HƏZRƏT ƏLİNİN (Ə) ŞƏHADƏTİ Həzrət
Əli (ə) Nəhrəvan döyüşünü başa vurduqdan sonra Kufəyə qayıtdı və Şama
hücum haqqında düşünməyə başladı. Əyalət hakimləri həzrətin fərmanına
uyğun olaraq imkan həddində könüllü toplayır və təchiz olunmuş dəstələri
imamın xidmətinə göndərirdilər. Nəhayət,
hicri 40-cı il şə’banın axırlarında əyalətlərdən göndərilən qüvvələr
Kufəyə daxil olub, Nuxəylə düşərgəsinə qatıldılar. Həzrət Əli (ə)
səfərbər olmuş qüvvələri hərbi nizama saldı. Həzrət gecə-gündüz
çalışmaqla döyüşçülərin zəruri ehtiyaclarını ödəyirdi. Qəlbləri Müaviyə,
xüsusi ilə də Əmr Asın hiylələri səbəbindən kinlə dolmuş sərkərdələr
həzrətə kömək edirdilər. Nəhayət, hicri 40-cı il, mübarək ramazan ayının
ikinci yarısında həzrət Əli (ə) bir xütbə ilə döyüşçülərin qəlbini
riqqətə gətirib, onları Şama doğru hərəkət üçün hazırladı. Amma təqdir
onun üçün başqa bir tale müəyyənləşdirmişdi. Xəvaric
fərariləri Məkkəni özləri üçün əməliyyat mərkəzi seçmişdilər.
Əbdürrəhman ibn Mülcəm, Bərk ibn Abdullah və Əmr ibn Bəkr adlı üç
xəvaric bir gecə əyləşib müsəlmanların keçmişi haqqında söhbət
edirdilər. Söhbətin sonunda onlar belə bir qərara gəldilər ki, tökülən
qanlarda Müaviyə, Əmr As və Əli (ə) günahkardır. Onların fikrinə görə
əgər bu üç şəxs aradan götürülərdisə, müsəlmanlar rahatlığa çıxardılar.
Nəhayət, həmin üç xəvaric belə bir razılığa gəlib and içdilər ki, hərəsi
həmin üç şəxsdən birini öldürsün. İbn Mülcəm həzrət Əlini (ə), Əmr ibn
Bəkr Əmr Ası, Bərk ibn Abdullah isə Müaviyəni öldürməyi öhdəyə götürdü.
Onlar qılınclarına öldürücü zəhər çəkib qərarlarını həyata keçirmək üçün
ramazan ayının on doqquzuncu gecəsini seçdilər. Hərə öz vəzifəsini icra
etmək üçün yola düşdü. Əmr ibn Bəkr Misirə, Bərk ibn Abdullah Şama, İbn
Mülcəm isə Kufəyə getdi. Bərk
ibn Abdullah qədr gecəsi Şam məscidində səcdəyə getmiş Müaviyəni yalnız
yaralaya bildi. Ağır yaralanmış Müaviyə yatağa düşdü. İbn Abdullahı
onun yanına gətirdilər. Müaviyə dedi: «Sən hansı cür’ətlə bu işi
gördün?» İbn-Abdullah dedi: «Əmr məni bağışlasa, ona müjdə verərəm».
Müaviyə soruşdu: «Məqsədin nədir?» Bərk dedi: «İndicə Əlini də
öldürdülər». Müaviyə bu xəbərin düzgünlüyünü yoxlayanadək, onu zindana
saldı. Verilən xəbərin düzgün olduğu sübuta yetdikdən sonra Müaviyə ibn
Abdullahı azad etdi». (bə’zi rəvayətlərə görə Müaviyə onun boynunu
vurdurdu). Müaviyəni
müayinə edən həkim dedi: «Əgər əmir övlad istəmirsə, onun yarasını
dərmanla müalicə etmək olar. Yox əgər övlad istəyirsə, yara yeri
qızdırılmış dəmirlə dağlanmalıdır». Müaviyə dedi: «Qızdırılmış dəmirə
dözümüm yoxdur. İki oğul mənə bəs edər». Əmr
ibn Bəkr də öz növbəsində gecə yarı Misirdə məscidə gedib, öz məqsədini
həyata keçirmək istədi. Amma Əmr As şiddətli qızdırma içində olduğundan
məscidə gələ bilmədi və oğlunun məsləhəti ilə şəhər qazisini camaat
namazına göndərdi. Namaz
başladıqdan sonra birinci rəkətdə qazi səcdəyə gedərkən Əmr ibn Bəkr
bir zərbə ilə onu qətlə yetirdi. Məsciddə hay-küy qopdu. Namaz yarıda
qaldı, qatil misirlilərin əlinə keçdi. Camaat onu Əmr Asın ağır əzabları
ilə qorxutduqları vaxt Əmr ibn Bəkr təəccüblə soruşdu: «Məgər Əmr As
ölməyib?» Camaat ona bildirdi ki, onun öldürdüyü şəhər qazisi olub. Əmr
qazini nahaqdan öldürdüyü və məqsədini həyata keçirə bilmədiyi üçün
ağlamağa başladı. Əmr As ondan ağlamasının səbəbini soruşduqda dedi:
«Mən öz həyatım üçün ağlamıram. Təəssüf edirəm ki, qazini öldürmüşəm,
sən isə sağ qalmısan. Heyf ki, dostlarım öz işini yerinə yetirdi, mən
isə yox». Əmr As bu əhvalatı ondan soruşdu. Əmr dostları ilə birlikdə
hazırladığı plandan danışdı. Əmr As göstəriş verdi ki, onun boynunu
vursunlar. Bəli, Əmr Asın və Müaviyənin qətli planı baş tutmadı. Əbdürrəhman
ibn Mülcəmin taleyi başqa oldu. Bu şəxs hicri qırxıncı il şə’ban ayının
axırlarında Kufəyə çatdı. Kimsə onun məqsədindən xəbərdar deyildi.
İbn-Mülcəm tanışlarından birinin evində qalıb, mübarək ramazan ayının on
doqquzuncu gecəsini gözləməyə başladı. Bir gün dostlarından birinin
görüşünə gedərkən orada Qutam adlı gözəl bir qadınla rastlaşdı. Bu
qadının atası və qardaşı Nəhrəvan döyüşündə öldürülmüşdü. İbn-Mülcəm bu
qadınla ilk görüşdə onun gözəlliyinə aldandı və eşqini e’lan etdi. Qutam
dedi: «Mənə mehriyyə nə verəcəksən?» İbn-Mülcəm dedi: «Hər nə istəsən».
Qutam dedi: «Mənim mehriyyəm üç min dirhəm pul, bir kəniz, bir qulam və
Əli ibn Əbu-Talibin qanıdır». Necə də ağır bir mehriyyə! Şair bu barədə
deyir: Qutamın mehrinə tarix məəttəl- Tələb etdi: Əli qanın götür gəl. |
Bəli,
İbn-Mülcəmin cinayəti tarixdə görünməmiş bir cinayət oldu. Məqsədini
daim gizli saxlamış İbn-Mülcəm Qutamı yoxlamaq üçün dedi: «Nə istəsən
verərəm, Əlini qətlə yetirmək necə mümkündür?» Qutam dedi: «Bəli, adi
halda kimsə bu işi görə bilməz. Onu yalnız qəfildən hücum edib öldürmək
mümkündür. Onu öldürüb, mənim könül dərdimə şəfa ver, həm də öz kamına
çat. Əgər bu işi görərkən ölsən, axirət mükafatın dünya mükafatından da
üstün olacaq». İbn-Mülcəm başa düşdü ki, Qutam da xəvaricdəndir və onun
əqidə yoldaşıdır. Dedi: «And olsun Allaha, mən Kufəyə yalnız bu işi
görmək üçün gəlmişəm». Qutam dedi: «Mən də bu işi görməkdə sənə yardım
edərəm. Sənə yardım üçün bir neçə nəfər ayıraram». Qutam İbn-Mülcəmi öz
qəbiləsindən olan xəvaric əqidəli Vərdan ibn Məcalidin yanına göndərdi.
Vərdan Qutamın istəyini yerinə yetirəcəyinə söz verdi. İbn-Mülcəm
özü də Əşcəə qəbiləsindən olan Şəbib adlı xəvarici köməkçi götürdü.
Onlar öz məqsədlərindən Siffeyn döyüşündə həzrət Əlini sülhə məcbur
etmiş Əş’əs ibn Qeysi də xəbərdar etdilər. Əş’əs söz verdi ki, nəzərdə
tutlmuş vaxt o da məsciddə olacaq. Nəhayət mübarək ramazan ayının on
doqquzuncu gecəsi çatdı. İbn-Mülcəm öz yoldaşları ilə məscidə gəlib
həzrət Əlini (ə) gözləməyə başladı. Həzrət
Əli (ə) öz şəhadətindən xəbərdar idi. O, mübarək ramazan günlərindən
birində minbərdə ikən əlini saqqalına çəkərək buyurdu: «İnsanların ən
zalımı bu tükləri başımın qanına boyayacaq». Buna görə də həzrət ömrünün
son günlərini övladlarından birinin yanında keçirirdi. Şəhadət gecəsi
isə qızı Ümmü-Gülsümün qonağı idi. İftar
zamanı üç tikə yemək yedi. Sonra ibadətə durdu. Həzrət gecədən sübhədək
təşviş içində oldu. Bə’zən səmaya baxıb ulduzları seyr edirdi. Sübh
çağı yaxınlaşdıqca həzrətin narahatlığı da artırdı. Belə ki, Ümmü-Gülsüm
ondan soruşdu: «Atacan, nə üçün bu gecə bir belə narahatsan?» Həzrət
buyurdu: «Qızım, mən bütün ömrümü döyüş səhnəsində keçirmiş, adlı-sanlı
pəhləvanlarla mübarizə aparmışam. Belə şeylərdən qorxmuram. Amma hiss
edirəm ki, haqla görüş məqamı yaxındadır». Nəhayət,
hövlnak gecə başa çatdı. Evdə yuva qurmuş quşlar evdən çıxmaq istəyən
həzrətin qədəmləri önündə qanad çalaraq, sanki onu getməkdən çəkindirmək
istəyirdilər. Həzrət buyurdu: «Bu quşların səs-küyünün ardınca növhə
avazları ucalacaq». Həzrətin sözləri Ümmü-Gülsümü pərişan etdi. O,
atasına belə dedi: «Yaxşı olar ki, tək getməyəsən». Həzrət buyurdu:
«Əgər bəla yer bəlası olsa, mən təklikdə onu dəf etməyə qadirəm. Əgər bu
səmanın qəzavü-qədəridirsə, hökmən yerinə yetməlidir». Həzrət
məscidə üz tutdu. Dama çıxıb sübh azanını e’lan etdi. Sonra məscidə
daxil oldu. Yatanları oyatdı. Sonra mehraba yaxınlaşdı. Sübh nafilə
namazına durdu. Səcdəyə getdiyi vaxt Əbdürrəhman ibn Mülcəm zəhərli
qılıncı ilə həzrətin mübarək başına bir zərbə vurdu. İbn-Mülcəmin
zərbəsi bir vaxt Əmr ibn Əbdüvədin vurduğu zərbənin yerinə düşdü.
Həzrətin başı alnınadək yarıldı. İbn-Mülcəm və yoldaşları dərhal
qaçdılar. Həzrət
Əlinin (ə) mübarək başından qan axmağa başladı. Onun şərif saqqalı
başının qanına boyandı. Həzrət buyurdu: «And olsun Kə’bənin Allahına,
qurtuldum». Sonra həzrət bu ayəni tilavət etdi: «Sizi torpaqdan yaratdım
və torpağa qaytararam. Sonra yenidən torpaqdan qaldıraram». Bu vaxt
həzrət Cəbrailin yer ilə göy arasından nida çəkdiyini eşitdi: «And olsun
Allaha, hidayət sütunları uçuldu, təqva nişanələri məhv oldu, xaliqlə
məxluq arasındakı ən möhkəm bağ qırıldı. Peyğəmbərin əmisi oğlu
öldürüldü. Həzrət Əli (ə) şəhadətə çatdı. Ən zalımların ən bədbəxti onu
şəhid etdi». Məsciddə
hay-küy qopdu. Həsən və Hüseyn evdən məscidə qaçdılar. Bir qrup adam da
İbn-Mülcəmin ardınca gedib onu tutdu. Həsən və Hüseyn haşimilərin
köməyi ilə həzrəti kilimin üstünə qoyub evə gətirdilər. Dərhal həkim
ardınca adam getdi. Həkim gəldikdən sonra yaranı müayinə edib yaranın
sağalmaz olduğunu bildirdi. Çünki həzrətin vurulduğu qılınca zəhər
çəkilmişdi. Həzrət
Əli (ə) başqalarından fərqli olaraq ölümünün labüd olduğunu eşitdikdə
narahat olmadı. O, Həsən və Hüseynə vəsiyyət edirdi. Bəli, həzrət
ölümdən qorxmurdu. O dəfələrlə buyurmuşdu ki, uşaq anasının döşünə
müştaq olduğu tək o da ölümə müştaqdır. Həzrət
Əli (ə) ömür boyu ölümlə çarpışmışdı. Düşmənlər həzrət Peyğəmbərin (s)
yatağını qılınclamaq istədikləri vaxt həzrətin (s) yerində yatan Əli (ə)
idi. Həzrət daim İslam qəzavatlarında olmuş, ölümün gözünə dik
baxmışdı. Həzrət buyurdu ki, mənim üçün fərqi yoxdur ki, ölüm mənim
sorağıma gələ, ya mən ölümün sorağına gedəm». Həzrət (ə) Həsən və
Hüseynə belə vəsiyyət etdi: «Sizə təqvalı olmağı və Allahdan qorxmağı
tövsiyə edirəm. Dünya sizin ardınızca gəlsə də, siz onun ardınca
getməyin. Əlinizdən dünya malı çıxdıqda təəssüflənməyin. Doğru və haqq
söz danışın. Axirət mükafatı üçün iş görün. Zalıma düşmən, məzluma
yardımçı olun. Sizə,
bütün övladlarıma və Əhli-beytimə məktubum yetişən hər bir adama
təqvanı, Allahdan qorxmağı, həyat işlərini tənzimləməyi, öz aralarında
sazişi vəsiyyət edirəm. Çünki babanız Peyğəmbərin belə dediyini
eşitmişəm: «İki nəfər arasında sülh yaratmaq namaz və orucdan üstündür».
Yetimlərə münasibətdə Allahdan qorxun. Onların ağzı üçün növbə
qərarlaşdırmayın (bə’zən tox, bə’zən isə ac olalar). Sizin
diqqətsizliyiniz səbəbindən onlar zaya çıxmasınlar. Qonşulara
münasibətdə Allahdan qorxun. Onları Peyğəmbər tapşırmışdır. Həzrət
qonşuları elə tapşırardı ki, güman edərdik qonşu qonşudan irs aparacaq.
Qur’ana münasibətdə Allahdan qorxun. Ona əməl etməkdə sizi ötüb
keçməsinlər. Namaza münasibətdə Allahdan qorxun. Namaz dinin sütunudur.
Kə’bəyə münasibətdə Allahdan qorxun. Nə qədər ki, dirisiz, Allah evini
boş qoymayın. Əgər o boş qalsa, cəzada möhlət almayacaqsınız. Cihada
münasibətdə Allahdan qorxun. Malınız, canınız, dilinizlə Allah yolunda
cihad edin. Əlaqələrinizi qoruyun və bir-birinizə bağışlayın.
Bir-birinizə arxa çevirməkdən, bir-birinizdən ayrılmaqdan çəkinin. Əmr
be mə’ruf və nəhy əz münkəri (yaxşıya əmr, pisə qadağa) tərk etməyin.
Yoxsa şər adamlar sizə hakim olar. Bu halda siz Allahı çağırsanız da, O
sizin dualarınıza cavab verməz. Ey
Əbdül Müttəlib övladları, məbada «Əmirəl-mö’minin öldürülüb» deyə,
xalqın qanını tökəsiniz. Bilməlisiniz ki, mənə görə yalnız məni öldürən
qətlə yetirilə bilər. Elə ki, mən onun zərbəsindən öldüm, siz də
əvəzində ona bir zərbə vurun. Onun meyitini təhqir etməyin. Həzrət
Peyğəmbər (s) buyurub ki, muslə (meyiti təhqir) etməkdən çəkinin». Həzrət
Əli (ə) zərbə aldıqdan sonra üç gün yataqda qaldı. Bu müddət ərzində
təkcə ailəsi yox, həm də səhabələri onun yanında olurdu. Ətrafındakılar
ömrünün son saatlarında həzrətin dəyərli buyuruqlarından
faydalanırdılar. Həmin vaxt həzrətin buyurduğu dürlü öyüdlərdən biri də
budur: «Mən dünən sizin müsahibiniz idim. Bugünkü vəziyyətim isə sizin
üçün bir ibrətdir. Sabah isə sizdən ayrılaram». Həzrətə
bir qədər süd gətirdilər. Azca içdi və sonra buyurdu: «Zindana
saldığınız adama da bu süddən bir qədər verin. Onu incitməyin. Əgər sağ
qalsam, özüm bilərəm, əgər ölsəm, ona yalnız bir zərbə vurun. Çünki o
mənə bircə zərbə vurub». Sonra üzünü Həsənə tutub buyurdu: «Oğulcan,
məndən sonra sən vəliyye-əmr, mənim qanımın sahibisən. Onu bağışlamaq
istəsən, özün bilərsən. Əgər öldürsən, mənə bircə zərbə vurduğu üçün ona
birdən artıq zərbə vurma». Qılınca çəkilmiş zəhər həzrətin bədəninə
sirayət etdiyindən o hərəkətdən düşmüşdü. Ona görə də namazını oturaq
halda qılır, daim zikr edirdi. Ramazanın iyirmi birinci gecəsi ölümü
yaxınlaşan məqamlarda buyurdu: «Son görüş üçün ailə üzvlərimi çağırın.
Hamının hüzurunda vəsiyyət etmək istəyirəm». Həzrətin
övladları onun ətrafında cəmləşdi. Onların gözləri ağlamaqdan
qızarmışdı. Həzrətin vəsiyyətlərini dinləyirdilər. Amma həzrətin
vəsiyyətləri təkcə onun övladlarına aid deyildi. Bu vəsiyyətlər dünyanın
sonunadək bütün bəşərə aid idi. Əxlaqi və əməli fəlsəfəyə aid
göstərişlər silsiləsindən bə’zilərinə nəzər salırıq: Sözümün
əvvəli Allahın yeganəliyinə şəhadətdir. Sonra Məhəmməd ibn Abdullahın
(s) Peyğəmbərliyinə şəhadət verirəm. O, mənim əmimoğlum, Allahın bəndəsi
və seçilmişidir. Onun be’səti Allah tərəfindəndir, göstərişləri Allahın
göstərişləridir. Xalq cəhalət və nadanlıq içində olduğu vaxt həzrət
onları doğru yola, qurtuluş yoluna hidayət buyurdu: «Onların əməllərinin
qiyamət günündəki cəzaları ilə qorxutdu. Ey
mənim övladlarım, sizi təqva və pəhrizkarlığa də’vət edirəm. Tövsiyə
edirəm ki, çətinliklər qarşısında səbirli və dözümlü olasız. Dünyaya
bağlanmayın. Əlinizdən çıxan şey üçün üzülməyin. Sizi birliyə çağırıram.
Nifaq və pərakəndəlikdən həzər qılın. Haqq və həqiqəti me’yar götürün.
İstər qəzəbləndikdə, istər qəmli vaxtınızda, istərsə də şadlandığınız
vaxt sabit ədalət qanunlarına tabe olun. Ey
mənim övladlarım, heç vaxt Allahı unutmayın. Daim onun razılığı
haqqında düşünün. Məzlumlarla ədalətli rəftarınızla, yetimlərə və
çarəsizlərə isar və ətanızla Allahı razı salın. Həzrət Peyğəmbərdən belə
buyurduğunu eşitdim: «Behişt yetimlərə öz övladları kimi himayədarlıq
edənlərin iştiyaqındadır. Cəhənnəm odu yetimlərin malını yeyənlərin
intizarındadır». Qohum-əqrəbanızla
münasibətdə sileye-rəhm və yaxşılıq edin. Dərvişlərə və möhtaclara əl
tutub, xəstələri yoxlayın. Çünki dünya hadisələr məhəllidir. Ona görə də
arzu-istəklərə giriftar olmayın. Daim ölüm və axirət aləmi haqqında
düşünün. Lütfünüzü qonşulardan əsirgəməyin. Çünki qonşunun haqqının
qorunması Peyğəmbərin (s) vəsiyyətlərindəndir. Dini göstərişləri
möhtərəm sayın. Onlara həvəslə əməl edin. Namaz və zəkatı, əmr be mə’ruf
və nəhy əz münkəri yerinə yetirin. Allahın əmrlərinə itaət etməklə
Allahın razılığını qazanın. Ey
mənim övladlarım, alçaq insanlarla ünsiyyətdən çəkinin. Saleh və
təqvalı insanlarla yoldaş olun. Əgər həyatınızda elə bir işlə
rastlaşsanız ki, dünya və ya axirəti seçməli olasınız, dünyadan keçin və
axirəti qəbul edin. Dövrün çətinlikləri zamanı Allaha pənah aparın. Hər
bir işdə Ondan kömək istəyin. Xalqla mehribanlıqla, xoş üzlə rəftar
edin. Təqva və insana xidməti özünüzə şüar qərar verin. Körpələrə
nəvaziş, yaxşılara ehtiram göstərin». Həzrətin
övladları sakitcə oturmuşdular. Boğazlarını qəhər tutmuşdu. Həzrətin
ürəyəyatan, könül oxşayan sözlərini dinləyirdilər. Həzrətin vəsiyyətinin
bu hissəsi bir əxlaq dərsi idi. Bu dərslərə əməl edən hər bir kəs kamal
həddinə çatar. Həzrət vəsiyyətinin bu hissəsini «La hövlə və la quvvətə
illa-billahil-əliyyil-əzim» cümləsi ilə başa çatdırdı. Sonra huşunu
itirdi. Bir an sonra gözlərini açıb buyurdu: «Ey Həsən, sənə də bir neçə
sözüm var. Bu mənim ömrümün son gecəsidir. Canımı tapşırdıqdan sonra
mənə öz əlinlə qüsl ver, kəfənə bük, dəfn işlərimə özün bax. Cənazə
namazımı qıl və məni gecənin qaranlığında Kufə şəhərindən kənarda, adsız
bir yerdə torpağa tapşır və kimsə bundan xəbər tutmasın». Bütün
haşimilər, eləcə də ələvi ailəsi səsini çıxarmadan ağlayırdı. Onların
göz yaşları yanaqlarına süzülürdü. Həsən atasına hamıdan yaxında
oturmuşdu. O qədər qəmli idi ki, imamın diqqətini özünə cəlb etdi və
imam buyurdu: «Ey oğlum, səbirli və dözümlü ol. Bu həssas məqamda sənə
və qardaşına səbirli və dözümlü olmağı tövsiyə edirəm». Sonra buyurdu: «Məhəmməddən də muğayət olun. O da sizin qardaşınızdır, atanızın oğludur. Mən onu sevirəm». Həzrət
yenidən huşunu itirdi. Bir an sonra azca tərpəndi və Hüseynə buyurdu:
«Oğlum, sənin də həyatının bir macərası olacaq. Səbirli və dözümlü ol.
Həqiqətən də, Allah səbir edənləri dost tutur». Bu
məqamda həzrət canvermə vəziyyətinə gəldi. Azca sonra mübarək gözlərini
yavaşca yumdu və son nəfəsində buyurdu: «Əşhədu ənla ilahə illəllah,
vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh». Şəhadət
kəlmələrini dedikdən sonra həzrətin aralı və nazənin dodaqları qapandı.
Onun ruhu fələklərə pərvaz etdi. Beləcə, bütün ömrü boyu haqq və
həqiqətdən savay məqsədi olmamış bir insanın həyatı başa çatdı. Həzrət
Əli (ə) şəhadətə çatdığı vaxt onun altmış üç yaşı vardı. Artıq o otuz
il idi ki, imamət məqamında idi. Həzrət beş ilə yaxın xilafət kürsüsündə
oturdu. İmam vəfat etdikdə həzrət Həsən həzrət Hüseynlə birlikdə
atasının cənazəsini dəfnə hazırlayıb Kufə yaxınlığındakı Qəriy adlanan
məhəldə (bugünkü Nəcəf) dəfn etdi. Belə bir qorxu vardı ki, həzrətin
qatı düşməni olan bəni-Üməyyə və xəvaric onun cəsədini qəbirdən çıxardıb
təhqir edə. Ona görə də həzrət özü vəsiyyət etmişdi ki, diqqəti
çəkməmək üçün onun qəbrini yerlə bərabər səviyyədə etsinlər. Həzrətin
qəbri imam Sadiqin (ə) dövrünədək məxfi qaldı. Yalnız ikinci abbasi
xəlifəsi imam Sadiqi Mədinədən İraqa çağırarkən həzrət Kufəyə gəlib
atasının qəbrini ziyarət etdikdə bu qəbrin yeri mə’lum oldu. Həzrət
Əlinin (ə) qəbrinin müəyyənləşməsi haqqında Şeyx Müfid də bir rəvayət
nəql etmişdir. Onun dediyinə görə, Abdullah ibn Hazim belə nəql
etmişdir: «Bir gün Harun ər-Rəşidlə birlikdə ov üçün Kufədən çıxmışdıq.
Kufə ətrafında rastlaşdığımız ahuları ovlamaq üçün ov itlərini buraxdıq.
İtlər bir saata yaxın ahuların ardınca qaçdılar. Amma heç bir nəticə
hasil olmadı. Ahular həmin ərazidəki təpəyə çıxıb orada dayandılar.
İtlər təpəyə çıxmış ahuları tə’qib etməyib geri döndülər. Harun bu
məsələyə təəccüb etdi. Ahular təpədən düşən kimi itlər onların üstünə
cumur, ahular təpəyə qalxanda itlər geri qayıdırdılar. Bu hadisə üç dəfə
təkrarlandı. Harun dedi: «Gedin bu ərazidə kimi tapsanız yanıma
gətirin». Biz getdik və bəni-Əsəd qəbiləsindən olan qoca bir kişi
tapdıq. Onu Harunun yanına gətirdik. Harun dedi: «Ey Şeyx, bizə bu təpə
haqqında danış». Kişi dedi: «Əgər aman versəniz sizə bu barədə
danışaram». Harun dedi: «Mən Allah qarşısında əhd edirəm ki, sənə heç
bir əziyyət verməyəcəyəm». Şeyx dedi: «Atam öz babalarının dilindən belə
nəql edirdi ki, Əli ibn Əbu-Talibin qəbri bu təpədə yerləşir.
Allah-təala bu təpəni əmin-amanlıqda qərar vermişdir. Kim o təpəyə
sığınarsa, amanda qalar». Harun
bunu eşidib atdan düşdü. Su istədi. Ona su gətirdilər. Harun dəstəmaz
aldı. Təpənin yanında namaz qıldı. Üzünü torpağa sürtüb ağladı və Kufəyə
qayıtdı. Həzrət
Əlinin (ə) qəbri haqqında başqa bir maraqlı əhvalat da nəql olunmuşdur:
«Osmanlı sultanı olan Süleyman Kərbəlaya gəldiyi vaxt həzrət Əlini (ə)
ziyarət edirdi. O Nəcəfdə həzrətin qəbri yaxınlığında atdan düşdü və
niyyət etdi ki, həzrətə ehtiram əlaməti olaraq onun qəbrinədək piyada
gedəcək. Həmin
vaxt müfti olan qazi Əsgər sultanı müşayiət edirdi. Sultanın
ziyarətindən xəbər tutub qəzəbli halda onun yanına gəldi və dedi: «Sən
diri sultansan, Əli (ə) isə ölü sultan. Sən nə üçün onun ziyarətinə
piyada gedirsən?» Bu qazi həzrətə qarşı düşmən mövqedə duran nasibi idi.
Qazi öz fikrini sübuta yetirmək üçün sultana dedi: «Əgər bu işin sənin
sultanlıq şə’ninə əskiklik gətirəcəyinə şübhən varsa, Qur’anı aç
həqiqətdən xəbər tut». Sultan onunla razılaşıb, Qur’anı əlinə götürdü və
doğru yolda olub-olmadığını bilmək üçün ilahi kitaba müraciət etdi.
Sultanın açdığı səhifə bu ayə ilə başlayırdı: «Mən, həqiqətən, sənin Rəbbinəm, nə’ləynini (ayaqqabını) çıxar ki, müqəddəs Tuva vadisindəsən».Sultan üzünü qaziyə tutub dedi: «Sənin məsləhətinlə ayaqqabılarımı da
çıxarmalı olacağam». Sonra sultan ayaqqabılarını çıxarıb, ayaqyalın
həzrətin qəbrinə üz tutdu. Onun ayaqları yaralanmışdı. Ziyarətini başa
vurduqdan sonra inadkar qazi onun yanına gəlib dedi: «Bu şəhərdə
rafizilik əqidəsini yayanlardan birinin qəbri var. Yaxşı olar ki, o
qəbiri açıb oradakı cəsədin sümüklərini yandırmağı əmr edəsən». Sultan
dedi: «O alimin adı nədir?» Qazi dedi: «Onun adı Məhəmməd ibn Həsən
Tusidir». Sultan dedi: «Bu şəxs ölmüşdür. Allah onun layiq olduğu savabı
və cəzanı özü verər». Qazi isə inadından əl çəkməyib mərhum Şeyx
Tusinin qəbrinin açılmasını tələb edirdi. Nəhayət, sultan göstəriş verdi
ki, Nəcəf kənarında böyük bir tonqal qalasınlar. Amma onun məqsədi
qəbirdəki cəsədi yox, qazinin özünü yandırmaq idi. Beləcə, həmin məl’un
cəhənnəm odundan qabaq dünya odunda yandı. «Muntəxəbut-Təvarix»
kitabının müəllifi nəql edir ki, Nadir şah həzrət Əlinin (ə) qəbrinin
üzərindəki günbəzi zinətləndirərkən ondan qübbəyə nə yazılması barədə
soruşurlar. Nadir dərhal deyir: «Allahın əli bütün əllərin fövqündədir».
Səhəri gün Nadir şahın vəziri Mirza Mehdi xan deyir: «Nadir
savadsızdır, bu kəlam ona ilham olunub. Əgər inanmırsınızsa, yanına
gedib, yenidən bu barədə soruşun». Bu məqsədlə yenidən Nadirə müraciət
edirlər. O belə cavab verir: «Dünən dediyim sözü!» Həsən
və Hüseyn, eləcə də yaxın adamları həzrət Əlini (ə) dəfn etdikdən sonra
Kufəyə qayıtdılar. Həzrətin qatili İbn-Mülcəm də həmin gün, yə’ni
ramazan ayının iyirmi birinci günü imam Həsənin qılıncı ilə cəhənnəmə
vasil oldu. Uyğun mövzuda dövrün ustad şairləri bir çox əsərlər
yaratmışlar. Əsvəq Nəxəinin qızı Ümmü-Heysəmin yazdığı şe’rdən bir neçə
misranı nəzərdən keçirək: Ey gözlər, vay olsun bu halınıza, Bu qəmli gecədə dönmüsüz buza. Ən üstün insanı vermişik əldən, Üzür könülləri ağrılı dərd qəm. . . |
Həzrət
Əlinin (ə) vəsiyyət etdiyi kimi, ondan sonra imamət və xilafət məqamı
oğlu Həsənə çatdı. Abdullah ibn Abbas məscidə gəldi və xalqa müraciət
edərək dedi: «Əlbəttə, bilirsiniz ki, Həzrət Əli (ə) öz oğlu Həsəni
sizin üçün xəlifə tə’yin etmişdir. Amma o sizdən bey’ət almaq üçün
israrlı deyil. Əgər bey’ət etmək fikriniz olsa, mən ona deyərəm, məscidə
gələr. Yox əgər bey’ət etmək istəmirsinizsə, özünüz bilərsiniz». Xalq
ümumi şəkildə müsbət cavab verdi. İbn-Abbas həzrəti məscidə gətirdi.
İmam Həsən (ə) minbərə çıxdı, Allaha həmd-səna etdikdən sonra Peyğəmbərə
(s) salam göndərdi və belə buyurdu: «Bu gecə dünyadan elə bir insan
köçüb ki, xeyir işdə kimsə onu qabaqlamayıb. Gələcəkdəkilər də əməl
baxımından ona çatası deyillər. Bu şəxs həzrət Peyğəmbərlə (s)
çiyin-çiyinə döyüşlərdə vuruşmuş, öz canını həzrətə (s) sipər etmişdir.
Həzrət Peyğəmbər (s) bayrağı onun əlinə vermiş və din düşmənləri ilə
savaş üçün Cəbrəil və Mikail sağında və solunda olmaqla onu
göndərmişdir. O, döyüşlərdən yalnız qələbə ilə dönmüşdür. Allah ona daim
fatehlik nəsib etmişdir. O, İsa ibn Məryəmin səmaya qalxdığı gecədə
şəhadətə çatmışdır. Həzrət Musanın canişini Yuşə ibn Nun da həmin gecə
dünyasını dəyişmişdir. Bu şəxs dünyasını dəyişərkən dünya malından cəmi
yeddi yüz dirhəmi olmuşdur. O bu pulla öz ailəsinə xidmətçi tutmaq
istyirdi. (İmam bu sözləri deyərkən boğazını qəhər tutdu, ağlamağa
başladı)». İmam Həsən (ə) atasının xatirəsinə söylədiyi bu xütbədə
həzrət Əlinin (ə) məqamını cəmiyyətə anlatdı. Onun dediyi sözlər bir
oğulun atası haqqında öz söylədiyi tə’rif deyildi. İmam Həsən (ə)
hamıdan yaxşı tanıdığı imamı vəsf edirdi. İmam
Həsən (ə) xalqdan bey’ət aldıqdan sonra Müaviyəyə məktub yazıb onu da
bey’ətə də’vət etdi. Aydın məsələdir ki, Müaviyə imamın də’vətini qəbul
etmədi. Müaviyə hələ də zəif mövqeyə malik olduğu bir zamanda həzrət
Əliyə (ə) bey’ət etməkdən çəkindi. İndi isə onun hakimiyyəti
möhkəmlənmişdi. Zəif vaxtında bey’ət etməyən bir şəxs güclü vaxtında
bey’ət edərdimi?! Bir sözlə imam Həsənin məktubunu alan Müaviyə məktubun
cavabında ona bildirdi ki, özünü xəlifəliyə daha layiqli sayır və imam
ona bey’ət etməlidir. Digər
bir tərəfdən, həzrət Əlinin (ə) öz şəhadətindən qabaq Nuxəylə
düşərgəsində təchiz etdiyi qoşunun böyük bir hissəsi dağılmışdı. İmam
Həsən (ə) atasının dövründə Kufə əhlinin vəfasızlıq və laqeydliyini
görsə də və belə bir şəraitdə Müaviyə ilə döyüşün səmərə verməyəcəyini
bilsə də, azsaylı (İbn Əbil-Hədidin nəqlinə görə on altı min nəfərlik)
qoşunu ilə Şam yoluna üz tutdu. İmam qoşunun on iki min nəfərini
Übeydullah ibn Abbasın komandanlığı altında Müaviyənin üstünə göndərib,
özü Mədaində mövqe tutdu ki, ətrafdan qoşun toplasın. Amma Müaviyə bir
milyon dirhəm verib Übeydullah ibn Abbası özünə tərəf çəkdi. Übeydullah
qızıl sikkələrin çingiltisinə uyaraq imam Həsəndən (ə) üz döndərdi və
gecə yarı kiçik bir qrupla məxfi şəkildə qaçıb Müaviyəyə qoşuldu.
Mədaində isə başqa bir hadisə baş verdi. Bu hadisə nəticəsində qoşunda
təfriqə və ixtilaf yarandı və döyüş üçün heç bir münasib şərait qalmadı.
İmam Həsən (ə) mövcud vəziyyəti, İslamın və müsəlmanların məsləhətini
nəzərə alaraq qoşunu buraxmağa məcbur oldu. Mövcud şəraitdə başqa bir
yol görmədiyindən həzrət imam (ə) Müaviyə ilə sülh bağladı. Mənbə:Əli əleyhissəlam kimdir? (Müəllif:Fəzullah Kompani)
|