rəhmətin ona aid olmasına aparıb çıxarar.
RƏCƏB AYININ ORUCU
Allah Təalanın mərhəməti o qədər genişdir ki, hətta ixlasla bircə
gün rəcəb ayında oruc tutana da öz mükafatını şamil edir. Rəcəb ayında
hətta bir gün orucun malik olduğu fəziləti təsvir edən hədisdə İmam
Sadiq (ə) buyurur: «Bu mükafat o kəs üçündür ki, bu ayın bir
miqdarında oruc tutsun. Və hətta 1 gün olsa da belə: əvvəlində,
ortasında və ya axırında».
Soruşula bilər ki, 1 gün oruc
tutmağa nə var ki? Amma həmin 1 günlərdən başlayır hər şey. Məhz o 1
günlərdir ki, insanı ya Allaha bəndəliyə aparır, ya da zülmə və
azğınlığa. Rəcəb ayının 1 günündən belə kamil bəhrələnə bilsə, bu günü
tam dərk edib, onun fəzilətlərinə sahib çıxa bilsə – xoş o insanın
halına.
Əziz İslam Peygəmbərinin (s) mübarək rəcəb ayı
haqqında xüsusi buyuruşları vardır. Bunlarda rəcəb ayının əzəməti və
hətta cahiliyyə dönəmində insanlar arasında xüsusi məqamı haqqında
çatdırışlar var. Rəsuli-Əkrəm (s) buyurur: «Rəcəb -
"şəhrullahil-əsəmm”dir (Allahın "əsəmm” ayıdır). Və o səbəbdən onu
"əsəmm” adlandırmışlar ki, heç bir ay onun əzəmətinə və böyüklüyünə
çatmır (cahiliyyə dönəmində rəcəb ayının "əsəmm” adlandırılması, o ayın
haram aylardan, yəni müharibə qadağan olunmuş aylardan olması ilə
bağlıdır). Cahilyyət dönəmində insanlar rəcəbə hörmət qoyurdular və
islam nur kimi saçdığı zaman – onun hörmətini daha da artırdı».
Mübarək inancımız rəcəbə həqiqi qiymətini verir. Hədisin davamında Rəsulullah (s) buyurur: «Biliniz ki, rəcəb - Allahın ayı, şəban - mənim ayım, ramazan - mənim ümmətimin ayıdır».
Mübarək hədisin davamında rəcəb ayının orucunun İlahi razılığa
yetişməklik üçün bir vəsilə olması vurğulanır, bu orucun ilahi qəzəbin
söndürülməsi, cəhənnəm qapılarının bağlanması üçün bir fürsət olması
aşkarlanır: «Bəs hər kim rəcəb ayında bir gün oruc tutsa, İlahi rizvana
müstəhəqq olar və orucu ilahi qəzəbi söndürər və Allah Təala cəhənnəm
qapılarından birini onun üzünə bağlayar».
CƏHƏNNƏM QAPILARINI BAĞLAYARAQ İRƏLİLƏMƏK
Rəcəb ayı belə bir aydır. Onun 1 gün tutulan orucu, insanın Allah
Təalanın razılığına gəlib çatmasına səbəb olar. Gerçək 1 gün olsa insan
rəcəb əhli, rəcəbdə layiq olmalı bir vəzəiyyətə yetişsə – bu kimi
təsirləri var, bu kimi müəyyənləşmələri var onun müqəddəratı üçün. Xoş o
adamın halına ki, günlər keçdikcə, cəhənnəm qapılarını bağlaya-bağlaya
gedə bilib.
Mübarək hədisin davamında bəlli olur ki, ən
yüksək nəfəqə, sədəqə, ehsan, Allah yolunda xərcləmə belə rəcəb ayının
bir gününün orucunu üstələməz. Rəsuli-Əkrəm (s) buyurur: «Əgər bir kəs butun yerin qızılı qədər infaq etsə, onun (rəcəb ayının) bir gününün orucundan üstün olmayacaq».
İnsanın təsəvvür etməsi, ola bilsin, bir qədər çətin olsun. Necə
olur ki, bu böyüklükdə infaqlar 1 günün əvəzini vermir. Bu 1 günün
insanın ruhunda təsiri ola bilsin ki, o qədər böyük olsun ki, bütün
dünyanın varidatını kasıblara paylamaqla da bu rihiyəni əldə edə
bilməsin. Yaxud, elə bir halətin zəminini yaratsın ki, bu infaqların
hamısının verə biləcəyindən qat-qat yüksək olsun.
Rəcəb ayının orucu duaların müstəcəbliyinə səbəb olar. Dualar bu ayda qəbul olunar. Rəsuli-Əkrəm (s) buyurur: «...hər
vaxt gecə düşər, (oruc tutan adamın) duaları müstəcəb olar: ya dünyada
ona əta olunar və ya onun axirəti üçün topalanar». Mübarək hədisin
davamında Rəsulullah (s) daha sonra 2, 3, 4 və ta 30 günə qədər rəcəb
ayında oruc tutmağın savabını kamil surətdə buyurur.
MƏNƏVİ İSLAHAT AYI
Bəli, Uca Allah hər zaman eşidən, hər zaman dua qəbul edəndir. Amma
necə ki, günlərin arasında xüsusi önəmli olanı var – məsələn, cümə günü
kimi, eləcə böyük Allah xüsusi vaxtlar qoyub ki, insanlar o vaxtlara
diqqət ayırıb, başqa vaxtlarda çata bilməyəcəklərini bunlarda tam
yiyələnə bilsinlər.
Rəcəb ayında Allahın lütfü, inayəti
tam surətdə iman əhlinin, bu ayın orucunu tutanların üzərindədir.
Rəcəb ayının əməlllərinə sahib çıxanların üzərindədir Allahın xüsusi
nəzəri. Əslində Rəcəb ayı – Ramazan ayında İlahi nemət ziyafətinə
hazırlıq mərhələsidir. İnsan ramazan ayında İlahi nemət süfrəsindən tam
formada bəhrələnmək istəyirsə, rəcəb-şəban ayları ona bu imkanları kamil
surətdə təqdim edir.
Rəcəb ayı – İlahi ziyafətə hazırlıq
ayıdır. Bu ayın hətta 1 gün orucu Allahın razılığını əldə etmək üçün
gözəl vasitədir. Bu ayın hətta 1 gününün orucu İlahi qəzəbi söndürər.
Əməl var cəhənnəmə qapı açır, əməl də var ki, cəhənnəmin qapısını
bağlayır. Rəcəb ayı o aylardandır ki, cəhənnəm qapılarını bağlamaq
fürsətlərini Allah Təala bəndəyə təqdim edər.
Rəcəb ayı –
mənəviyyat, islahat ayıdır. İnsanları bu gün dünyada hər şeydən çox
düşündürən mövzu – mənəviyyat, əxlaq mövzusudur. Dünyada başdan-başa
əxlaqsızlığın, mənviyyatsızlığın, zülmün aşıb-daşdığı bir vaxtda iman
əhli üçün, mənəviyyat əldə etmək istəyən üçün ən gözəl fürsət var rəcəb
ayında. Digər vaxtlarda insan aylarla özünü düzəltmək istəyir, «islahat
qapısı»nı dönə-dənə döyür, amma bir səs çıxmır. Amma elə vaxtlar var ki,
insanın daxilini düzəltməsi, ruhi islahatları çox rahatlıqla həyata
keçirilə bilir.
RƏCƏB AYININ FƏZİLƏTLƏRİ
Oruc tutan insan gün ərzində Allahın mənəvi süfrəsindən
faydalanır. Yemək və içməkdən çəkinməklə yanaşı, insan bütün əzaları
ilə pəhrizkarlığa tərəf yönəlir: dili pis şey danışmır, qulağı pis şeyi
dinləmir, gözü pis şeyə baxmır. Axşam düşür, iftar açılır, bəndənin
hacətlərinin qəbul olunması vaxtı yetişir. Uca Allahın məsləhətilə ya bu
dünyada hacəti yerinə yetirilər, ya da axirətdə azuqə olar, hayına
çatar.
Rəcəb ayının fəziləti barədə İmam Museyi-Kazımdan (ə) nəql edirlər: «Rəcəb
- behiştdə bir çay adıdır ki, süddən daha ağ, baldan daha şirindir. Bu
səbəbdən hər kəs ki, Rəcəb ayında bir gün oruc tutar, Allah Təala o
çaydan ona içirdər».
İmam Museyi-Kazımdan (ə) nəql edilən digər hədisdə deyilir: «Rəcəb
- bir əzəmətli aydır ki, Allah Təala o ayda yaxşı əməlləri neçə dəfə
artırar və günahları o ayda məhv edər. Bəs hər kəs ki, Rəcəb ayında 1
gün oruc tutsa, cəhənnəmdən 1 illik yol miqdarında uzaqlaşar və hər kəs o
ayda 3 gün oruc tutsa - behişt ona vacib olar».
Rəcəb ayında sədəqə verməyin böyük fəziləti barədə Həzrət Əlidən (ə) nəql edilən hədisdə buyrulur: «Hər
kəs Allaha xatir Rəcəb ayında sədəqə versə, Allah Təala onu o cür ikram
edər, o cür əzizləyər ki, nə göz görüb, nə qulaq eşidib və nə də bir
insanın qəlbinə daxil olub (xəyalına gəlib)».
RƏCƏB AYININ ƏMƏLLƏRİ
Rəcəb ayının bir çox əməlləri vardır ki, yerinə yetirilməsi xüsusilə
tövsiyə olunmuşdur. Rəcəb ayının ilk gecəsi (yə’ni, cəmaduyəs-sani
ayının axırıncı günündən rəcəb ayının ilk gününə keçən gecə) bu duanı
oxumaq tövsiyə edilmişdir: «Əllahummə bərik lənə fi racəbin və
şə’bənə və bəlliğnə şəhra-Raməzan» (Duada Allah Təaladan 3 mübarək ayın -
Rəcəb, Şə’ban və Ramazan aylarının fəzilətlərinin əta edilməsi
istənilir)
Rəcab ayının ilk cüməsinin gecəsi (yə’ni Rəcəbin
ilk cümə axşamından ilk cüməsinə keçən gecə) leylətul-rəğayib adlanır.
Bu gecəni ibadət və dualarla keçirmək tövsiyə olunub. Rəcəb ayının əvvəl, orta və axır günlərində qüsl almaq müstəhəbdir və bu əməl günahların bağışlanmasına səbəb olar. Rəcəb
ayının bütün günləri oruc tutmaq müstəhəbdir və günahların
bağışlanmasına səbəb olar. Hər kəs də qismət olan miqdarda bu günlərdən
bəhrələnə bilər. Rəcəb ayında ən azı 3 gün oruc tutmağın çox böyük
fəziləti vardır. O kəslər ki, Rəcəb ayında oruc tutmaq imkanları yoxdur,
onun yerinə sədəqə versinlər (imkanları çərçivəsində). Oruc tutmağa və
sədəqə verməyə imkanı olmayan insanlar, əvəzində zikrlər deyə bilərlər. Rəcəb ayında mə’sumların mübarək hərəmlərini ziyarət etməyin böyük fəziləti vardır. Rəcəb ayında tövbə və istiğfar etməyin və təhlil (lə iləhə illəllah) deməyin böyük fəziləti vardır. Həzrət Rəsulullahdan (s) nəql edilir:
«Hər kim rəcəb ayında 100 dəfə söyləyə: "əstəğfirullahəl - ləzi lə
iləhə illə huvə vəhdəhu lə şərikə ləhu və ətubu iləyh” və oxuduğu duanı
sədəqə ilə xətm edə /sonlandırsa/, Allah Təala da onun durumunu rəhmət
və bağışlama ilə xətm edər. Və hər kim (bu zikri) 400 dəfə desə, onun
üçün 100 şəhidin savabı yazılar». Rəcəbin 15-nin kecəsində (14-dən 15-nə keçən gecə) 12 rük’ət namaz ricaən (qəbul olma ümidi) niyyəti ilə qılmaq bəyənilmişdir; Rəcəb ayının 15-də qüsl almaq, oruc tutmaq, İmam Hüseyni (ə) ziyarət etmək - bəyənilmiş əməllərdəndir. Rəcəb ayında çox deyilməsi tövsiyə edilən zikrlərdən: «Əstəğfirullahə və əs-əluhut-təvbə» Rəcəb ayı ilə bağlı tarixi səhifələr
Rəcəb ayının 1-i hicri 57-ci il - 5-ci imam - İmam Muhəmməd Baqirin (ə) mübarək mövludu günüdür. Rəcəb ayının 3-ü hicri 254-cü il - 10-cu imam - İmam Hadi (ə) (Əliyyən-Nəqi (ə)) şəhadətə yetişmişdir. Rəcəb ayının 8-i hicri 20-ci il - İslam dininin Misirə gəldiyi gündür. Rəcəb
ayının 10-u hicri 195-ci il- İmam Muhəmməd Təqinin (ə) (müsəlmanlar bu
mübarək şəxsi, İmam Cavad (ə) adı ilə də tanıyırlar) mübarək mövludu
günüdür. Rəcəb ayının 12-i hicri 36-cı il - Həzrət Əli (ə) Kufə
şəhərinə daxil olmuş və buranı xilafətin paytaxtı kimi
müəyyənləşdirmişdir.
Allahım! Bizlərə Rəcəbin fəzilətlərini dərk etməyi və əməldə yaşatmağı nəsib et!
Allahım! Bizləri rəcəb əhlindən qərar ver! AMİN!
Hacı İlqar İbrahimoğlu ilahiyyatçı-filosof, İçərişəhər «Cümə» məscidinin imam-camaatı 2010-06-11 10:38:27
|