2 il keçdi, şanlı şəhidlikdən, cəmi 2 il...Deyiləsi söz əslində o qədər çoxdur ki! Əsrlərdir müsəlman xalqları
şəhidlik zirvəsini görürlər. Kimi uzaqdan baxıb keçir bu zirvəyə, kimi
bu zirvəyə baxib hidayət olur, kimi də Mübariz kimi bu zirvəyə çıxır.
Zirvənin də şahı yalnız İmam Hüseyndir (ə)...
O gün Mübariz bir toplum üçün nə lazımdırsa, onu etdi bəlkə də.
Toplumda süni yox, həqiqi vətənpərvərlik ruhiyyəsini qaldırmaq üçün ən
lazımı şey idi Mübarizin etdiyi – ŞƏHİDLİK.
Çox yox, 22-i yaşı var idi cəmi. Onun yaşıdları Bakıda evlərində
oturub vətənpərvərlikdən dəm vurarkən, o isə son məktubunu yazırdı
atasına və anasına. O məktub adi bir məktub deyildi əslində. Qanayan
yarası olan bir topluma bir resept idi o məktub. Gizir idi Mübariz, o
cəbhədə qalsa və dırnaqarası digər üst rütbəlilər kimi fəaliyyət
göstərsə, bir müddet sonra leytenant, kapitan və hətta mayor belə ola
bilərdi. Ən böyük arzusu bu deyildi. Ancaq aldığı hər nəfəs onu ən böyük
arzusuna aparırdı. Bütün bu rütbəlilərə dərs verə biləcək bir arzu idi
bəlkə də.
Səngər onun üçün güllədən gizlənməkdən daha çox, şəhidliyə gedən
müqəddəs yol oldu. Adına layiq oldu o, seyid idi. İmam Hüseynin (ə)
yolçusu kimi şəhid oldu. Mübariz idi, mübarizə apardı.
İllərdir bu günü gözləyirdi Mübariz. Hərbi məktəbdə hər səhər
dostlarını yuxudan durquzub, onları məşqə çağırıb və onlarla birgə məşq
edərkən şəhidlikdən danışarkən, Mübariz bu günün xəyalını qururdu bəlkə
də.
Silahlarını götürdü, ana vətənə - Qarabağa doğru yollandı. Son dəfə
arxasına baxdı bəlkə də, «geri qayıdsanmı?» düşüncəsi ilə deyil, fəxrlə
baxdı vətənə. Vətənin dar günündə ürəyi dözmürdü, "Vətən, bax, sənin
uğrunda ölməyə gedirəm” deyərmişcəsinə baxdı vətənə. Vətən də onu göz
yaşları ilə yola saldı sanki...
1 kilometirlik minalanmış ərazini keçdi. Hər an şəhidlik məqamına
çata bilərdi artıq. Bir an belə kəlmeyi-şəhadəti dilindən düşmürdü bəlkə
də. Nəhayət, düşmən tərəfdə idi. Qəribədir, düşmən tərəfdə, amma özünü
vətənində hiss edirdi. Bu hiss onu şəhidliyə olan şövqünü birə on
artırırdı.
Atışma başladı. Atdığı hər güllədə Mübarizin gözünün önünə qulağı,
başı kəsilmiş uşaqlar gəlirdi, 20 ildir hər il böyüyən vətən həsrəti
gəlirdi. Atdığı hər güllə onu şəhidliyə aparırdı. O güllə səslərinin
yerinə onun qulağına şəhid olmuş körpələrin analarının naləsi gəlirdi
bəlkə də.
Nəhayət arzusuna çatdı Mübariz, ceddinin yanina ebedi qonaq getdi.
Yenə vətənə baxir o, Bakıda belə olsa üzü Qarabağadır. Fəxrlə yatdığı
şəhidlik məzarında Qarabağda yenidən şəhid olmaq şövqü ilə yatır
sanki...
Ruhun şad olsun, şəhidim!
Murad Həsənzadə
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Jurnalistika Məktəbinin dinləyicisi