1918-ci ildə qurulmuş Ermənistan
Respublikasının ilk baş naziri olmuş, Sovetlər hakimiyyətə gələndən
sonra yurd dışına yerləşmiş bir daşnakdır o. Və etiraflarının yer aldığı
kitab da, əslində, onun hazırladığı bir hesabatdır. 1923-cü ildə
Daşnaksutyun Partiyasının Buxarestdə keçirilən qurultayında Ermənistanın
artıq mühacirətdə olan keçmiş baş naziri Ovanes Kaçaznuni türk
millətinə, Ümumqafqaz evinə qarşı tutduqları yanlış mövqeyi, Avropa
ölkələrinə və Rusiyaya yarınmaq üçün səhv yola getdiklərini çılpaqlığı
ilə dilə gətirir. Yetərincə uzun olan bu hesabat günümüz baxımından,
özəlliklə də ermənilərlə münasibətlərin müzakirəsi zamanı çox faydalı
ola bilər. Beləliklə, keçmiş baş nazir Ovanes Kaçaznuni nələri etiraf
edir?
"1914-cü ilin payızında Türkiyə hələ savaşan tərəflərdən birinə
qatılmamış, ... Güney Qafqazda erməni könüllü birlikləri təşkil edilməyə
başladı.” – Anlaşılan budur ki, Osmanlı Türkiyəsinin ermənilərlə işi
yoxmuş. Sadəcə, Türkiyə dışındakı ermənilər sonradan iç erməniləri də
ayaqlandıracaq hərəkatlara həvəslənmiş görünür.
"1914-cü ilin payızında erməni könüllü birlikləri quruldu və dərhal
türklərə qarşı fəaliyyətə keçdi.” – Artıq xoruzun quyruğu göründü.
Kitabda nədən belə bir zərurətin olduğu haqqında heç nə deyilmir.
"Günümüzdə kimin suçlu olduğunu soruşmaq da anlamsızdır. ... Yepiskop
Mesrop, Xatisov, dr. Zavriyev, Arutyunov, Dro və Andranik olmasaydı,
başqaları ortaya çıxacaq və eyni işləri edəcəkdi.” – Demək ki, bunların
xisləti istənilən halda belə qatilləri yetişdirməliymiş.
"Ağlımız dumanlanmışdı. Biz öz istəklərimizi başqalarının adına
çıxaraq, məsuliyyətsiz adamların boş sözlərinə böyük önəm verərək və
özümüzə etdiyimiz hipnozun təsirilə gerçəkləri anlamadıq və xəyallara
qapıldıq.” – Acı bir etirafdır doğrusu.
"Türklər nə etdiklərini bilirdi və bu gün peşmanlıq duymalarını zəruri
edən bir əsas yoxdur.” – O dönəm olaylarında türkləri günahlandıranlar
üçün açıq və aydın bir etiraf!
"Pis taledən şikayət etmək və fəlakətlərimizin səbəblərini kənarda
axtarmaq milli psixologiyamızın xarakteristik bir özəlliyidir və
Daşnaksutyun Partiyası da bundan qaça bilməmişdir.” – Əsl erməni xisləti
bu bir cümlədə çox aydın ifadə edilmişdir.
"Ermənistan tatarlara aid Şərur-Naxçıvan olmadan yaşaya bilməzdi...” –
Niyə, ay balam? Demək ki, Ermənistan adında bir şey yoxmuş ki,
"tatarlara aid” torpaqlara göz dikirsiniz də...
"Daşnaksutyun Bakıda tatar hakimiyyəti qurulmasından əndişə duyaraq
yerli bolşeviklərlə sıx əlaqələrə girmişdi və onlara yardım edirdi.” –
Daşnakların əzəli və əbədi türk yurdu, Azərbaycan torpağı olan Bakıda
aborigen xalqın hakimiyyətə gəlməsinə qarşı çıxdığına açıq şəkildə işarə
edilir.
"Bolşeviklər bizim dəstəyimizi alaraq Bakıda Müsavatı darmadağın
etdilər (mart, 1918); biz isə bolşeviklərin rus ünsürlərinin yardımıyla
Bakını türk-tatar hücumundan qoruya bildik.” – Mart, 1918-ci il Bakı
soyqırımı üçün bundan gözəl etiraf ola bilməz yəqin ki.
"Ordumuzda çox sayda rus zabit xidmət edirdi... Hərbi əməliyyatların
başlaması üçün çox gərəkli olan düşmənlik atmosferini formalaşdırmaq
amacıyla bizim hərbi dairələri də böyük ehtimalla onlar
qızışdırmışdılar.” – Necə də günümüzdəki duruma bənzəyir, deyilmi? Yenə
də "atan kazaklardır”...
"Azərbaycanla az-çox qəbul edilə biləcək bir keçici anlaşmaya vara
bilmədik. Müsəlman bölgələrin idarə edilməsində düzən təmin edə
bilmədik; silah tətbiq etmək, ordu yeritmək, yıxmaq və qətliam törətmək
zorunda qaldıq, hətta bu məsələlərdə də başarısız olduq ki, bu da heç
şübhəsiz iqtidarın nüfuzunu sarsıtdı. Vedibasar, Şərur-Naxçıvan kimi
önəmli məntəqələrdə öz iqtidarımızı silah gücüylə belə qura bilmədik,
yenildik və geri çəkildik.” – Bu da daha bir soyqırım etirafı və daha
maraqlısı, adı keçən torpaqların Azərbaycana aidliyinin təsdiqi. Orada
erməni əhali olsaydı soyqırım cəhdləri olmaz, üstəlik də həmin torpaqlar
rahatlıqla daşnaklar tərəfindən işğal edilə bilərdi.
"28 may 1919-da parlament Ermənistanı "birləşmiş” elan etdi. ... Türk
hakimiyyəti altındakı erməni torpaqlarının da Ermənistana qatıldığını
elan etdi... Bu addım Türkiyə ermənilərinin bir qismi tərəfindən öz
haqlarının qəsb edilməsi kimi dəyərləndirildi...” – Hətta Osmanlı
Türkiyəsindəki ermənilərin özləri belə daşnakların bu iddiasının əsassız
və ağılsız olduğunu başa düşür və dəstəkləmirdi demək...
"Biz savaşdan qaçmaq üçün etməli olduğumuz heç nəyi etmədik. Sonuclar
bir yana, türklərlə ortaq bir anlaşma zəmini tapmaq üçün var gücümüzlə
çalışmalıydıq. Elə biz də bunu etmədik.” – Açıq şəkildə etiraf edilir
ki, savaşa meyl edən məhz ermənilərin özü olub. Yəni anlaşılır ki,
türklər belə bir durumda müdafiə olunmağa məcbur ediliblər.
"Sərhədimizdə hərbi əməliyyatlar başladığında türklər bizimlə ...
görüşməyi təklif etdilər. Biz isə onların təklifini rədd etdik. Bu,
böyük bir xəta idi.” – Daha bir dəfə yuxarıdakı fikrimiz təsdiq
edilir...
"... əfv edilməz bir gerçək budur ki, biz savaşdan qaçmaq üçün heç nə
etmədik, əksinə, savaş üçün səbəblər yaratdıq.” – Bu isə artıq üçüncü
dəfə eyni fikrin təsdiq edilməsidir...
"1919-cu ilin yazında ... tələbləri ... müttəfiq dövlətlərə ... təqdim
etdilər. ... aşağıda adı keçən torpaqların Ermənistan dövlətinin
sərhədləri içinə keçməsi gərək idi: ... İrəvan əyalətinin tamamı,
Ərdəhanın quzey qismi xaric Qars vilayəti, Tiflis əyalətinin güney
kəsimi, Yelizavetpol əyalətinin güney-batı kəsimi, ...Van, Bages,
Diyarbəkir, Harberd, Sivas, Karin, Trabzon, ... Maraş, Sis,
Cəlal-Bərəkət, Aleksandritta və Adana.” – Doğrudan da bir millət xəstə
olmalıdır ki, heç zaman ona aid olmayan torpaqlara iddia etsin. Adı
keçən torpaqlarda heç bir zaman nəinki erməni dövləti olmayıb,
ümumiyyətlə oralarda erməni yaşamayıb, yaxud da çox az sayda yaşayıb.
"Qara dənizdən Aralıq dənizinə, Qarabağ dağlarından ərəb çöllərinə
uzanan böyük Ermənistan ... tələb edilməkdəydi.” – Xəstə təxəyyülün daha
bir təsdiqi üçün bundan artıq etirafa gərək qalmır zatən.
"Bu qəribə və inanılmaz bir durumdur. Amma bu tələbi Paris erməniləri
önə sürdü və bizim nümayəndələr də koloniyalarda hakim olan mövqeyə
uydu.” – Və olayın arxasındakı barmaq budur! Paris erməniləri! Əslində,
Paris erməniləri bu cür xülyaları özündən uydurmurdu, onları hərəkətə
keçirən Türk düşmanlığından heç bir zaman qurtulmayacaq fransızlar idi
ki, günümüzdə də eyni halı müşahidə etməkdəyik.
"Dövlət ilə partiyanı ayıra bilmir və partiya ideologiyasını dövlət
işlərinə qarışdırırdıq. Biz dövlət adamları deyildik.” – Bu etirafla
Ovanes Kaçaznuni, əslində, ermənilərin bir dövlət gələnəyinin
olmadığını, ümumiyyətlə onlarda dövlət adamının yoxluğunu dilə
gətirməkdədir.
Kitabda bu cür etiraflar yetərincədir. Ümumiyyətlə isə deyə bilərik ki,
həmin kitab elə başdan ayağa ermənilərin qapıldığı xəyallar, türklərə
qarşı düşmən mövqedə olmaları, Rusiya və bəzi Avropa dövlətləri,
həmçinin ABŞ-a ümid edərək yanlış yola düşmələri haqqında böyük və
sənədli bir etirafdır. Elə bunu anlayan Ovanes Kaçaznuni təmsil etdiyi
partiyanın – Daşnaksutyunun bütün bunlardan nəticə çıxararaq özünü
buraxmasını təklif edir və deyir: "Bəli, intihar təklif edirəm. Partiya
özünü buraxmalıdır. Çünki artıq edə biləcəyi heç bir iş qalmamışdır”.
Bir daha xatırladırıq ki, bu etirafların yer aldığı hesabat 1923-cü ilin
aprel ayına təsadüf edir.
Yeri gəlmişkən onu da əlavə edək ki, adı keçən hesabat Ermənistanda yasaqlanmışdır və kimsə onu dərc etdirib yaya bilməz.
P.S. Maraqlananlar üçün kitab haqqında bilgilər: Ovanes Kaçaznuni
(Ermenistanın ilk Başbakanı). Taşnak Partisinin yapacağı bir şey yok
(1923 Parti Konferansına rapor), Kaynak Yayınları, 23. Basım, Ocak 2009.
İstanbul. ISBN: 978-975-343-438-6 http://faktxeber.com
Azər Həsrət
|