Deyerler.org:
1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun, erməni
quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi
terror aktından 22 il ötür.
Azərbaycanın azadlığı və ərazi
bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil
olmuş 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli
sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ
rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və
meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq
kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi
Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli
günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər
şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik
zirvəsinə ucaldılar.
Böyük itkilərlə, günahsız insanların qətli
ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla
cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar
siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan
xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş
etdirdi.
1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb
maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa
qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara
səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü
uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror
nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması
totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini
bütün dünyaya bir daha nümayiş etdirdi.
Bakının ən yüksək
nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yeri olan
Şəhidlər Xiyabanı yerləşir. Hər il yanvarın 20-də yüz minlərlə insan
Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan
oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı
ziyarət edir. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi
ürəklərdə əbədi yaşayacaqdır. Allah şəhidlərimizə rəhmət eləsin!
/Deyerler.org/
|