Qıraqdakı tabloda isə 15-16 oktyabr hadisələri zamanı polis
tərəfindən təzyiqə uğrayan ana övladını qucağına qısaraq dayanıb. Bu da
babasının, keçmiş müsavatçı Məhəmməd Şəfainin tablosu...
Hər birinin
ayrıca hekayəsi var. Boya qoxulu bu emalatxanada isə rəsm və rəssamlıq
söhbətimizin xırda bir epizodudur. Niyə? Çünki müsahibimiz Füzuli
Axundovun tarixə, Azərbaycanın müstəqillik salnaməsinə qazandırdıqları
bu fotolardan daha çox və daha dəyərlidir...
"SSRİ-nin qalmaması üçün aclıq aksiyası keçirdik, çox adam təəccübləndi”
Son günlərdə cəmiyyətdə ən çox 18 oktyabr Müstəqillik Gününün tarixi,
bu akta imza atmayanlarla bağlı müzakirələr gedir. Mətbuat akta imza
atmayan, amma indi dövlət kürsülərindən müstəqilliklə bağlı bəlağətli
nitqlər söyləyən deputatların, məmurların siyahısını açıqlayır. Bu
məmurların heç biri isə hələlik onlara ünvanlanan suallara cavab verə
bilməyib. Amma biz bu 20 il öncəki tarixin səhifələrini onun
yaradıcılarından biri olan keçmiş deputat Füzuli bəylə vərəqlədik. Özü
də təkcə o günü yox, o günü yaradan səbəbləri, şəxsləri, olayları da
yada saldıq. Bir sözlə, rəssam müsahiblə müstəqillik tarixinin də
tablosunu çəkməyə çalışdıq.
Füzuli bəy 18 oktyabrı yaradan
səbəblərin, onu yetişdirən şəraitin güclü olması ilə başladı söhbətə.
Dedi ki, 90-cı il seçkilərindən sonra oradakı deputatların bir qismi
müstəqillik üçün mübarizə aparırdılar: "Cəbhəyə bağlı deputatlar
Azərbaycanın müstəqilliyi, ordunun, milli atributların yaranması ilə
bağlı ciddi mübarizə aparırdılar. Bu da qarşı tərəfin mübahisələri ilə
müşayiət olunurdu. Biz 18-20 deputat 18 oktyabra qədərki dövrdə milli
azadlıq adına müəyyən şeylərə nail olmuşduq. ”Demblok"un müəyyən
nailiyyətləri vardı. Amma milli ideologiya ilə bağlı məsələlərdə
kommunistlər bir olurdu, biz azlıqda qalırdıq. Artıq məsələ o yerə
çatmışdı ki, SSRİ-nin qalıb-qalmaması ilə bağlı aclıq aksiyası keçirdik.
Çox adam buna təəccübləndi. 11 nəfər idik - İsgəndər Həmidov, Arif
Hacılı... var idi aclıq keçirənlərin arasında. Yadımdadır, həmin vaxt
Arif bəyin qızı dünyaya gəldi və bunu birgə qeyd etdik. Ondan sonra
orada oturanlara mübarizənin necə getdiyini göstərdik. Bizə münasibət
bir az dəyişmişdi".
Müsahibimiz xatırlatdı ki, Müstəqillik Aktı
qəbul olunan gün zalda 350 deputat olub. Füzuli bəy həmin vaxt deputat
Tofiq Qasımovun "biz bura kəfən geyib gəlmişik, bizi heç nə ilə
qorxutmaq olmaz” deyərək SSRİ-nin tərkibindən çıxmaqla bağlı mövqe
sərgilədiyini yada saldı: "Bizi ayırmaq üçün danışıqlar olurdu,
hədə-qorxu da gəlirdilər. Bizim üçün bu, bir həyat tərzi idi. O vaxt
səsvermə ortaya qoyulanda bülletendə bunun yazılış qaydası ilə bağlı
mübahisə olurdu. Elə yazmaq istəyirdilər ki, cəmiyyət buna dərhal ”hə"
cavabı versin. 43 deputat bunun əleyhinə səs verdilər. Lehinə səs
verənlər daha çox idi. O vaxt bu akt qəbul olunmasaydı, ruslar yenidən
qalsaydı, SSRİ bizim nəslimizi kəsəcəkdi. Ayaz Mütəllibov tərəfdarları
tərəfindən də təzyiqlər var idi. Biz bunun fərqində olaraq həmin addımı
atmışdıq. Əvvəl 18-19 nəfər olduğumuz halda sonra müstəqilliyə səs verən
43 deputat olduq. SSRİ-nin qalmamasına 43 deputat səs verəndə o birilər
səs vermədi. Firudin Köçərli milli ordunun yaranması ilə bağlı məsələ
qaldırılanda əlini yerə döyüb deyirdi ki, bizə milli ordu lazım deyil.
Amma 6 ay sonra milli ordu ilə bağlı qanun qəbul olunanda deyirdi ki,
Azərbaycana milli ordu lazımdır. Adam belə dəyişikliyi görəndə dəhşətə
gəlirdi".
"Gerbin üzərində... "Allah” kəlməsini yazdım”
Azərbaycan gerbinin hazırlanmasında da müsahibimizin rolu böyük olub.
Bunun da ilginc tarixçəsi var: "Müstəqillik Aktı qəbul olunandan sonra
Rafiq adlı rəssama gerblə bağlı sifariş verilsə də, bu, yubanmışdı.
Elçibəy hakimiyyətə gələndə mənə tapşırıq verdi ki, gerbin hazırlanması
üçün müsabiqə keçirim. Dedi, çalışın 1918-ci ildə xalq cümhuriyyəti üçün
çəkilmiş, amma təsdiqlənməmiş gerb sizin bazanız olsun. Müsabiqənin
yekununa doğru Rafiq öz hazırladığı gerbi gətirdi. Orada iki quş üz-üzə
dayanmışdı - xoruz döyüşünü xatırladırdı. Onu çağırıb dedim ki, biz bu
gerb modelinin üzərində işləyəcəyik. Öz versiyasını qrafikləşdirməsini
tapşırdım. Sonra da özüm butanın içərisində alov dilləri ilə ”Allah"
kəlməsini yazdım. Çox adam ərəb əlifbasını bilmirdi, amma Elçibəy
şərqşünas idi və burada yazılanın fərqində idi. Ona göstərəndə dedi ki,
sən burda "Allah” kəlməsini yazmısan. Dedim ki, "Allah” kəlməsi
qalacaqsa, mən bu gerbi müdafiə edəcəyəm. Əks halda, yox. O vaxt onunla
razılaşdı və dedik ki, "Allahı” allahsızlardan qorumaq üçün bunun
izahatını yazmayaq. Çünki kommunistlər bunun təsdiqlənməsinə mane ola
bilərdilər. Çox ağır müzakirələrdən sonra gerbin bu versiyası
təsdiqləndi".
Keçmiş deputata görə, danışdığı günlər çətin, amma
şərəfli olub. "Bəlkə də mənim ömrümdə o günlər olmasaydı, deyərdim, adi
həyat yaşadıq” deyən F.Axundov sözlərini belə davam edir: "O mübarizəli,
dava-dalaşlı günlərdən sonra hiss edirsən ki, sən də nəsə eləmisən.
İnsan özünə sual verəndə deyirsən ki, mənim də gücüm nələrəsə çatıb.
92-ci ildən meriyada işə başlamışam. Cəbhə hakimiyyətə gələndən sonra
heç vaxt fikirləşməmişəm ki, mən mer ola bilərəm. Bir gün Əbülfəz bəy
dedi ki, sənin də artıq bir vəzifən olmalıdır. Dedim, ”mən uzaqbaşı
Əzimzadə adına rəssamlıq məktəbinin rəhbəri ola bilərəm. Mən vəzifə üçün
mübarizə aparmamışam". Sonra Arif Hacılı dedi ki, "başqasına ümid
etməkdənsə özün bu işi gör. Biz bu vəzifəyə gəlmişik ki, bu işləri
görək”. Bir şərt qoydum ki, təcrübəli insanları vəzifəyə qoymaq
məsələsinə mən nəzarət edəcəm. Mən yaradıcı adam olmuşam. Mer
kabinetindən içəri girəndə gördüm ki, 8 telefon, pəncərələrdən teatral
pərdələr asılıb. Dərhal düşündüm ki, mən niyə bu vəzifəyə gəldim? Bunlar
mənə lazım deyil. Amma sonra işə öyrəşdim. Gecə 12-yə qədər orada
otururdum ki, kimsə "cəbhəçi gəldi, amma heç bir iş görmədi” deməsin.
Maksimum çalışdım ki, hərəkatın adına bir ləkə gəlməsin. 92-ci ilin
avqustundan 99-cu ilin avqustuna qədər - Bakı Şəhər İcra Hakimiyyəti
başçısının humanitar məsələlər üzrə müavini oldum".
"Düşünürdüm ki, 20 illik yubileylə bağlı hökumət nəsə edəcək”
F.Axundov 99-cu ildə, Rəfael Allahverdiyevin mer olduğu zamanda
vəzifədən gedib. Dediyinə görə, səbəb orada baş verən maxinasiyalara göz
yuma bilməməsi olub. Və indi... Keçmiş mer müavini, Müstəqillik Aktına
imza atan Füzuli bəy necə yaşayır? "Mənimçün kasıbçılığın qorxusu
yoxdur. İmkanlı, varlı ailədə böyüməmişəm ki, kasıbçılığa öyrəşə
bilməyim. Amma bu gün o müstəqilliyin əleyhinə səs verənlərin
”İstiqlal", "Şöhrət” ordeni almaları, o səviyyədə yaşaması
ədalətsizlikdir. Böyük tarixi hadisəni yaradanlar yaddan çıxa bilməz.
Zaman gələcək, tərəzi öz yerində dayanacaq. Mənim indiki həyatımla 20 il
əvvəlki həyatım arasında heç bir fərq yoxdur. Bu gün dövlətin bizə heç
bir münasibəti yoxdur. 20 il əvvəl hansı çətinlik vardısa, indi də var.
Düşünürdüm ki, 20 illik yubileydə həm milli barışıq kimi bu aktın
qəbulunda xidməti olan 14-15 nəfərə nəsə etməklə cəmiyyətə mesaj
çatdırmaq istəyərlər. Maraqlıdır ki, bunun əvəzində aktın əleyhinə
çıxanlara - Arif Rəhimzadə və onun kimilərə şərait yaradırlar. Halbuki
onların müstəqillikdən danışması doğru deyil".
66 yaşlı rəssam
F.Axundov indi bir rəssam həyatı keçirdiyini dedi. Amma özünə rəssam
kimi tənqidi yanaşır. Deyir, realist rəssam olduğu üçün ancaq göz
zövqünü oxşayan mənzərələri çəkir: "Ən axırıncı həyətimdən dərdiyim
qızılgülləri çəkmişəm. Bu günə qədər fərdi sərgim olmayıb. Beynəlxalq
sərgidə iştirak etmişəm. 89-cu ildə hərəkat başlayanda düşündüm ki,
hansı sahədə daha çox xeyrim dəyər. Gördüm ki, ölkədə rəssam onsuz da
çoxdur. Amma siyasətə qoşulmağım daha önəmlidir. Bakı kəndlərinin
formalaşmasında, 40 minə yaxın əhalinin olduğu Maştağada təbliğatda və
sair sahədə daha çox işim oldu. Son olaraq musiqi məktəbində rosfislər,
çikankalar etmişəm. Ondan sonra heç bir şey etmədim. 2000-ci ilə qədər
rəssamlığa yaxın gəlmədim. Amma işdən çıxandan sonra yenidən rəssamlığa
qayıtdım”.
"Müxalifət 1998-ci ildə birləşsəydi...”
Müsahibimizdən "bir rəssam olaraq şah əsəriniz hansıdır” soruşuram,
cavab gözlədiyim kimi olur: "Mən Azərbaycanın gerbində alov dilləri ilə
”Allah" kəlməsini yazmağımı şah əsərim sayıram. Özümə təskinlik verirəm
ki, nə yaxşı Allah mənə şərait yaratdı ki, Azərbaycanın gerbini işlədim,
bu işin təşkili mənə həvalə olundu".
Keçmiş deputat, mer
köməkçisinin günləri indi Maştağadakı evinin həyətində işləmək, torpaqla
əlləşmək, nəvələri ilə oynamaq, bir də bu emalatxanada keçir: "Bir gün
bağda qalıb, səhərdən-axşama qədər işləyirəm. Sonra görürəm ki, çox
işlədim. Gəlirəm şəhərə onda. Son vaxtlar aktiv siyasətdən uzaqlaşdım.
Aktiv siyasətlə məşğul olanda gərək doğrudan da özünü buna həsr edəsən.
Son 10 ildə heç kəs müxalifətdə təşkilatlanma haqda düşünmədi. Müxalifət
partiyalarında güc olanda hərə öz ambisiyalarının qurbanı oldu. Amma
güc gedəndə anladılar ki, birləşmək lazımdır. O birləşmə 1998-ci ildə
olmalıydı. Onda camaatın içərisindəki o ehtiras yox olmamışdı. Amma
Heydər Əliyev camaatı sındırdı ki, hamı bir çörəyin ümidinə qalsın. Bu
da bütün cəmiyyətə sirayət etdi”.
Sonra keçmiş fotolar gəlir masaya.
Parlament kürsüsündə Firudin Cəlilovla, Tahir Kərimli ilə qoşa
fotoları. Hər birinin ayrı hekayəsi var. Qəzet üçün birini istəyirəm,
verməyə qıymır. İtmə ehtimalı qorxudur, deyəsən: "Bu, tarixdən bir
faktdır. Gələcəkdə nə vaxtsa arxivlər açılanda bu da lazım olacaq”...
Sevinc TELMANQIZI
(musavat.com)