1918-ci
il mayın 28-də Azərbaycan öz müstəqilliyini elan etdi, bununla Şərqdə
ilk demokratik dövlətin əsası qoyuldu. Bu uzun sürən bir mübarizənin
məntiqi sonluğu - əsl qələbə idi!
Azərbaycan Xalq Cümhuriyyəti
tezliklə demokratik islahatlara başladı. Azərbaycanın 3 rəngli bayrağı,
gerbi, dövlət himni qəbul olundu.
Azərbaycan Respublikasının
dövlət bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 21-də
verilib. Həmin qərara əsasən, Azərbaycan bayrağı qırmızı materialdan,
üstündə ağ aypara və qırmızı fonda ağ səkkizguşəli ulduzun təsviri
verilmiş bayraq kimi hazırlanmalı idi. Qırmızı rəng qanlar bahasına
alınmış Azadlığın, Hürriyyətin anlamı idi. Bu qərar qəbul edilərkən
Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi və Bakıda fəaliyyət
göstərmək qeyri-mümkün idi.
Azərbaycan Xalq Cümhuriyyəti
Bakıda fəaliyyətə başlayandan az keçmədi ki, bayraq haqqında ikinci
qərar qəbul edildi. 9 noyabr 1918-ci il tarixli "Milli bayraq haqqında
Azərbaycan hökuməti qərarları” dəftərində Nazirlər Şurası sədrinin milli
bayraq haqqında məruzəsi və qəbul olunmuş qərar qeyd olunub: "Qərara
alındı - yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq
ulduzdan ibarət olan bayraq - milli bayraq hesab edilsin”.
"Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin,
müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının
simvoludur”. Bunu Azərbaycan Milli Qurtuluş Hərəkatının ideoloqu
M.Ə.Rəsulzadə 1918-ci ildə Azərbaycan parlamentinin yığıncağında
demişdi.
İlk dəfə üçrəngli bayraq ideyasını Azərbaycan istiqlaliyyətinin ideoloqlarından olan Əli bəy Hüseynzadə gündəmə gətirib.
Məhəmməd Əmin Rəsulzadə Fondunun rəhbəri Nəsiman Yaqublu qeyd edir ki,
bu bayrağa qədər Əli bəy Hüseynzadənin "türkləşmək, islamlaşmaq,
müasirləşmək” düsturu formalaşmışdı:
"Yaşıl rəng bizim islam
ümmətinə aid olmağımıza işarə vuran rəngdir. Bu, islam mənəviyyatına,
islam dininə bağlılığımızı göstərir. Bunu ideya kimi ortalığa qoyan isə
Əli bəy Hüseynzadə olub. İslamçılıq ideologiyasının simvolu kimi bu
rəng vardı, amma bunu siyasi bir düstur halına gətirən Əli bəy
Hüseynzadə olub”.
Əli bəy bu siyasi düsturu təkcə islamçılıqla bağlamayıb, həm də türkçülüklə əlaqələndirib.
Rəsulzadə irsinin araşdırıcısı bildirir ki, bayraq qəbul olunana qədər
isə mətbuatda Məhəmməd Əmin Rəsulzadənin bununla bağlı bir çox yazıları
çıxırdı: "Məsələn, 1916-ci ildə çıxan məqaləsində Rəsulzadə birinci
müasirləşməyi irəli sürürdü. Deyirdi ki, millətimizə, xalqımıza birinci
müasirləşmək lazımdır”.
Bayrağımızın rənglərinin ifadə etdiyi bu
fikirlər, bu ideyalar müxtəlif vaxtlarda bir-birindən asılı olaraq
qabarıb. Yəni 20-ci əsrin əvvəllərində türkçülük qabarıb. Ona qədərsə
müsəlmançılıq. Məsələn, böyük Şərq mütəfəkkiri Şeyx Cəmaləddin Əfqanidə
müsəlmançılıq daha çox özünü büruzə verirdi. Amma 20-ci əsrin
əvvəllərində türkçülüyü ortaya qoydular. Bir qədər keçəndən sonra isə
Rəsulzadə müasirləşməni önə çəkdi. Çünki gördü ki, millət geri qalır,
savadsızdır, cəhalət içindədir. Və irəli getməyi, müasirləşməyi bir
fikir kimi ortalığa atdı. Bu bayrağımızın rəngləri sadəcə rənglər deyil,
həm də Azərbaycan xalqının inkişaf tarixidir. Bir millət olaraq özünü
tanıma tarixidir”.
Ümumiyyətlə, 20-ci əsrin əvvəllərində
Azərbaycanda çox güclü bir milli hərəkat olmuşdu, bir ideya
formalaşmışdı. Həmin milli ideyanın bir göstəricisiydi bu bayraq. Əli
bəy Hüseynzadə isə o istiqamətləri bir təlim halına salmışdı:
müasirləşmək, türkləşmək və islamlaşmaq. Bu, bayraqda da öz əksini
tapdı”.
Tarixçi Cəmil Həsənli həmin dövrdə bu bayrağın qəbul
edilməsində Rəsulzadənin böyük xidmətlərini vurğulayır. Tarixçi qeyd
edir ki, Azərbaycanın həmin dövrdə reallıqlarını, taleyini, keçmişini və
gələcəyini özündə əks etdirdiyi üçün parlament fraksiyalarının hamısı
bu bayrağın qəbul olunmasına tərəfdar idi. Heç bir etiraz edən,
ziddiyyətli fikir səsləndirən olmamışdı.
M.Ə.Rəsulzadənin
sözlərini burada xatırlatmaq olar. "Əfəndilər, müstəqil Azərbaycanı
təmsil edən bu üç boyalı bayrağı Milli Şura qaldırmış. Türk hürriyyəti,
İslam mədəniyyəti və müasir əfkari-əhraranəsini təmsil edən bu üç boyalı
daimən başlarımızın üstündə dalğalanacaq. Mən buna iman edirəm. Mənim
bu imanımı millətimin qəlbində doğmuş əməl günəşi nurlandırır. Bu günəş
bir daha sönməz”.
Bayrağımızın üzərindəki ay-ulduzun mənası nədir?
Tarixçilərin bildirdiklərinə görə, Xalq Cümhuriyyəti tərəfindən
üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi
ehtiva etdiyi göstərilsə də, aypara və səkkizguşəli ulduzun mənaları
açıqlanmayıb. Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun
mənaları barədə müxtəlif fikirlər var. Hətta alim və tədqiqatçıların da
bu məsələdə fikirləri üst-üstə düşmür.
Tarixçi Cəbi Bəhramov:
"Bayrağın üzərindəki aypara türk xalqlarının simvoludur”, - deyə
bildirir. Səkkizguşəli ulduzun mənasına gəlincə bu, "Azərbaycan” sözünün
əski əlifbada yazılışı ilə bağlıdır. Belə ki, əski əlifbada
"Azərbaycan” sözü səkkiz hərflə yazılır.
Tarixçi alim Cəmil
Həsənli bildirib ki, ay-ulduz türk simvolları hesab olunur. Qədim türk
mifologiyasına görə, ulduzların sayı həmin xalqların taleyində rol
oynayır. Ulduzlar səkkiz guşə kimi düzüləndə, həmin xalqın taleyində
xoşbəxt hadisə baş verib”.
Səkkizguşəli ulduzun mənasını
AMEA-nın dissertantı Akif Məmmədli belə açıqlayıb: "Rəsulzadə dövlətin
prinsiplərini müəyyənləşdirərkən 8 prinsipə əsaslanıb: bunlar türkçülük,
islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik,
azərbaycançılıq və mədəniyyətlilikdir”.
Tarixçi alim Nəsib
Nəsibli bildirir ki, ay - orta əsrlərdən bir sıra müsəlman dövlətlərində
İslamın rəmzi kimi qəbul olunub. Ayla ulduzun bir yerdə olması
xoşbəxtlik rəmzi sayılır”. N. Nəsiblinin sözlərinə görə, ulduzun
səkkizguşəli olması ilə bağlı da müxtəlif versiyalar var: "Səkkizguşəli
ulduz "cənnətin səkkiz qapısı” anlamına gəlir. Səkkiz rəqəmi daha çox
şiəliklə bağlıdır. Bu, həmin dövrdə Azərbaycan əhalisinin çoxunun şiə
olması ilə də izah oluna bilər. Həmin dövrdə Osmanlı dövlətinin bayrağı
yeddi ulduzlu idi”. Beş guşəli ulduz xristianlığı, altı guşəli ulduz
yəhudiliyi, yeddi guşəli ulduz sünniliyi, səkkiz guşəli ulduz şiəliyi,
doqquz guşəli ulduz isə bəhailiyi ifadə edir.
Həmçinin, üçrəngli
bayraqla bağlı sovet dönənində müəyyən faktlara rast gəlinir. 1956-cı
ildə üçrəngli bayraq, yaşadığı quruluşa nifrətini açıq şəkildə bildirən
Cahid Hilaloğlu tərəfindən Qız qalasının üzərinə qaldırılıb. Bu
hərəkətinə görə, Cahid Hilaloğlu 4 il azadlıqdan məhrum edilir, ona bu
işdə yardım edən Çingiz Abdullayev isə ruhi xəstəliklər dispanserinə
salınıb.
1952-ci il mayın 28-də isə mühacirətdə olan
azərbaycanlıların Almaniyada keçirdiyi Respublika Günündə M. Ə.
Rəsulzadə üçrəngli bayrağı başı üzərinə qaldırıb, onu Azərbaycana
aparmaq üçün kimə etibar etməli olduğunu soruşur. Zaldakılardan Gülmirzə
Bağırov bu əmanəti götürür və 70-ci illərdə bədəninə sarıyıb Vətənə
gətirir. 90-cı ilin 20 Yanvarında bu bayraq onun Maştağadakı evinin
damından asılıb.
Böyük Məhəmməd Əmin Rəsulzadə özündən sonra gələn nəslə müraciətlə yazmışdı: ”Ey
Gənclik! Ey Türk gəncliyi! Sənin öhdəndə böyük bir vəzifə var! Səndən
əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Və
onu min müşkülatla yüksəldərək dedi ki, bir kərə yüksələn bayraq, bir
daha enməz! Əlbəttə, sən onun bu ümidini qırmayacaq, Azərbaycan
türklərinin yanıqlı nəğmələrinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı
bir daha o bina üzərinə dikəcək, bu yolda ya qazi, ya şəhid
olacaqsan!”.
Bunu deyərkən, o, bu günün mənzərəsini hesaba almamış deyildi.
İndi Azərbaycan xalqının ən böyük arzusu, üçrəngli bayrağının tezliklə Qarabağda dalğalanmasıdır.
Zeynəb Vüqarlı, İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası «Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
|