Zalım xəlifələrin saray alimlərinə ehtiyacı Zalım
və qeyri-İslami hakimlərin İslam əqidəsində olan şəxslər üzərində öz
hakimiyyətlərini möhkəmlətmək üçün camaatın fikrində öz gördükləri
işlərə nisbət qəlbən şəri etiqad yaratmaqdan başqa çarələri yox idi.
Çünki o dövrdə hələ İslamın ilkin çağlarından bir o qədər də vaxt
ötməmiş və camaatın İslama olan əlaqəsi hələ öz möhkəmliyini qoruyub
saxlayırdı. Əgər camaat xəlifələrə etdiyi beyətin düzgün olmadığını və
xilafət kürsüsündə oturan xəlifələrin Peyğəmbər canişini olmalarına
layiq olmadıqlarını bilsəydi, şübhəsiz ki, onlara boyun əyməzdi. Düzdür,
bu həqiqəti bütün camaat barədə qəbul etməsək də, ancaq o dövrün İslam
cəmiyyəti arasında çoxları xəlifələrin qeyri-İslami hakimiyyətini qəlb
imanı üzündən qəbul etmişdilər. Yəni, belə fikirləşirdilər ki, bu
hakimiyyət İslami hakimiyyətdir. Elə buna görə də, zalım hakimlər öz
hökumətlərini şəri hökumət kimi qələmə vermək üçün hədisçi və din
alimlərini öz saraylarına cəlb etməyə çalışırdılar. Bu yolla xəlifələr
onları Peyğəmbərin, yaxud da o Həzrətin ən yaxın səhabələrinin dilindən
(yalançı) hədis söyləməyə məcbur edir, bununla da, cəmiyyətdə onların
hökumətinin şəri qələmə verilməsi üçün fikirlərdə münasib zəmin
yaranırdı.
Buna əsaslanaraq deyə ilərik ki, Əməvi xəlifələrinin Zührini özlərinə
tərəf cəlb etməkdən məqsədləri onun dini mövqeyindən istifadə etmək idi.
Zühri də can-başla özünü onlara həsr etdi, onlar üçün kitab yazdı,
hədislər söylədi. Bununla da, onların çirkin məqsədlərinə böyük kömək
etdi. Müəmmər adlı bir şəxs deyir: "Biz elə bilirdik ki, Zühridən çox
hədis söyləmişik. Vəlid ibn Əbdülməlik öldürüldükdən sonra gördük ki, dəftərlərlə yüklənmiş heyvanları onun xəzinəsindən çıxara-çıxara
deyirlər: "Bu, Zührinin elmidir.”
Bu o deməkdir ki, Zühri Vəlidin göstərişi ilə o qədər kitab-dəftər və
hədis yazıb doldurub ki, onları Vəlidin xəzinəsindən çıxararkən məcbur
olub heyvanlara yükləyiblər. Zührinin özü deyir: "Əvvəllər mənim elmi
kağız üzərinə yazmaqdan xoşum gəlmirdi. Axırda hakim və xəlifələr məni
elmi yazmağa (onu kitab halına salmağa) məcbur etdilər. Sonra mən belə
fikirləşdim ki, heç bir müsəlmanı bu işdən çəkindirmək olmaz. (Qoy elm
və bilik həmişə yazılsın.)”
İbn Kəsir yazır: "Zührini (yalançı) hədis yazmağa məcbur edən şəxs
Hişam ibn Əbdülməlik olmuşdur. Zühri kitab yazan gündən sonra camaat da
hədisləri yazmağa başladı.”
Bir gün Hişam ibn Əbdülməlik Zühriyə dedi ki, onun uşaqlarına hədis
öyrətsin. Bu zaman Zühri bir hədisyazan çağırtdırıb ona dörd yüz hədis
dedi, o da yazdı. Ömər
ibn Əbdüləziz bir bəyannamədə yazmışdı: "Hədis yazıb söyləməkdə
Zühridən qafil olmayın. Çünki ötən sünnələri ondan yaxşı bilən bir şəxs
qalmamışdır.” İndi
gəlin görək Vəlid və Hişamın əmri ilə yazılıb doldurulmuş bu
dəftərlərdəki hədislər necə hədislərdir? Şübhəsiz ki, bu dəftərlərdə bir
dənə də olsun Vəlid və Hişam kimiləri məhkum (tənqid) edən hədis
yoxdur. Əksinə, bu hədislər onların çirkin və qeyri-İslami əməllərinə
bəraət qazandırır, bunun müqabilində isə onlarla siyasi səhnədə mübarizə
aparan rəqiblərinin, yəni, Bəni-Haşimin parlaq mövqeyini zəiflədir. Aşağıda
qeyd olunan tarixi sənəddən çox gözəl məlum olur ki, Hişam ibn
Əbdülməliki hədis və rəvayətlə bağlı hansı mövzular daha çox
maraqlandırırmış. Hişam Əməşə
yazdığı məktubunda ona belə müraciət etmişdir: "Mənə Osmanın fəzilətli
və Əlinin pis və nalayiq işlərindən yaz göndər.” Əməş məktubu alandan
sonra onu kənarındakı qoyuna verdi və qoyun da onu çeynədi. Sonra üzünü
qasidə tutub dedi: "Bu da sənin cavabın!” Qasid vahimə içində
ətrafındakıların fikrini özünə cəlb edərək dedi: "Axı Hişam and içib ki,
əgər əliboş qayıtsam məni öldürəcək!” Bundan sonra Əməş məktubu
"Bismillahir-rəhmanir-rəhim”lə başlayaraq belə yazdı: "Əgər yer üzünün
insanlarının bütün yaxşı əməlləri Osmanın olsa belə sənə bir xeyiri
yetişməyəcək və əgər onların bütün pislikləri də Əlinin olsa sənə bir
zərəri dəyməyəcək. Sən öz qeydinə qal, vəssalam!” Zühri
Bəni-Üməyyənin xeyrinə, onların küframiz siyasətlərinə bəhanə gətirmək
üçün və eləcə də, Bəni-Haşim sülaləsinin ziddinə bir sıra hədislər
düzəltmişdir. İndi həmin hədislərdən bir neçəsini nümunə olaraq sizin
nəzərinizə çatdırırıq: Zühri
Peyğəmbərə (səlləllahu əleyhi və alih) nisbət verib deyir ki, Peyğəmbər
(səlləllahu əleyhi və alih) buyurmuşdur: "Ancaq üç məscidə getmək üçün
səfərə çıxmaq olar: Məscüdül-həram (Kəbə), mənim məscidim (Mədinə
şəhərində) və Məscidül-əqsa (Beytül müqəddəs). Məscidül-əqsa
(Beytül-müqəddəs) sizin üçün eynilə Məscidül-həram (Kəbə) hökmündədir.”
Bu hədisi sünni məzhəbinin üç böyük hədisçisi – Müslim, Əbu Davud və
Nisai Əbu Hüreyrə vasitəsi ilə Peyğəmbərdən belə rəvayət edirlər: "Ancaq
üç məscidə getmək üçün səfərə çıxmaq olar: Məscidül-həram, mənim
məscidim və Məscidül-əqsa.” Bu üç hədisçinin heç biri bu hədisdə "Məscidül-əqsa sizin üçün eynilə Məscidül-həram hökmündədir” ifadəsini qeyd etməmişlər. Məlum
olur ki, bu hədisə əlavəni Əbdülməlikin əmri ilə Zühri etmişdir. Bu
hədis (Zührinin düzəltdiyi hədis) Abdullah ibn Zübeyrin Məkkədə, Əbdülməlikin isə Şamda hakimiyyəti ələ aldıqları bir dövrdə
düzəldilmişdir. Bu iki nəfər arasında siyasi və nizami çəkişmə gedirdi.
Şam camaatı həcc ziyarətinə getmək istədikdə, bir neçə gün Məkkədə
qalmalı olur, bu da Abdullah ibn Zübeyr üçün Əbdülməlikin əleyhinə
təbliğat aparmağa çox yaxşı fürsət yaradırdı. Əbdülməlik Şam hacılarının
bu təbliğatdan uzaq olmaları və öz hakimiyyətinin xilafət mərkəzində
zəifləməməsi üçün həcc səfərinin qarşısını aldı. Camaat şikayət etdi ki, nəyə görə bizi vacib olan həcc səfərindən saxlayırsınız? Əbdülməlik
dedi: "İbn Şəhab Zühri Peyğəmbərdən rəvayət edir ki, "ancaq üç məscidə
getmək üçün səfərə çıxmaq olar: Məscüdül-həram (Kəbə), mənim məscidim və
Məscidül-əqsa (Beytül-müqəddəs). Məscidül-əqsa sizin üçün eynilə
Məscidül-həram hökmündədir və Peyğəmbərin merac gecəsi ayağını üzərinə
qoyduğu daş da Kəbənin hökmündədir.” Bu hadisədən sonra Əbdülməlikin
əmri ilə həmin daşın üstündə bir günbəz ucaldıldı, oradan ipək pərdələr
asıldı, oraya xadimlər təyin edildi. Beləliklə, camaat oranı təvaf
etməyə başladı. Bu adət Bəni-Üməyyə sülaləsinin bütün hakimiyyəti
dövründə davam etmişdir. Beləliklə
də, məlum olur ki, Zührinin bu hədisin axırına özündən əlavə etməsindən
məqsəd camaatı (Abdullah ibn Zübeyrin hakimiyyəti altında olan) Kəbə
ziyarətindən yayındırıb onları Fələstinə (Beytül-müqəddəsə) tərəf
getməyə cəlb etməkdir. Çünki Fələstin Şamın bir hissəsi olub
Əbdülməlikin nəzarəti altında idi. Zühri də bu yolla Əbdülməlikin
mövqeyinin möhkəmlənməsi üçün çalışırdı. Zühri
guya camaatın Mərvan ailəsinə olan nifrətini azaltmaq və İmam Səccad
əleyhissəlamın İlahi mövqeyini onların qarşısında aşağı salmaq üçün o
Həzrəti belə xatırlayırdı: "Əli ibn Hüseyn (əleyhissəlam) (İmam Səccad)
öz ailəsinin ən mülayim adamı, Mərvan və Əbdülməlikə nisbət isə ən
itaətkar və ən sevimli şəxsdir.”Halbuki, Mərvan ailəsinin Əli əleyhissəlamın ailəsi ilə olan
düşmənçiliyi heç kəsə gizli deyil və Əli əleyhissəlamın ailəsinin də
Mərvan ailəsinə olan nifrəti hamıya məlumdur. Buna görə də, heç kim İmam
Səccad əleyhissəlamın Mərvan ailəsinin ən sevimli şəxs olması məsələsi
bir yana, heç Mərvan ailəsinə itaət etməsi töhmətinə də inanmaz. Zühri
Aişənin dilindən rəvayət edərək deyir: "Bir gün Peyğəmbərin (səlləllahu
əleyhi və alih) yanında idim. Bu zaman gördüm ki, Abbas ilə Əli
gəlirlər. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: "Aişə, bu iki
nəfər mənim dinimdən kənara çıxaraq öləcəklər. Məlum
məsələdir ki, bu hədis Həzrət Əli əleyhissəlamın əzəmətli və parlaq
mövqeyini zəiflətmək və Mərvan ailəsini razı salmaq üçün qoşulmuşdur.
Yoxsa bu hədisin doğruluğuna kim inanar? Maraqlı burasıdır ki, Zühri bu
hədisi Ürvə ibn Zübeyrin vasitəsi ilə Aişədən rəvayət edir, hamı da
Aişənin Həzrət Əli əleyhissəlama qarşı nə qədər kin-küdurət bəslədiyini
yaxşı bilir. Ürvə ibn Zübeyr də, bildiyimiz kimi Peyğəmbər ailəsinin
düşmənlərindən olmuşdur. İbn Əbil Hədid açıq-aşkar deyir ki, Ürvə ibn
Zübeyr də Müaviyənin Əbu Hüreyrə, Əmr ibn As və Müğeyrə ibn Şübə kimi
Əli əleyhissəlamın əleyhinə hədis düzəldənlərindən olmuşdur. Zühri
rəvayət edir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) bir gün gecə
vaxtı Əli (əleyhissəlam) və xanım Zəhranın (səlamullahi əleyha) evinə
gəlib buyurdu: "Namaz qılmırsınız?” Əli (əleyhissəlam) buyurdu: "Bizim
ixtiyarımız Allahın əlindədir, əgər O, istəsə, bizi (bu işə) vadar
edər.” Peyğəmbər (səlləllahu əleyhi və alih) bu sözü eşitdikdə, daha heç
bir söz deməyib geri döndü. Elə bu vaxt Həzrət Əli (əleyhissəlam)
eşitdi ki, Peyğəmbər dizinə vuraraq bu ayəni oxuyur: "İnsan isə ,bütün məxluqat içərisində, ən çox mübahisə edəndir. ,Haqqa boyun əyməz, öyüd-nəsihət qəbul etməyib batilə uyar.,”
Zühri belə əsassız bir hadisəni rəvayət etməklə Əli əleyhissəlamı
Cəbriyyə (məcburiyyət) əqidəsinə inanan və mübahisə edən bir şəxs kimi
qələmə verir. Bu hədisin yalan olması o qədər aşkardır ki, daha heç bir
araşdırmaya ehtiyac yoxdur. Əcəba! Kəbədə doğulub namaz mehrabında şəhid
olan şəxs namaz barədə Peyğəmbərlə mübahisə edərmi? Zühri
Həzrət Əli əleyhissəlamın dilindən belə bir hadisə nəql edir: "Mənim
qoca bir dəvəm var idi. Peyğəmbər (səlləllahu əleyhi və alih) Bədr
döyüşündə ələ keçmiş qənimətləri bölərkən onu mənə vermişdi. Peyğəmbərin
qızı Fatimə (səlamullahi əleyha) ilə evlənmək istəyərkən Bəni-Qəynüqa
tayfasından olan boyaqçı bir kişi ilə qərara gəldim ki, çölə gedib onun
köməkliyi ilə izxir otu yığıb onu boyaqçılara sataraq toy məclisi üçün
tədarük görüm. Bu məqsədlə dəvələrin yükünü, ip və kisə yığmağa
hazırlaşdım. Dəvələri ənsardan (Peyğəmbərin Mədinədəki silahdaşlarından)
birinin evinin kənarında yatızdırmışdım. Birdən gördüm ki, dəvələrin
küyünləri kəsilmiş, bellərinin üstü parçalanmış və ciyərləri
çıxarılmışdır. Bu hadisəni görüb bərk narahat oldum və dedim: "Bu işi
kim görmüşdür?” Dedilər ki, bu iş Həmzə ibn Əbdülmüttəlibin işidir. O, bir dəstə ənsarla oturub şərab içir, xanəndə bir kəniz də onlar üçün
mahnı oxuyur. Həmzə o məclisdən ayağa qalxıb qılıncını götürərək
dəvələrin küyünlərini kəsdi, bellərinin üstünü parçalayıb ciyərlərini
çıxartdı. Əli (əleyhissəlam) deyir: "Peyğəmbərin yanına getdim. Gördüm
ki, Zeyd ibn Harisə də Peyğəmbərin (səlləllahu əleyhi və alih)
hüzurundadır. Peyğəmbər (səlləllahu əleyhi və alih) mənim
narahatçılığımı görüb buyurdu: "Nə olub?” Dedim: "Heç bu cür pis iş
görməmişdim. Həmzə mənim dəvələrimin başına belə oyun açıb, indi də bir
dəstə ilə bir evdə oturub şərab içir.” Peyğəmbər (səlləllahu əleyhi və
alih) paltarını dəyişib yola düşdü. Mən və Zeyd ibn Harisə də
Peyğəmbərin (səlləllahu əleyhi və alih) ardınca getdik. Peyğəmbər
(səlləllahu əleyhi və alih) Həmzə oturan evə girib onu danlamağa
başladı. Gördüm ki, Həmzə məstdir və gözləri qızarmışdır. O, öz baxışı
ilə Peyğəmbəri (səlləllahu əleyhi və alih) başdan-ayağadək süzüb dedi:
"Məgər siz mənim atamın nökərləri deyilsiniz?” Peyğəmbər (səlləllahu
əleyhi və alih) gördü ki, Həmzə məstdir, geri dönüb evdən çıxdı. Biz də
onunla birgə eşiyə çıxdıq.” Zühri
belə istehzalı bir hadisəni nəql etməklə Peyğəmbərin (səlləllahu əleyhi
və alih) Ühüd döyüşündə qanlı cənazəsinə yetmiş dəfə meyit namazı
qıldığı böyük və parlaq simalı Həmzə kimi bir şəxsiyyəti laqeyd, şərabxor, təcavüzkar, zalım bir şəxs kimi qələmə verir. Belə ki, onun bu
işləri heç bir əxlaqi və dini ölçülərə uyğun gəlmir. Məlumdur ki, bu
nalayiq və kişilikdən uzaq olan töhmətlər Zühri tərəfindən bu məqsədlə
deyilmişdir ki, Həmzəni də belə çirkinliklərə qərq olmuş Bəni-Üməyyə
nümayəndələri tək pozğun bir şəxs kimi qələmə verib bu yolla öz Əməvi
ağalarına günahda şərik tapmış olsun. Mənbə:İmam Zeynül-Abidin əleyhissəlamın həyatı (Müəllif:Mehdi Pişvayi)
|